Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 19:58

İnsanlar işlərindən niyə məyus olurlar


İş
İş

İnsanlar özlərinə peşə seçəndə bəzən onu romantikləşdirirlər. Ancaq sonra gündən-günə adi işlərlə məşğul olanda ruhdan düşürlər. Məsələn, data təhlili və süni zəka sahəsində iş tapan adamlar gözəl alqoritmlər yaradaraq böyük problemləri həll edəcəklərini gözləyirlər. Reallıqda isə yalnız data toplamaq və təmizləmə kimi maraqsız işlərlə məşğul olurlar. Beləliklə də işçinin maraq dairəsi xaricində olan işlər onun startapda işləmək həvəsini öldürür. Hətta menecment kimi tərifli işlə məşğul olanlar, şirkətin idarə komandasına keçənlərin belə hamısı bundan çox da məmnun qalmır və bu vəzifələri özləri üçün tramplin kimi görür.

"İnsanlar elə bilir..."

"The Conversation" jurnalında çıxan məqalədə deyilir ki, insanlar media, moda, kino, incəsənət, aktyorluq və digər mədəniyyət sahələrində karyeranı romantikləşdirirlər. Ancaq işin özü çox vaxt qlamurdan çox gündəlik zəhmətli qaç-qovdan ibarət olur. İstənilən iş xüsusən də başlanğıc səviyyəsində zəhmətlidir.

Mütəxəssislər gözləntilərlə gündəlik reallıq arasındakı bu boşluğa ad da qoyublar. Monrealda yerləşən Makqill Universitetindən Menecment fakültəsinin professoru Liza Koen ilə Şimali Kentukki Universitetinin professoru Sandra Spataronun 2018-ci ildə birgə apardığı araşdırmanın hesabatında bu fenomenə "parıltılı iş" adı qoyulub.

Tədqiqatçılar qlamur bir sahədə, yüksək statuslu qurumlara işləyən, lakin hər gün aşağı səviyyəli tapşırıqları yerinə yetirməli olan işçilərlə söhbət ediblər. İşçilər gördükləri işlə işin yerləşdiyi məkan arasında dissonans hiss etdiklərini deyiblər. "Jurnalda işlədiyin üçün, nə iş görməyindən asılı olmayaraq, insanlar elə bilir, sən bir növ kral ailəsinin üzvüsən", – onlardan biri deyib.

Tədqiqatçılar bu fenomenin insanlara təsirini araşdırıblar.

Fərqli təqdimat

İşçilər üçün parıltılı iş dissonansı mövcud iş yerini dəyişmək cəhdləri, məyusluq və işdən tez getmək ehtiyacına yol aça bilər. Parıltılı iş fenomeni həm də işi və özünü dünyaya necə təqdim edəcəyinlə bağlı dilemma yaradır. Bu halda isə onların özlərini reallaşdırmaq ehtiyacı ilə səmimi olmaq və başa düşülmək ehtiyacı arasında ciddi dissonans yaranır.

Araşdırma bu insanların fərqli auditoriyalar qarşısında öz işlərini fərqli təqdim etmələrinə diqqət yetirib. Məsələn, onları heç tanımayan insanlarla ümumi yığıncaqlarda işlərinin qlamur tərəflərini qabardırlar. Müdirləri olan jurnalistlərlə münasibətdə isə yalnız öz bacarıq və status çərçivələrində qalmağa çalışırlar. İşçilərin danışdıqları adamın kimliyindən asılı olaraq özlərini fərqli təqdim etməsi o deməkdir ki, şirkətin daxilindən xəbəri olmayan insanlar onların barəsində yarımçıq, yaxud qərəzli məlumat alırlar. İşin ümumi təbiəti çox vaxt qlamur örtükdə təqdim olunur. Bu isə potensial olaraq belə bir işdə çalışmaq istəyənlər üçün problemdir. Onlarda yanlış gözləntilər yaranır və beləliklə məyusluq zənciri davam edir.

Potensial işçilər qəbul etmək istədikləri işin mahiyyəti ilə bağlı daha dərin araşdırma aparmaqla düzgün qərar verə bilərlər. Onlar bu işdə daha əvvəl çalışmış bir neçə adamla məsləhətləşə, onlara işin gündəlik tələbləri haqda suallar verə bilərlər.

İşəgötürənin vəzifəsi

"Parıltılı iş", eyni zamanda, rəhbərlərə də ziyan vurur. Onlar bu sonsuz çarxı dayandırmaq üçün vəzifənin təsvirini realist çərçivədə saxlaya bilərlər. Yəni, işin qlamur və daha az qlamur tərəflərini balanslı şəkildə göstərə bilərlər.

Bundan başqa, işəgötürənlər vəzifələrin paylanmasının alternativ yollarını nəzərdən keçirə bilərlər. Məsələn, heç kimin sevmədiyi işləri işçilər arasında paylaşdıra bilərlər. Beləliklə, onların hamısı bir-iki əməkdaşa yüklənməz.

Həmçinin, işçilərin öz vəzifələrini təhrif etmək cəhdlərini maraq və açıqlıqla qarşılamaq olar. Bu, şirkət daxilində yeni imkanlara qapı aça, işçi məmnuniyyətini yüksəldə bilər.

Bir də, işəgötürənlər çox tez-tez vəzifələrin təsvirində "həvəs" sözünü işlədirlər. Məqalədə deyilir ki, həvəs işçi üçün tələb ola bilməz. Qismən ona görə ki, həmin həvəs əsasında işə götürülən əməkdaşa o həvəsə uyğun olmayan işlər həvalə edəndə problemlər yaranır.

XS
SM
MD
LG