Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:28

İrqçiliklə bağlı kitablar bestseller olub


ABŞ-da irq və irqçilik haqda kitablar ümummilli bestsellerə çevrilib
ABŞ-da irq və irqçilik haqda kitablar ümummilli bestsellerə çevrilib

Afroamerikalı George Floyd-un ağdərili polisin əlində ölməsindən sonrakı həftələr ərzində ABŞ-da irq və irqçilik haqda kitablar ümummilli bestsellerə çevrilib. Kitab dükanları Robin DiAngelo-nun "Bəyaz həssaslıq" (White Fragility), Ibram X.Kendi-nin "Necə antirasist olmalı" (How to Be an Antiracist) və bu qəbildən olan digər kitabları satıb bitirir.

"İnsanlar təkcə irq məsələsinə münasibətdə dəyişikliyi dəstəkləmək üçün yürüş etmirlər. Onlar həm də öz üzərilərində çalışırlar", – Floridada çıxan "Tampa Bay Times" qəzeti yazır.

750 min nüsxəsi satılan, 13-cü nəşri çıxan kitablar var

Robin DiAngelo-nun 2018-ci ildə kiçik qeyri-kommersiya nəşriyyatı olan "Beacon Press"də çıxan "Bəyaz həssaslıq" kitabı bu nəşriyyatın ən çox satılan kitabına çevrilib. Kitabın 750 min nüsxəsi satılıb.

Alim, şərhçi və Florida Universitetinin keçmiş professoru Ibram X.Kendi-nin "Necə antirasist olmalı" kitabınınsa artıq 13-cü nəşri çapdan çıxıb. Onun daha iki kitabı, Milli Kitab Mükafatına layiq görülmüş "Əvvəldən möhürlənmiş" (Stamped From the Beginning) və onun yeniyetmələr üçün hazırlanmış versiyası olan "Stamped" də bestsellerlərin ilk onluğundadır. Müəllifin illüstrator Ashley Lukashevsky ilə birgə yazdığı "Antirasist körpə" (AntiRacist Baby) kitabı isə çapdan çıxdığı tarixdən əvvəl bestsellerə çevrilmişdi. İnsanlar onu öncədən sifariş edirdilər.

Satışı kəskin artmış kitablar arasında Michelle Alexander-in "Yeni Cim Krou" (The New Jim Crow), Ijeoma Oluo-nun "Deməli, sən irqdən danışmaq istəyirsən" (So You Want Talk About Race) və Layla F.Saad-ın "Mən və ağların üstünlüyü" (Me and White Supremacy) kitabları da var.

Floridanın Tempa şəhərində fəaliyyət göstərən "Oxford Exchange" adlı kitab dükanının müdiri Laura Taylor irq və irqçilik haqda kitabların həddindən artıq çox satıldığını deyib. Bu dükan noyabrda Ibram X.Kendi-ni oxucularla görüşə də dəvət edibmiş.

Taylor həmçinin, qaradərili yazıçıların bədii əsərlərinin də yaxşı satıldığını deyib. O, bunların arasında "İtməkdə olan yarım" (The Vanishing Half), "Gözəl yaş" (Such a Fun Age) və "Nikel akademiyasının oğlanları" (The Nickel Boys) romanlarının adını çəkib. Hər üç romanda qaradərili insanların həyatından söz açılır. "The Vanishing Half" romanında qaradərili olduğu bilinməyəcək qədər ağ olan iki əkiz bacının yollarının ayrılmasından, digər iki romanda isə qaradərili yeniyetmələrin polis təqibinə məruz qalmasından söz açılır.

Maraq artıb

İçərisində həm də kafesi olan "Oxford Exchange" dükanı qapılarını müştərilərin üzünə açdığı üçün satış sayı bir qədər də artıb. Bu dükan müəlliflərin oxucularla görüşlərini təşkil etməklə də məşhurdur. Bir neçə aylıq fasilədən sonra keçirilən ilk belə görüşün qonağı televiziya aparıcısı Linda Hurtado olub. Linda Bond ləqəbi ilə yazan müəllif "Flatline" adlı kitabının təqdimatını edib.

Tempa şəhərində yerləşən "Mojo Books and Records" dükanının sahibi Melanie Cade də irqi məsələləri gündəmə gətirən kitablara tələbatın "əhəmiyyətli dərəcədə" artdığını deyib. Dükan bir neçə kitabı satıb bitirdikdən sonra yenidən sifariş etməli olub.

Həm yeni, həm də işlənmiş kitabların satışı ilə məşğul olan bu dükan müştərilər arasında sosial məsafənin gözlənilməsi üçün ciddi tədbirlər görür. "Biz, eyni zamanda, Afrika-Amerika elmləri, irq, Afrika tarixi ilə bağlı sosiologiya kitabları, habelə qaradərili müəlliflərin bədii əsərlərinə marağın artdığını görürük", – Cade deyib.

"Əvvəllər gün ərzində bircə nəfər belə Afrika-Amerika elmləri bölməsinin harada olduğunu soruşanda sevinirdik. İndi isə günün çox hissəsi insanlar bu bölmədəki kitablarla maraqlanır", - o deyib.

XS
SM
MD
LG