Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:45

10-yaşlı Nərminin işi: 'O meyiti başqa yerdə yandırıb, əyninə paltar geyindirib ora atıblar'


"Oğlumuz günahsızdır" - İlham Əliyevlə görüşə cəhd etdilər
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

"Oğlumuz günahsızdır" - İlham Əliyevlə görüşə cəhd etdilər (Video arxiv)

Tovuzun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra isə kənddə yanmış meyitin tapılmasından sonra ən çox adı hallananlardan biri keçmiş polis əməkdaşı Murad Süleymanov idi. O, azyaşlını oğurlayıb öldürməkdə suçlanan İlkin Süleymanovun əmisi oğludur. Zərərçəkmiş tərəf onun da cəzalandırılmasını tələb edirdi.

"Ancaq Şərifin anası və qardaşıgildə axtarış aparılmışdı"

Murad Süleymanov martın 30-da Gəncə Ağır Cinayətlər Məhkəməsində bu cinayət işi üzrə şahid qismində dindirilib. O bildirib ki, Tovuz Rayon Polis Şöbəsinin Post-Patrul Bölüyündə sıravi polis nəfəri kimi xidmət edib. Onun sözlərinə görə, bölüyün komandiri Vüqar Hüseynovun göstərişi əsasında Nərminin axtarışında bir neçə dəfə o da iştirak edib: "Axtarışlara bölüyün serjantları da cəlb olunmuşdu. Mənə də komandir göstəriş verəndə yerinə yetirirdim. Meyit tapılana qədər evlərdə axtarış olmayıb. Axtarışlar, əsasən, əkin sahələrində aparılırdı. Mən də iki-üç dəfə iştirak etmişəm. Uşaq itkin olan dövrdə ancaq Şərifin (Nərminin atası-red.) anası və qardaşıgildə axtarış aparılmışdı. O dövrdə Şərifgilin evinin qarşısında post qurulmuşdu. Komandirimizin göstərişi əsasında mən də bir neçə dəfə o postda xidmətdə olmuşam".

Şahidin sözlərinə görə, meyit tapılandan sonra onların, əmisigilin və başqa qonşuların evlərində axtarış aparılıb.

Nərmin Quliyevaya məxsus olduğu deyilən meyitin yandığını görən üç nəfərdən biri də Süleymanov olub. O danışır ki, həmin gün – 6 yanvar 2020-ci ildə axşam saat 20:00 radələrində övladının ad günü olduğuna görə evdə idi.

"Soruşdu ki, üstündə qırmızı kurtka var?"

"İlkin zəng elədi, səhv eləmirəmsə, dedi ki, yanğın var. Getdim, ayaqlarından gördüm ki, meyitdir. İlkin Süleymanov və qonşuluqda yaşayan dayım Nazim Vəliyev orada idi. Dərhal komandirimizə zəng elədim. Dedi ki, Bakıya gedir, polis rəisinə zəng eləyim. Ovaxtkı rəis Şirzad Əsgərova zəng elədim. Soruşdu ki, üstündə qırmızı kurtka var? Yaxınlaşıb baxanda gördüm ki, meyitin yanında var", – Süleymanov bildirib.

Onun sözlərinə görə, az sonra Post-Patrul Bölüyünün əməkdaşları, ardınca da polis rəisi Şirzad Əsgərov və Şahlar Cəfərov gəlib.

Polisə məlumat verəndən sonra özü, əmisi oğlu İlkin Süleymanov və dayısı Nazim Vəliyevlə birlikdə yanğının üstünə torpaq tökməklə alovu söndürdüklərini deyən şahid hadisəni telefonla videolentə almalarını da izah edib: "Mən və dayım İlkinə dedik ki, çəksin. Düşündük ki, istintaqa lazım ola bilər. İşdə də bizə tapşırılır ki, hadisə olanda onu çəkin".

Hadisə yerində Nərminin əmisi Akif Quliyevi də gördüyünü yada salan Süleymanov iddia edir ki, onunla qardaşı Şərif Quliyev arasında belə bir söhbətin şahidi olub: "Şərifə dedi ki, rəis üç-dörd gün əvvəl sənə demişdi axı, meyit tapılsa, paltarından tanıyarsan?".

