Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:16

Problemli kreditlər artır, hökumətsə tərpənmir...


►Ötən ayın 1-dək vaxtıkeçmiş kreditlərin həcmi 1 milyard 381,3 milyon manata çatıb

Problemli kreditlərin həcmi artmaqdadır. Bu il mayın 1-nə olan məlumata görə, vaxtıkeçmiş kreditlərin həcmi 1 milyard 381,3 milyon manatdır.

Mərkəzi Bankın (MB-nin) açıqladığı statistikaya görə, mart ayı ilə müqayisədə apreldə problemli kreditlərin həcmi 4,13 faiz və ya 54,8 milyon manat çoxalıb. Vaxtıkeçmiş manatla kreditlərin ümumi problemli kreditlər həcmində payı 52,57 faiz, xarici valyutada isə bu göstərici 47,43 faizdir.

Müstəqil ekspertlər və beynəlxalq reytinq agentlikləri vaxtıkeçmiş kreditlərin daha çox olduğunu deyirlər. Məsələn, “Moody`s” beynəlxalq kredit reytinqi agentliyi Azərbaycan banklarında vaxtıkeçmiş kredit payının 20 faiz civarında olduğunu düşünür. MB-nin məlumatında isə bu göstərici təxminən 3 dəfə az - 7,4 faizdir.

Ümid qığılcımı “alovlanmadı”

Problemli kredit həcminin artmasında devalvasiyanın rolu danılmazdır. Özəlliklə dollarla kreditlərin ödənişində çətinliklər var. Belə kreditlərə güzəştlər müzakirə olunsa da, heç bir addım atılmayıb.

Ən son Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı 10 min dollaradək kreditlərə kompensasiyanın ödənilməsinin müzakirə edilə biləcəyini söyləyib.

Vüqar Bayramov
Vüqar Bayramov

Daha öncə MB sədri Elman Rüstəmov səslənən məbləğdən 2 dəfə az - 5 min dollaradək kreditlərə güzəşt ümidi oyatmışdı.

“MB-nin tərəddüdü bank sektoruna ciddi çətinlik törətməkdədir”

İqtisadçı ekspert Vüqar Bayramov Palata sədrin bəyanatını xatırladır və belə nikbin açıqlamalar səslənsə də, hələ ki, MB-nin heç bir ümidləndirici addım atmadığını deyir:

“2-ci devalvasiya bir yana, elə manatın ilk dəyərsizləşməsindən sonra ABŞ, hətta Qazaxıstan kimi ölkələrin təcrübəsinə dayanaraq, kreditlərə kompensasiya ödənilməsini hər an gündəmə gətirdim. Təəssüf ki, MB bu məsələdə yenə tərəddüd edir. Amma MB-nin bu tərəddüdü bank sektoruna ciddi çətinlik törətməkdədir”.

____________________________________________________________

Bunlara da bax:
REAL: 'Qanun'da axtarılan 'bomba' bu imiş
Sel Tovuzda 4 kəndlə əlaqəni kəsdi

____________________________________________________________

“Uzun müddət yüksək faizlərdən bəhrələnən banklar...”

Ekspertin fikrincə, uzun müddət yüksək faizlərdən bəhrələnən banklar da faizləri endirmək əvəzinə daha çox inzibati metodlardan faydalanmağa çalışır:

“Əslində, bununlaproblemi daha da dərinləşdirirlər. Nəticədə, borcluların bank kreditlərini ödəməməsi get-gedə adiləşir. Devalvasiyadan sonra manatla xərcləri artan vətəndaşlara nə MB-nin, nə də yüksək faizlərini hələ də saxlayan bankların güzəştə getməməsi əksər borcluların ödəmə qabiliyyətini pisləşdirib. Əslində, baş bank kreditlərə kompensasiya ödəməklə deyil, ödəməməklə maliyyə intizamının pozulmasına imkan yaratdı”.

V. Bayramovun sözlərinə görə, kompensasiya mexanizmi zamanında tətbiq olunsaydı, problemli kreditlərin həcmi bu qədər artmazdı:

“Ödənişləri yubatmaq da adiləşməzdi. MB bank sektorunda maliyyə intizamının daha da pisləşməsini arzulamırsa, o zaman qısa zamanda kreditlərə kompensasiya verməlidir. Əks halda, iqtisadiyyatın mühərriki sayılan bankları gözləyəcək problemləri proqnozlaşdırmaq çətin olmayacaq”.

“Bankların problemli kreditləri yeni məsələ deyil”

Cəfər İbrahimli
Cəfər İbrahimli

Maliyyə məsələləri eksperti Cəfər İbrahimli problemli kreditləri yeni məsələ saymır:

“Devalvasiyadan əvvəl də bankların problemli kreditlərinin həcmi real rəqəmlərdən çox olub. Devalvasiyadan sonra iqtisadi fəallığın azalması həm köhnə problemlərin üzə çıxardı, həm də öhdələliklərin yerinə yetirilməsində yeni problemlər yaratdı. Problemli kreditlərin həcminin artması ehtiyat kapitalın azalmasına və bu da öz növbəsində göstəricilərin daha da pisləşməsinə səbəb olur”.

“Banklar ya yeni səhmdar cəlb etməli, ya da...”

C. İbrahimli vurğulayır ki, təkcə MB-dən qısamüddətli vəsait cəlb edərək və ya iqtisadi aktivliyin artacağı ümidiylə bankların bu vəziyyətdən çıxmasını gözləmək çətin məsələdir:

“Bu vəziyyətdən çıxış üçün banklar ya yeni səhmdar cəlb etməli, ya da mövcud səhmdarların hesabına kapitalını artırmalıdır”.

XS
SM
MD
LG