Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:29

Co Bayden: Həmas ləğv edilməlidir, amma...


İsrail tankları
İsrail tankları

ABŞ prezidenti Co Bayden CBS telekanalına müsahibəsində deyib ki, radikal Fələstin qruplaşması Həmas tam şəkildə ləğv olunmalıdır.

Amma o bununla yanaşı qeyd edib ki, Qəzzanın İsrail tərəfindən işğalı böyük səhv olardı.

Baydenin sözlərinə görə Fələstin dövlətinin yaradılması üçün yolların axtarılması zəruridir.

ABŞ prezidenti bu müsahibədə habelə Livandakı Hizbullaha münaqişəyə müdaxilə etməməsi üçün xəbərdarlıq edib.

Bu yaxınlarda İran bildirmişdi ki, Qəzzanın atəşə tutulması dayandırlmasa, o bu münaqişəyə müdaxilə etməli olacaq.

İsrail özü isə hazırda Həmas silahlılarının məhv edilməsi məqsədilə Qəzza zolağına yerüstü əməliyyata hazırlaşır.

Bundan əvvəl Qəzzanın dinc sakinlərinə bölgənin cənub hissəsinə keçmələri tövsiyə olunmuşdu.

İsrailin verdiyi məlumata görə yarım milyonadək qəzzalı artıq həmin əraziyə keçib.

Suyun verilməsi bərpa olunub

Bu arada məlum olub ki, İsrail Qəzza zolağının cənub hissəsinə suyun verilməsini bərpa edib.

Bu da xəbər verilir ki, oktyabrın 16-da səhər Misirlə sərhəddəki Rəfah keçidi xaricilərin çıxması üçün açıq olacaq.

Eyni zamanda bu keçiddən Qəzza zolağına humanitar yüklər gətiriləcək.

Qəzzadan verilən xəbərlərdə deyilir ki, İsrailin atəşə tutması nəticəsində 2450 nəfər həlak olub.

Oktyabrın 7-də Həmas silahlılarının hücumu başlayandan bəri 1400 israilli həlak olub.

İsrail ordusunun məlumatına görə Həmas hələ də 155 nəfəri girov saxlayır.

BMT-nin baş katibi Antonio Quterriş Həması bütün girovları qeyd-şərtsiz azad etməyə çağırıb.

ABŞ-dan xəbərdarlıq: Yaxın Şərq müharibəsi genişlənə bilər

Birləşmiş Ştatlar İsraillə "Həmas" Fələstin silahlı qruplaşması arasında münaqişənin Yaxın Şərqə genişlənə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bu halda neftlə zəngin regionu münaqişə bürüyə bilər.

ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan (Jake Sullivan) oktyabrın 15-də deyib ki, "Hizbullah", yaxud İranın İsrailin "Həmas"la müharibəsinə cəlb olunacağı riski var.

"Bu münaqişənin genişlənməsi, şimalda ikinci cəbhənin açılması və, əlbəttə ki, İranın cəlb olunması riski var", – o, CBS-in "Face the Nation" proqramına deyib.

"Hizbullah" İsrailə şimaldan hücum edərsə...

Sallivanın sözlərinə görə, ən çox Livanda yerləşən "Hizbullah" qruplaşmasının İsrailə şimaldan hücum edə biləcəyindən narahatdır.

Son bir həftədə İranın dəstəklədiyi "Hizbullah" terror qruplaşması ilə İsrail qüvvələri arasında kiçik toqquşmalar olub.

Bu arada İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian İsrailə Qəzza zolağını işğal etməməklə bağlı xəbərdarlıq edib. O deyib ki, bu halda Tehran seyrçi kimi qalmayacaq.

İsrail qüvvələri günlərdir Qəzza zolağını atəş altında saxlayır və anklavı idarə edən "Həmas"ı oradan çıxarmaq üçün quru əməliyyatına hazırlaşır.

Silahlılar İsrailin cənubuna girəndən bir gün sonra, oktyabrın 8-də İsrail "Həmas"a müharibə elan edib. Müharibədə azı min israillinin öldürüldüyü bildirilir.

İsrail deyib ki, "Hizbullah" hücum edərsə, iki cəbhədə vuruşa bilər.

İranla özəl kanallar

Sallivanın dediyinə görə, bu həftə Bayden administrasiyası Konqresə təzyiq göstərərək İsrailə milyardlarla dollar hərbi yardımı nəzərdə tutan fövqəladə xərclər layihəsinin qəbul olunmasına çalışacaq. O, həmçinin administrasiyanın şərqi Aralıq dənizinə, İsrailin yaxınlığına ikinci təyyarədaşıyan zərbə qrupunun yerləşdirilməsinə göstəriş verdiyini deyib. Məqsəd "Hizbullah", yaxud İranın münaqişəyə qoşulmasının qarşısını almaqdır.

Birləşmiş Ştatların 1980-ci ildən İranla rəsmi diplomatik münasibətləri yoxdur. Amma Sallivan deyib ki, Ağ evin İranla gizli kommunikasiya vasitələri var.

"Son günlər açıq şəkildə dediyimizi özəl formada aydınlaşdırmaq üçün həmin vasitələrdən yararlanmışıq", – o vurğulayıb.

Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron) oktyabrın 15-də iranlı həmkarı Ebrahim Rəisi ilə birbaşa danışıb, Tehrana münaqişəni xüsusilə Livana genişləndirməməklə bağlı xəbərdarlıq edib.

Blinken İsrailə qayıdır

ABŞ dövlət katibi Entoni Blinken (Antony Blinken) isə Yaxın Şərqdə səfərdədir. O, Qətər, İordaniya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misirə səfərdən sonra oktyabrın 16-da İsrailə qayıdacaq. Bayden administrasiyası münaqişənin qarşısını almağa, həll yolu tapmağa, Qəzzadan qaçqınlara kömək etməyə çalışır.

"Getdiyim ölkələrin hər biri bu münaqişənin yayılmaması məsələsində qəti mövqe tutur. Bunun baş verməməsi üçün onlar öz nüfuzlarından, öz əlaqələrindən istifadə edirlər", – Blinken oktyabrın 15-də Qahirədən çıxarkən söyləyib.

Dünyada neft hasilatının 30 faizə qədəri Yaxın Şərqin payına düşür. Münaqişənin genişlənməsi isə neftin barelinin 100 dolları keçməsi deməkdir. Bu arada bütün dünya inflyasiyanın qarşısını almağa çalışır.

XS
SM
MD
LG