Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 23:52

'Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə vardısa, Maliyyə Nazirliyi hara baxırdı?' 


Azərbaycan əsgəri nə yeyib-içir?
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Azərbaycan əsgəri nə yeyib-içir?

Müdafiə Nazirliyi və ona tabe qurumlarda 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işində təqsirləndirilənlərdən biri də Maliyyə və Büdcə İdarəsinin Nəzarət-Təftiş Şöbəsinin keçmiş rəisi, polkovnik Rəfael Xələfovdur. Ancaq Xələfov həbsdə deyil. Daha dəqiqi, öncə həbs olunsa da, təxminən il yarım sonra azadlığa buraxılıb, ancaq haqqındakı cinayət işinə xitam verilməyib. Xələfov iş yoldaşlarının məhkəmələrində də şahid kimi ifadə verib.

O, sentyabrın 30-da keçmiş rəisi – Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə rəhbərlik etmiş Nizami Məmmədovun məhkəməsində dindirilib. General-mayor Məmmədov daha üç nəfərlə birlikdə mühakimə olunur. Bunlar iki polkovnik - Hərbi Hava Qüvvələrinin maliyyə idarəsinin sabiq rəisi Cəlal Kazımov və Quru Qoşunların maliyyə idarəsinin rəisi olmuş Bayram Bayramov, eləcə də Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinə rəhbərlik etmiş, kapitan Vüsal Əlizadədir.

İlkin ifadəni inkar edir

Polkovnik Xələfov bir dəfə bu məhkəmədə dindirilmişdi. Generalın vəkili vəsatət qaldırıb, onun yenidən gəlməsini istədi, digərləri də bununla razılaşdı. Onlar bildirirlər ki, Xələfov yoxlama-təftiş aparılan qurumlardan aldığı pulların məbləğlərini düz demir. Nəticədə onlara aidiyyəti olmayan məbləğlər də üzərilərində qalır.

Məhkəmədə o da məlum olub ki, Xələfov istintaqın əvvəlində başqa cür ifadə verib, sonradan həmin ifadəsini dəyişib. O, məhkəmədə sualları cavablandıranda da deyib ki, məhz birinci ifadəsini təsdiqləmir: "İstintaqda verdiyim ilk ifadədən başqa digər bütün ifadələrimi təsdiqləyirəm. İlkin ifadəmi verəndə fikirli olmuşam".

Generalın vəkili isə xatırladıb ki, Xələfovun məhz ilkin ifadəsi digər şəxslərin dedikləri ilə üst-üstə düşür. Onu isə indi inkar edir.

"2021-ci ildə təftiş vaxtı şəxsən mən (Nəzarət-təftiş şöbəsinin əməkdaşı) İsmayılın maşınında Həsən Paşayevlə Rafael Xələfova 1 milyon 263 min manat təftiş pulu vermişəm. Ancaq o, 950 min deyir. 313 min fərq yaranır", - təqsirləndirilən polkovnik B.Bayramov belə deyib.

Müdafiə Nazirliyində 100 milyon manatlıq yeyinti: 'Ölkə rəhbərliyinin bundan xəbəri olub'
Gözlə

No media source currently available

0:00 0:12:04 0:00

7 milyon 555 minlik çatışmazlıq...

Digər təqsirləndirilən polkovnik C.Kazımov da Xələfovun doğru danışmadığını vurğulayıb. Onun sözlərinə görə, təkcə bir korpusda yoxlayıcılardan alınan məbləğlərdə 700 min manatlıq fərq var: "Bu 143 milyonluq işdə dörd nəfərlə bağlı 7 milyon 555 minlik çatışmazlıq yaranıb. Bu pullar da Rəfael Xələfovdadır".

Polkovnik Kazımov tələb edib ki, Xələfov bir-bir bu məsələlərə aydınlıq gətirsin.

"Bir yerdə işləmişik, neyləmişiksə, bir yerdə eləmişik. Kimsə çox yeyib, kimsə az yeyib. Ona görə də bu barədə danışmaq istəmirəm", - R.Xələfov belə deyib.

Məhkəmə iclasının gedişində general və digər təqsirləndirilən şəxslər, onların vəkilləri 143 milyon manatlıq mənimsəmə ilə bağlı məsələyə də aydınlıq gətiriblər. Onlar hesab edirlər ki, mənimsənilən vəsaitlərin məbləği düzgün hesablanmayıb, rəqəmlər şişirdilib.

"Maliyyə Nazirliyinin Müdafiə Nazirliyinə nəzarət edən şöbəsi 2017-2021-ci illərdə büdcənin necə xərcləndiyini yoxlayıb və yeyinti aşkarlamayıb. Bu qədər yeyinti vardısa, büdcəni ayıran Maliyyə Nazirliyinin xəzinədarlıq şöbəsi hara baxırdı? Bu qədər yeyinti vardısa, niyə bu qədər pul ayırırdılar?", - general N.Məmmədovun vəkili Rəşad Mirmehdizadə bildirib.

General və digərlərinin mühakiməsi davam edir.

Xatırlatma

2022-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları Müdafiə Nazirliyində əməliyyat keçirib. Əməliyyat nəticəsində nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov, Satınalmalar və Təchizat İdarəsinə rəhbərlik etmiş Məlikməmməd Qurbanov, Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev də daxil olmaqla, 15 nəfərə yaxın vəzifəli şəxs həbs olunub.

DTX-nın İstintaq İdarəsində ilyarıma yaxın istintaqı davam edən cinayət işində Müdafiə Nazirliyi sistemində ümumilikdə 143 milyonluq yeyintidən söhbət gedir. İddia olunur ki, mənimsəmə, əsasən, ərzaq, avadanlıq alınarkən qiymətlərin şişirdilməsi, tenderlərdə qalib elan edilən şirkətlərin hesabına köçürülmüş vəsaitlərin bir hissəsinin geri alınması və s. yollarla baş verib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (vəzifədən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və başqa maddələri ilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu cinayət işi üzrə məsuliyyətə cəlb olunan şəxslərin işləri sonradan ayrı-ayrılıqda məhkəməyə göndərilib. Onlardan bəziləri tək mühakimə olunsa da, bəziləri qrup şəklində məhkəmə önünə çıxarıldı. Onlardan bəziləri – Məlikməmməd Qurbanov, Mahir Şirvanovun məhkəməsi yekunlaşıb. Polkovniklərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunub. Hakimlər yüngülləşdirici hallardan biri kimi polkovniklərin öz paylarına düşən ziyanı – mənimsədikləri iddia olunan məbləğləri ödəmələrini göstəriblər. Hərəsinə 3-4 il həbs cəzası kəsilib. Amma prokurorluq bundan narazı qalıb və apellyasiya protesti verib.

XS
SM
MD
LG