Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 03:16

Beynəlxalq ofşor qalmaqalında Paşayevlərin adı çəkilir


Arxiv fotosu: Azərbaycanın birinci xanımı Mehriban Əliyeva atası Arif Paşayevlə
Arxiv fotosu: Azərbaycanın birinci xanımı Mehriban Əliyeva atası Arif Paşayevlə

.

Araşdırmaçı jurnalistlər Richard BakerNick McKenzie Avstraliyanın “The Sidney Morning Herald” qəzetində yazırlar ki, Panama sənədləri ilə Unoal şirkətinin serverlərindən sənəd sızması az qala eyni vaxta təsadüf edib.

Lakin Avstraliya və Yeni Zelandiyanınn ən böyük media qrupu Fairfax Media tərəfindən əldə olunmuş e-maillər göstərir ki, bu təsadüf elə başlandığı yerdə də qurtarır.

Fairfax Media bildirir ki, Britaniyanın Vircin və Marşal adalarında yaradılmış şirkətlərdən bir neçə ölkədə siyasətçilərə, rəsmilərə və neft sənayesi rəhbərlərinə rüşvət pullarının ödənməsi üçün istifadə edilib

Çünki bu yazışmalardan bəlli olur ki, jurnalistlərin öz təbirincə deyilsə, neft sənayesinin “rüşvət ustası” Unaoil şirkətinin sahibi olan Ahsani ailəsi də minlərlə başqa superzənginlər kimi Panamanın Mossack Fonseca hüquq firmasının xidmətlərindən istifadə edərək ofşor şirkətləri qurub.

Fairfax Media-nın əldə etdiyi e-maillərdən bu da faş olur ki, Britaniyada hakim Mühafizəkarlar Partiyasının ən böyük donorlarından biri olan mülkiyyət maqnatı Javad Marandi Unaoil şirkətinin Azərbaycan fəaliyyətində yaxından iştirak etməklə yanaşı, həm də Mossack Fonseca firmasının müştərisi olub.

Məqalədə deyilir ki, Unaoil şirkətinin maliyyə departamenti 2008-2009-cu illərdə Mossack Fonseca-nın Panama ofisi ilə yazışmada olub. Bu yazışma Unaoil şirkətinin təsisçisi Ata Ahsani və şirkətin baş direktorları və onun oğulları Cyrus (Sirus) və Saman Ahsani arasında etibarnamənin tərtibi ilə bağlı idi.

Bu e-maillərdən Unaoil şirkətinin Karib körfəzi və Britaniyanın Vircin adalarındakı “vergi cənnətlərində” şirkətlər qurması bəlli olur.

Richard Baker və Nick McKenzie yazırlar ki, “vergi cənnətlərində” – vergidən azad zonalarda şirkət yaratmaq və ya hesab açmaq cinayət sayılmır, amma Unaoil bu qurumlardan spesifik məqsədlər üçün idtifadə edib.

Bu ayın əvvəllərində Fairfax Media bildirmişdi ki, Britaniyanın Vircin və Marşal adalarında yaradılmış şirkətlərdən bir neçə ölkədə siyasətçilərə, rəsmilərə və neft sənayesi rəhbərlərinə rüşvət pullarının ödənməsi üçün istifadə edilib.

Britaniya hakim partiyasına donorluq

Məqalədə deyilir ki, cənab Marandi-nin Unaoil şirkəti ilə əlaqələri Britaniya qəzetlərində başlıq olmağa layiq mövzudur. Beləki, Britaniyada cənab Marandi və onun arvadı Nərminə hakim partiyanın əsas donoru kimi Mühafizəkarların hesabına 2014-cü ildən bəri 150 min funt sterlinq (280 min dollar) keçiriblər.

"The Guardian" qəzetindən bir sxem
"The Guardian" qəzetindən bir sxem

Londonda müstəsna dəbdəbəli mülklərə sahib olan Cənab Marandi və onun xanımı Britaniya və Azərbaycan paytaxtları arasında şəxsi təyyarədə uçurlar.

Azərbaycan əsilli Marandi Londonda yaşayır və Unaoil şirkətinə bu şirkətin Azərbaycan superagenti Mohammad Reza Raein-lə dostluğu vasitəsilə bağlıdır.

Məqalədə deyilir ki, əvvəllər Unaoil şirkətinin Amerika əməliyyatçısı olmuş Raein, 1990-cı illərin sonlarından etibarən onun Azərbaycandakı maraqlarını təmsil edib, Unaoil-a Halliburton və Kellogg& Brown Root (KBR) kimi “yağlı müştərilər” tapıb.

KBR-ın 1999-cu ildən bu yana olan sənədləri göstərir ki, cənab Raein hakim Əliyevlər ailəsinə son dərəcə yaxın olub.

