Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:45

İD Kabil aeroportuna 6 raket atdığını deyir


Raketlərin atıldığı bildirilən avtomobil
Raketlərin atıldığı bildirilən avtomobil

Hazırda ABŞ qüvvələri əsasən amerikalı diplomatların və özlərinin təxliyəsinə fokuslanıblar

“İslam Dövləti” (İD) silahlı qruplaşması avqustun 30-da Kabil aeroportuna 6 raketin atılmasına görə məsuliyyəti götürüb.

Qruplaşmaya məxsus “Nasher News” Telegram kanalında bəyan edib ki, hücum zamanı altı Katyuşa atılıb.

ABŞ rəsmiləri isə aeroporta atılmış beş raketin havadan müdafiə sistemi tərəfindən aşkarlandığını deyirdi.

***

“Frans Pres” agentliyinin fotoqrafı aeroportun 2 kilometrliyində dağılmış maşını, arxa oturacağında isə buraxıcı sistemi lentə köçürüb.

“AP” şahidlərə istinadla raketlərin aeroport yaxınlığında Salim Karvan deyilən əraziyə atıldığını yazır. Partlayışlardan sonra atışma baş verib.

Agentlik ABŞ hərbi yük təyyarələrinin raket atəşindən sonra aeroportdan təxliyəni davam etdirdiyini xəbər verir.

***

Ağ ev Kabil aeroportuna raket hücumunu təsdiqləyib. Məlumata görə, Prezident Co Baydenə aeroportda “əməliyyatların fasiləsiz davam etməsi haqda bilgi verilib”, prezident “qüvvələrimizin qorunması tədbirlərini ikiqat artırmaqla bağlı göstərişini təsdiqləyib”.

***

Avqustun 30-da səhər Kabil aeroportuna bir neçə raket atılıb. Bu, ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılacağı son tarixə bir gün qalmış baş verir.

ABŞ rəsmisinin “Reuters”ə deməsinə görə, aeroporta atılmış beş raket havadan müdafiə sistemi tərəfindən aşkarlanıb.

Raketlərin hamısının məhvi edilib-edilmədiyi bəlli deyil, amma yerli sakinlər küçələrə qəlpələr töküldüyünü deyiblər. Xəsarət alanlar haqda məlumat yoxdur.

Əməliyyatın son saatları

Prezident Co Bayden Talibanla razılaşmaya uyğun olaraq ABŞ qüvvələrini avqustun 31-dək çıxarır və təxliyələri yekunlaşdır. Taliban iki həftə öncə Kabili ələ keçirəndən ölkədən 117 mindən artıq insanın çıxarıldığı xəbər verilir.

Hazırda ABŞ qüvvələri əsasən amerikalı diplomatların və özlərinin təxliyəsinə fokuslanıblar.

Bayden və ABŞ-ın digər aparıcı rəsmiləri Kabil əməliyyatının son saatlarının həddən artıq təhlükəli ola biləcəyi haqda xəbərdarlıq ediblər.

Avqustun 29-da Kabil yaxınlığında maşına dron zərbəsi endirməklə ABŞ İslam Dövləti- Xorasan (İD-X) qruplaşmasının hücumu önləyə bilib. Məlumatı ABŞ ordusu yayıb.

Bu zərbədən iki gün öncə aeroport yaxınlığına hücumda 17 əfqan və 13 ABŞ əsgəri həlak olub. ABŞ ordusu buna cavab olaraq avqustun 28-də Əfqanıstanın şərqi Nangarhar vilayətinə dron zərbəsi endirib. Pentaqon İD-X-nın iki üzvünün öldürüldüyünü bildirir.

XS
SM
MD
LG