Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:24

Sumqayıt hadisələri haqda yazı Ermənistanda narazılığa səbəb olub


Sumqayıt iğtişaşları
Sumqayıt iğtişaşları

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Azərbaycan jurnalisti Lev Əsgərovun fevralın 24-də Rusiyanın “Nezavisimaya qazeta” qəzetində dərc olunmuş “Sumqayıt faciəsi. Necə başlanıb və nə olub?” adlı məqaləsi barədə yazır.

Azatutyun bildirir ki, qəzetin redaktoru Konstantin Remchukov bu barədə sorğulara hələki cavab verməyib.

Ermənistanın Rusiyadakı səfirliyində bu məsələ ilə məşğul olduqlarını və belə bir məqalənin Rusiya qəzetində dərc edilməsini diqqətsiz qoymaycaqlarını deyiblər.

Sözü gedən məqalədə DTK arxivlərindəki materiallara istinadən iddia edilir ki, ötən əsrin hələ 50-60-cı illərində ermənilər Erməni-Qriqoryan kilsəsinin köməyi ilə bütün SSRİ ərazisində azərbaycanlılara qarşı gizli təşkilatlar yaradırdılar.

1988-ci ildə Sumqayıtda baş vermiş hadisələrə həsr olunmuş yazıda bu da iddia edilir ki, bu faciə erməni millətindən olanların təxribatçılığı ilə törədilib.

Azatutyun yazır ki, “Sovet Azərbaycanının verdiyi rəsmi məlumata görə 1988-ci ilin 27-29 fevral hadisələri zamanı 27 erməni öldürülüb və bu hadisə Avropa Parlamenti və ABŞ Senatı tərəfindən pislənib”.

Məhkəmə ola bilər

Azatutyun şərh üçün Moskvada yaşayan hüquqşünas Ruben Kirakosiana müraciət edib.

Vəkil bildirib ki, bu məqalədə tərəfsizlik və obyektivlik prinsipi pozulub, amma Rusiya qanunvericiliyinə görə məqalə əvvəlcə ekspertlər tərəfindən öyrənilməlidir.

Bununla belə Kirakosian deyib ki, məqaləyə mütləq cavab verilməlidir, çünki “belə zərbələri udmaq olmaz”.

Onun fikrincə, ən azı qəzetdən başqa nöqteyi-nəzəri əks etdirən daha bir məqalənin dərci tələb edilməlidir.

Hüquqşünasın fikrincə, bu məqalə habelə məhkəmə araşdırmasının predmeti ola bilər.

Xatırlatma

1988-ci il fevralın 28-də Sumqayıtda kütləvi iğtişaşlar baş verib. Bu iğtişaşlar zamanı 32 nəfər öldürülüb. İğtişaş və talanlardan sonra şəhərdə komendant saatı elan edilib.

Sumqayıt hadisələrinə Ermənistanda da fərqli yanaşmalar var. Çoxları olaya ermənilərin kütləvi qırğını kimi baxır.

Amma eyni zamanda iğtişaş ssenarisinin Moskvada hazırlandığını söyləyənlər də var. Məsələn, Ermənistan prezidentliyinə keçmiş namizəd Paruyr Hayrikyan 1988-ci ilin fevralında Sumqayıtda baş verənlərə görə sovet hakimiyyətini ittiham edib. O, Sumqayıt olaylarını Moskvanın təşkil etdiyi bir iğtişaş adlandırıb.

XS
SM
MD
LG