"Məndən borc istəmişdi"

Əmisi oğlunun yanvarın 6-da polisə aparıldığını və o vaxtdan buraxılmadığını deyən şahid bildirib ki, yanvarın 10-da ona polis həmkarlarından biri zəng edib çölə çağırıb. Evdən çıxanda polis rəisi də daxil olmaqla, bir çox polis əməkdaşlarının orada olduğunu görüb: "Dedilər ki, İlkini gətirmişik, hadisəni necə gördüyünü danışacaq, amma evlərində heç kimin olmasını istəmir. Ailəsinə deməliydim ki, evdən çıxsınlar. Amma əmimgil, İlkinin bacıları çıxmaq istəmədi. Sonra özləri bir-bir onları məcburi çıxarmışdılar".

Quliyevlər ailəsi ilə sadəcə həmkəndli kimi münasibətləri olduğunu deyən Süleymanova prokurorun verdiyi suallar və alınan cavablardan məlum olub ki, Nərminin anası Aynurə İsmayılova ondan borc pul istəyib: "Münasibətimiz o qədər yaxın deyildi. Bilmirəm ki, niyə məndən pul istədi. Kafedə işləyirdi, arada olurdu ki, çörək yemək üçün ora gedirdik. Orada məndən borc istəmişdi, mən verməmişdim...".

Yanıq qoxusu

Süleymanov əlavə edib ki, hadisə yerinə çatanda orada yanıq qoxusu yox idi.

Sabiq polis əməkdaşının dindirməsi aprelin 6-da davam edəcək.

Azyaşlının ölümündə suçlanan İlkin Süleymanovun vəkili Əlibaba Rzayev AzadlıqRadiosuna bildirib ki, tapılan meyitin əvvəl başqa yerdə yandırılıb ora atılandan sonra görüntü üçün təkrar yandırılmasıyla bağlı şübhələr var. Vəkil deyir ki, bu nəticəyə gəlməyə əsas verən başqa səbəblər də var və, hələlik, məhkəmə prosesi davam etdiyinə görə onları açıqlamırlar. Rzayevin fikrincə, istər Süleymanovun, istərsə də ondan əvvəl dindirilmiş başqa şahidlərin hadisə yerində yanıq iyi olmamasıyla bağlı dedikləri də buna dəlalət edir: "Düşünürük ki, meyitin əyninə sonradan o paltarları geyindirib, gətirib atıblar. Meyit arxası üstə atılıbsa, necə olur, həm ön, həm də arxa tərəfdən eyni dərəcədə yanıb? Bədən tam yanıb, amma o hissədə olan paltarlar yanmayıb. Bu necə ola bilər?".

"Düşünüb ki, istintaqa lazım ola bilər"

Təqsirləndirilən Süleymanova qarşı əsas arqumentlərdən biri budur ki, o, niyə meyitin yanmasının videosunu çəkib.

"Bu, insanı qətldə ittiham etmək üçün əsas ola bilməz. İlkin Süleymanov vətəndaşlıq borcunu yerinə yetirib. Düşünüb ki, istintaqa lazım ola bilər. Prokuror Murad Süleymanova da bu barədə çoxsaylı suallar verir ki, istintaqa nə üçün lazım idi? Bunlar kriminalist deyil, o videodan necə istifadə edəcəyini istintaq orqanı, kriminalist bilər", – vəkil deyir.

Nərmin Quliyevanın yaxınları məhkəmədə dindirilərkən paltarlara diqqət çəkir, meyitin azyaşlıya məxsusluğunu paltarlardan tanıdıqlarını iddia edirlər. Hətta istintaqa ifadələrində itkin düşdüyü gün, ümumiyyətlə, Nərmini görmədiyini deyən əmisi arvadı Nailə Quliyeva da məhkəmədə iddia edirdi ki, həmin gün uşağın əynində olan paltarlar dəqiq yadındadır – qırmızı gödəkcə, ağ ayaqqabı, cins şalvar və s. Təqsirləndirilən Süleymanovun yaxınları isə iddia edir ki, onlar təlimatlandırılır və buna uyğun şəkildə məhkəmədə danışırlar.

Xatırlatma

48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG