Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 23:51

Sabiq icra başçısının oğlu ilə bağlı 2 milyon manatlıq qalmaqal: 'Bir ildir bizi girov saxlayırlar'


Lütvəli Babayev
Lütvəli Babayev

Zərdab və Mingəçevirin 14 il boyunca icra başçısı olmuş Lütvəli Babayevin oğlu Babəli Babazadə vergidən 1 milyon manat yayınmaqda suçlanır, hətta buna görə ölkədən qaçdığı iddia edilir. Bu iddia onun zərərçəkmiş kimi adı keçən 2 milyon manatlıq dələduzluq işində yer alıb. Həmin işdə təqsirləndirilən şəxs kimi həbs edilənsə B.Babazadənin öz dostu – "Uniklinika"nın baş həkimi Aruz Əliyevdir.

Bir ildir həbsdə olan A.Əliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, Etiram Kərimovla birlikdə mühakimə edilir. Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.

Cinayət işinin materiallarında iddia edilir ki, B.Babazadənin tikinti şirkətinin 1 milyon manatlıq vergi borcuna görə ona məktub gəlib. Həkim-cərrah olan dostu A.Əliyev ona ölkədən getməsini məsləhət görüb. B.Babayev Türkiyəyə qaçıb və Azərbaycandakı işlərinin yönəldilməsindən ötrü A.Əliyevə baş etibarnamə verib.

Türkiyədə olduğu müddətdə onun bir evi və bir obyekti satılıb. İttihama görə, 2 milyon manatı təqsirləndirilən A.Əliyev və E.Kərimov mənimsəyib.

Təqsirləndirilən şəxslər bu ittihamı qəbul etmir, B.Babazadənin onları şərlədiyini deyirlər. Bildirirlər ki, əmlakları sabiq icra başçısının oğlunun istəyi ilə satıb, pulu da özünə göndəriblər. Orada xərcləyib, indi atasının qorxusundan yalan danışır.

Bu cinayət işi üzrə B.Babazadə zərərçəkmiş, atası da şahid kimi dindirilib.

Aruz Əliyev
Aruz Əliyev

"Niyə birdən-birə həbs-qətimkan tədbiri seçilsin?"

Oktyabrın 17-də məhkəmədə həm A.Əliyev, həm də E.Kərimovun vəkilləri onların hökm çıxarılanadək ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar.

A.Əliyevin vəkili deyir ki, müvəkkili baş həkimdir, onun iş yeri bəllidir. Çağırış göndərilmədən birbaşa axtarış elan olunub. Vəkilin fikrincə, məqsəd də istintaqdan yayınma görüntüsü yaradıb həbs qərarı çıxarılması olub: "Dəvət olunmayan, iş yeri bəlli, daimi yaşayış yeri olan adam haqqında niyə birdən-birə həbs-qətimkan tədbiri seçilsin? Onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur".

E.Kərimovun vəkili məhkəməyə fotolar təqdim edərək onların sübut kimi qəbul olunmasını istəyib: "Guya dindirməyə apararkən idarədə ayaqyolunun qarşısından qaçmaq istəyib. Bu, mümkün deyil. Oranın şəkillərini çəkmişik. Bu şəkilləri vəsatətimizə qoşma olaraq təqdim etmək istəyirik".

Vəkillər ittihamın bütövlükdə qurama olduğunu vurğulayıblar. Onlar bir sıra şəxslərin məhkəmədə əlavə şahid kimi dindirilməsini də istəyiblər.

"Heç bir sübut-dəlil olmadan bizə cinayət işi açıblar. Guya biz bu pulları mənimsəmişik. Əslində isə biz o pulları görməmişik. Qondarma ittihamla bizi bir ildir girov saxlayırlar", - təqsirləndirilən E.Kərimovun sözləridir.

Onların ev dustaqlığına buraxılması haqda qaldırılan vəsatətlər təmin edilməyib. Əlavə şahidlərin dindirilməsi məsələsi də baxılmamış saxlanılıb.

Oktyabrın 31-də keçiriləcək növbəti məhkəmə iclasında dindirmələr olacaq.

A.Əliyev və E.Kərimova ittiham verilən maddədə 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Xatırlatma

Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı vəzifəsində çalışıb.

Onun oğlu Azərbaycanda "BLB" MMC-nin rəhbəri olub. 2021-ci ildə Moskvada "Liqa-Stroy" MMC-ni təsis edib.

Keçmiş icra başçısının ailəsinə məxsus daha bir şirkətsə "Top Point" MMC-dir. Bu şirkət 2014-cü ildə L.Babayevin həyat yoldaşı Rübabə Babayevanın adına təsis olunub.

XS
SM
MD
LG