Fairfax Media bundan əvvəl Azərbaycan parlamenti spikerinin müavini və vəzifəli neft rəsmisi, gizli yazışmalardakı kod adı V1 olan Valeh Ələsgərovun agent Raein-in məxfi mənbəyi olmasından yazmışdı.

“Əmiqızının əri”

Öz növbəsində, cənab Marandi də Azərbaycanın ən qüdrətli adamlarına yaxındır.

Azərbaycanın Pasha Constructions şirkətinin baş icraçı direktoru kimi cənab Marandi-nin şirkətin sahibləri olan qüdrətli Paşayevlər ailəsinə birbaşa çıxışı var. Prezident İlham Əliyevin arvadı Mehriban Pasha şirkətlər qrupunun sahibi Arif Paşayevin qızıdır.

Javad Marandi
Javad Marandi

Məqalədə deyilir ki, cənab Marandi-nin arvadı da Azərbaycanın ən nüfuzlu ailələrindən birinin – Əlizadələrin nümayəndəsidir. Onun atası Məmməd Əlizadə prezident Əliyevi dəstəkləyən siyasi partiyalardan birinin lideridir.

2005 və 2006-cı illərə aid sızmış e-maillərdən görünür ki, cənab Raein Ahsani-lərdən “Javad” adlı şəxsin bank hesablarına on minlərlə dollar köçürülməsini xahiş edib.

Richard Baker və Nick McKenzie yazırlar ki, Unaoil şirkətinin maliyyə şöbəsi və baş əməliyyatçısı Saman Ahsani pul köçürmələri barədə tərəddüd keçirəndə, 2006-cı ilin fevralında Raein Unaoil-un rəhbəri Cyrus Ahsani-yə şikayət edib və və bildirib ki, “biz eyni hesablara müntəzəm pul köçürmələri etmişik”.

“Əgər yadınızdadırsa, noyabrda biz əvvəlcə pulu cənab Marwan Samman-a köçürməli idik, lakin sonra qərara aldıq ki, bu pulu, bizə daha asan olsun deyə Javad köçürsün” – yazırdı Raein.

Raeinin yazışmasından həmin bu “Javad”ın elə Marandi olduğu asan başa düşülür.

Raein 2006-cı ilin əvvəllərində Unaoil-un icraçı direktorlarından Peter Willimont-a bildirirdi ki, SOCAR dövlət neft şirkətində vəzifəli rəhbərlərdən biri, “Javad”ın arvadının əmisi İlyasdır və “biz onu istədiyimiz vaxt görə bilərik”.

Richard Baker və Nick McKenzie yazırlar ki, cənab Marandi-nin arvadı Nərminənin əmisi İlyas Əlizadə o vaxtlar SOCAR-ın texniki departamentinə rəhbərlik edib və eyni zamanda xarici əlaqələr bölümünün rəhbəri olub.

“Əməliyyat xərcləri”

Richard Baker və Nick McKenzie xüsusilə vurğulamağı lazım bilirlər ki, Raein-in Unoil-dan Marandi-yə pul köçürülməsini israr etməsinin hər hansı qeyri-qanunu fəaliyyətlə bağlı olduğunu göstərən sübutlar yoxdur, lakin Unaoil-dan Marandi-yə ödəniş edilməsinin səbəbləri naməlum qalır.

Cənab Raein Fairfax Media-nın israrlı ricalarına baxmayaraq, bu barədə şərh verməkdən imtina edib.

Cənab Marandi-nin sözçüsü deyib ki, o, heç vaxt Azərbaycanda və yaxud hər hansı başqa yerdəUnaoil şirkətində çalışmayıb və ya bu şirkətin adından iş görməyib.

“O bircə dəfə Unaoil şirkətinin adamı üçün ona “əməliyyat xərclərində” kömək məqsədilə 50 min dollar ödənməsini təşkil edib” – deyib sözçü.

Sözçü bunu da deyib ki, bu ödəniş cənab Marandi-nin “köhnə dostu” cənab Raein vasitəsilə edilib.

“Bundan başqa onun Unaoil şirkəti ilə və ya bu şirkət üçün heç bir işi olmayıb” – deyib Marandi-nin sözçüsü.

“The Guardian” qəzeti bu həftə Londonun dəbdəbəli Knightsbridge rayonunda çox müstəsna bir mülkün cənab Marandi-nin ofşor şirkətinə aid olduğunu açıqlayıb.

Avstraliya qəzetinin aprelin 10-da yayılmış araşdırmasını barədə hələlik Azərbaycan rəsmilərindən hər hansı reaksiya yoxdur. (Araşdırmanı ətraflı burada oxuya bilərsiz). Bakıda rəsmilər bundan öncə də dəfələrlə xarici nüfuzlu media orqanlarında bu cür ittihamlarla üzləşiblər. Hər dəfə dəfə də onlar bu cür ittihamları hansısa xarici dairələrin Bakının müstəqil siyasətinə qarşı təzyiq cəhdi adaldnrırılar.

XS
SM
MD
LG