Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:17

Molla rejimini ‘gəmisini uçuruma aparan sərxoş kapitana’ bənzədən fəal həbs olunub


Abdulla Momeni
Abdulla Momeni

İranlı siyasi fəal Abdulla Momeni ruhaniləri təsvir edərək, onları, gəmisini uçuruma aparan sərxoş kapitana bənzədib. Momeni deyib ki, gəmidəki sərnişinlər çox gec olmadan nəzarəti ələ almalı və istiqaməti dəyişdirməlidirlər.

Momeni İran xalqının hazırda belə bir vəziyyətlə üzləşdiyini deyib: “İranı xilas etmək üçün bir yol tapmağa çalışmaq, övladlarının bu günü və sabahının məhv olmasının qarşısını almaq istəyi – insanların təbii reaksiyasıdır”.

Əvvəllər həbsdə olan keçmiş tələbə lideri Momeni, bu fikirləri məşhur "Clubhouse" proqramında virtual tədbirdə deyib. Onlarla hüquq müdafiəçisi, siyasi məhbus və akademik İranın yeni, demokratik siyasi sistemə keçidinə çağırıb.

Həbslər

Bir neçə gün sonra, aprelin 27-də polis Momenini Tehrandakı evində həbs edərək, elektron cihazlarını müsadirə edib.

Virtual tədbirə qoşulan jurnalist Kayvan Samimi və siyasi fəal, eyni zamanda nəşriyyatçı Əlireza Beheşti Şirazi də həbs olunublar.

Həbslər ölkəni aylardır sarsıdan hakimiyyət əleyhinə etirazlardan sonra, müxalifətə qarşı repressiyaların fonunda baş verib. Sentyabrda başlayan nümayişlər son illərdə dini rejimə qarşı ən böyük etiraz idi.

Mitinqlər zamanı etirazçılar daha çox sosial və siyasi azadlıqların təmin edilməsini və ruhani idarəçiliyin dayandırılmasını istəyiblər. Müxalifət və vətəndaş cəmiyyəti qrupları etirazçıların tələblərinin referenduma çıxarılmasını, yeni siyasi sistemə yol aça biləcək konstitusiya layihəsinin hazırlanmasını tələb ediblər.

“İranı xilas etmək”

Aprelin 21-də keçirilən “İranı xilas etmək” adlı "Clubhouse" tədbirində İran daxilindən və xaricdən 40-dan çox tanınmış şəxs çıxış edib. Bu fiqurların bir çoxu dini qurumların siyasi repressiyalarına və iqtisadi səriştəsizliyinə etiraz ediblər. Həbsdə olan hüquq müdafiəçisi Narges Mohammadi, islahatçı siyasətçi Mustafa Taczadə və sosioloq Səid Mədəni də daxil olmaqla doqquz iştirakçı həbsxanadan yazılı şərhlərini paylaşıb.

İştirakçılardan bəziləri 2011-ci ildən ev dustaqlığında olan keçmiş baş nazir, müxalifətçi Mir Hüseyn Musəvinin keçmiş köməkçiləri və ya məsləhətçiləri olub.

Fevralda İranın siyasi dini sistemini “fundamental transformasiya”ya çağıran 80 yaşlı keçmiş baş nazir “azad” referendum və yeni konstitusiya layihəsinin hazırlanmasını təklif edib. Təklif ölkə daxilində və xaricində aparıcı simalardan dəstək alıb.

Musəvinin müşaviri vəzifəsində çalışmış Əlireza Beheşti Şirazi aprelin 25-də həbs edilib. Virtual görüş zamanı o, “dəyişiklik mütləqdir və biz özümüzü buna hazırlamalıyıq” deyib.

“Böhran burulğanı”

Musəvinin 2009-cu il prezident seçkiləri kampaniyasının rəhbəri Ghorban Behzadian Nejad "Clubhouse" toplantısından sonra dindirilməyə çağırılıb. Nejad tədbirdə demişdi ki, İran “böhran burulğanına” düşüb.

Polisin onun Tehrandakı evində axtarış apardığı, şəxsi əşyalarını müsadirə etdiyi bidlirilir. Onun dünən – aprelin 30-da məhkəmə qarşısına çıxarılacağı gözlənilirdi.

Virtual görüşdə iştirakına görə həbs edilən təcrübəli jurnalist Samimi, ölkə daxilində və xaricdə rejimə qarşı olan iranlıları, bir araya gələ biləcəkləri demokratik “cəbhə” yaratmağa çağırıb.

Samimi görüşdə nümayiş etdirilən videomüraciətdə deyib: "Ölkə daxilində insanlar təzyiq, təhdid və həbslərlə üzləşə bilər, lakin qorxmayın. Çünki xarici cəbhədən olan digər şəxslər, təzyiq göstərmək üçün beynəlxalq təşkilatlar və hətta bəzi hökumətlərlə işləyəcəklər. Həbs olunacaq şəxslərin azad olunmasını təmin edəcəklər”.

Dialoq platforması

"Clubhouse" analitiklər, jurnalistlər və müxalifəti dinləmək üçün virtual söhbət otaqlarına qoşulan iranlılar arasında əsas dialoq platformasına çevrilib. Aprelin 21-də keçirilən müzakirələr ictimaiyyət üçün açıq olub və çıxış edənlərin siyahısı əvvəlcədən açıqlanıb.

Momeni, Şirazi və Samiminin nədə ittiham olunduğu bəlli deyil.

İran dövlət televiziyasına bağlı "Jamejamonline" xəbər saytı bildirib ki, Şirazi və Nejad “ölkə xaricində müxalifət və inqilab əleyhdarı olan şəxslərlə” əlaqədə olmaqda suçlanır.

Virtual görüşün təşkilatçılarından biri, Parisdə yaşayan siyasi fəal Məhəmməd Cavad Əkbəreynin sözlərinə görə, dövlət repressiyalarla narazıların qarşısını ala bilməyəcək:

“Bəli, hakimiyyət onları həbs edir. Onlar görüşə görə artıq üç nəfəri həbs ediblər və daha çox həbslər ola bilər. Lakin rejim bütün (repressiya) vasitələri ilə xalqın cəsarətini cilovlaya bilməyirsə, artıq uğursuzluğa düçar olub".

XS
SM
MD
LG