Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:04

Gazprom və Moldova razılığa gəldilər


Moldovanın İnfrastruktur Nazirliyi bildirib ki, Gazprom və Moldovaqaz arasında müqavilə Moldova tərəfinin qiymət təklifi əsasında uzadılıb

Moldova hökuməti və Rusiyanın dövlət nəzarətində olan enerji nəhəngi Gazprom Rusiya təbii qazının Moldovaya nəqlinə dair müqaviləni daha beş il müddətinə uzatmaq barədə razılığa gəliblər.

Bundan əvvəl tərəflər arasında fikir ayrılığı Moldovada enerji böhranının yaranmasına səbəb olmuşdu.

Moldova bununla bağlı fövqəladə vəziyyət elan etmiş və qazı başqa ölkələrdən almağa başlamışdı.

Gazpromla bundan əvvəlki müqavilə sentyabrın sonunda başa çatsa da, tərəflər qazın qiyməti və başqa detallar barədə ortaq məxrəcə gələ bilməmişdilər.

Moldovanın şərtləri ilə

Lakin Gazprom oktyabrın 29-da verdiyi qısa bəyanatda bildirir ki, Moldova hökumət nümayəndələri ilə Peterburqda keçirilən danışıqlarda müqavilənin “qarşılıqlı sərfəli şərtlərlə” uzadılmasına dair razılaşma əldə olunub.

Moldovanın İnfrastruktur Nazirliyi bildirib ki, Gazprom və Moldovaqaz arasında müqavilə Moldova tərəfinin qiymət təklifi əsasında uzadılıb.

Nazirlik bunu da qeyd edir ki, yeni müqavilə əsasında qazın verilməsinə noyabrın 1-dən başlanacaq.

Moskva və Kişinyov arasında fikir ixtilafı yaradan məsələlərdən biri də Moldovanın Rusiyaya olan 700 milyon dollar civarında borcudur.

Gazprom və Moldova hökuməti bu borcun audit edilməsi barədə də razılığa gəliblər.

Ukrayna Moldovaya qaz satır

Oktyabrın 29-da Ukrayna qonşu Moldovaya ilk kommersiya qazını satıb. Dövlət Naftogaz enerji şirkətinin məlumatına görə, Moldovanın Energocom dövlət şirkətinə 500 min kubmetr qaz satışı üzrə tenderi udub və gələcək tenderlərə də qatılacaq.

Əldə olunan razılaşmanın detalları, qazın hansı qiymətə satılması açıqlanmayıb.

“Energocom” bu həftə Polşanın PGNiG şirkətindən bir milyon kubmetr qaz aldığını bəyan edib. Hökumət ayın sonunadək 5 milyon kubmetrə yaxın qaz almaq planlarını açıqlayıb.

Kremlin oktyabrın 29-da bildirdiyinə görə, Gazprom danışıqlara açıqdır, Moldova ilə qaz danışıqlarında həll yolları axtarır.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Moldova ilə Rusiyanın qaz mübahisəsini “narahatlıq”la izlədiklərini bildirib.

***

Rusiya Moldovaya qarşı qazdan ‘silah’ kimi istifadədə suçlanır

Rusiya təbii qaz təchizatından Avropanın ən yoxsul ölkələrindən olan Moldovaya qarşı silah kimi istifadə edir. Bunu Avropa Birliyinin aparıcı diplomatı deyir. Bu arada Moskva ilə Kişinau arasında qaz mübahisəsi şiddətlənir.

Ötən ayın sonunda Moldovanın Rusiyanın Gazprom dövlət qaz şirkətilə qaz kontraktının vaxtı bitib və tərəflər uzunmüddətli sazişi razılaşdıra bilməyiblər. Moldova ötən həftə enerjilə bağlı fövqəladə vəziyyət elan edib.

550 dollardan 790 dollara

Gazprom oktyabrın sonunda kontraktın müddətini uzatsa da, qazın min kubmetrinin qiymətini 550 dollardan 790 dollara qaldırıb.

“Qlobal miqyasda qaz təchizatından silah kimi istifadənin nəticəsində qiymət artımı baş vermir, Moldovanın halında isə belədir”, – AB-nin Xarici siyasət rəhbəri Jozep Borrel Brüsseldə Moldovanın Baş naziri Nataliya Qavrilita ilə mətbuat konfransında deyib.

Rusiya ilin sonunadək mövcud kontrakt uzadılmasa Moldovaya qaz təchizatını dayandırmaqla hədələyir. Bu yoxsul ölkə AB üzvü Rumıniya ilə həmsərhəddir.

Bəzi müşahidəçilər Moskva qərbpərəst Maya Sandunun ötən il prezident seçilməsinə cavab olaraq qiymətləri qaldırdığını düşünür.

“Moldova ilə bağlı siyasi xüsusiyyətlər nəzərə alınıb… Kəskin qiymət artımı siyasi problemlərlə bağlıdır və bizim dəstəyimiz gərəkir”, – Borrel vurğulayıb.

Moldovanın dostları...

AB oktyabrın 27-də Moldovaya 60 milyon avro (70 milyon dollar) yardım boyun olub.

Qavrilita AB-nin dəstəyinin Moldova üçün əhəmiyyətini vurğulayıb.

“Gələn bir neçə həftənin vacib olmasına inanırıq. Düşünürük ki, Moldovanın dostları bizim alternativ təchizat tapmağımıza kömək etməlidirlər”, – nazir bildirib.

Bu arada Sankt Peterburqda Gazprom-la Moldovanın danışıqlarının ikinci günü də razılaşma əldə olunmayıb.

Rusiya dəfələrlə ölkənin siyasi kursuna görə qiymət təyin etməkdə suçlanıb. Moskvanın yaxın müttəfiqi olan Belarus 2022-ci il qaz təchizatı üçün xeyli aşağı qiymət razılaşdırıb.

XS
SM
MD
LG