Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:02

Putin müttəhimləri hərbi xidmətə çağırmaq imkanı verən qanunu imzalayıb


Qismən səfərbərliyə alınanlar (Arxiv fotosu)
Qismən səfərbərliyə alınanlar (Arxiv fotosu)

Rusiya prezidenti Vladimir Putin hərbi xidmətə çağırılan və ya Müdafiə Nazirliyi ilə orduda xidmət üçün müqavilə imzalayanların cinayət işlərinə xitam verən ziddiyyətli qanunu imzalayıb.

Bu qanun artıq üzərində ittiham olan və məhkəməsi gedən müttəhimlərin orduya qoşulmaqla cinayət təqibindən azad olunmalarına imkan yaradır.

Qanun həm də Rusiyaya daha bir kütləvi səfərbərlik elan etmədən ordu sıralarını gücləndirmək imkanı verir. Müşahidəçilər bildirirlər ki, hakimiyyət xüsusilə də Moskva və Peterburq kimi böyük şəhərlərdə səfərbərlik elan edilməsindən çəkinir.

Kreml məhbus və müttəhimləri hərbi xidmətə çağırmaqla ictimai narazılığı minimum həddində saxlamağa çalışır.

Bununla belə, sözü gedən strategiya insan haqları ilə bağlı ciddi narahatlıq yaradıb. İnsan haqları fəalları bildirirlər ki, bir tərəfdən həbsxanalardakı ağır vəziyyət, digər tərəfdən məhkəməsini gözləyənlərin üzərinə psixoloji təzyiqlər məhbus və müttəhimləri müharibəyə qoşulmağa sövq edir.

Bundan başqa son zamanlar müharibədən qayıdan keçmiş məhbusların təkrar törətdikləri ağır cinayətlər də narahatlıq yaradır.

Müharibəyə get, cəzadan yaxanı qurtar

Yeni qanuna görə müttəhimlər hüquqi prosesin istənilən mərhələsində ordu sıralarına qoşula bilərlər.

Söhbət işin məhkəməyə göndərilməsi və hətta məhkəmə prosesi mərhələlərindən gedir. Qanun habelə barələrində hökm çıxarılmamış şəxslərə şamil olunur. Onlar da orduya qoşulmaqla həbsxana cəzasından azad oluna bilərlər.

İlk dəfə Vaqner özəl hərbi şirkəti tərəfindən həyata keçirilən məhbus səfərbərliyi ilə hazırda Müdafiə Nazirliyi məşğuldur.

IStories saytının məlumatına görə Rusiya hökuməti Ukrayna müharibəsinə göndərmək məqsədilə 24 min müttəhimin xidmətə qəbul edilməsini planlaşdırır.

Səfərbərlik hələ qanundan əvvəl başlanıb

Sayt iki hüquqşünasa və Müdafiə Nazirliyindəki mənbəyə istinadla yazır ki, təcridxanalar və hərbi heyət belə bir səfərbərliyə hətta bu qanun imzalanmazdan əvvəl başlayıb.

Bu hazırlıq zamanı müttəhimlərdən hansıların hərbi xidmətə yararlı olduğuna və ya belə bir arzusu olduğuna dair informasiyalar toplanır.

Müdafiə Nazirliyindəki mənbə bildirir ki, hazırda məhkəməsini gözləyən 60 min müttəhimin 40 faizinin orduya cəlb olunması planlaşdırılır.

Vəkil Dmitri Zaxvatov IStories saytına deyib ki, belə bir səfərbərlik “yeni kütləvi səfərbərlik” olmadan da ordu sıralarını genişləndirmək və potensial çağırışçıları perikdirməmək imkanı verir.

2022-ci ilin sentyabrında Putinin “məhdud səfərbərlik” fərmanından sonra on minlərlə gənc rusiyalı ölkəni tərk etmişdi.

“Həbs yatan Rusiya” adlı insan haqları qrupunun başçısı Olqa Romanova da AzadlıqRadiosuna təsdiq edib ki, məhkəməyəqədər saxlama mərkəzlərində səfərbərliyə hazırlıq Putinin qanunu imzalamasından xeyli əvvəl başlanıb.

53 həbsxana bağlanıb

Romanova deyir ki, 2024-cü il, yanvarın 1-nə olan məlumata görə ölkə boyunca 53 həbsxana bağlanıb, çünki məhbusların çoxu Ukrayna müharibəsinə göndərilib.

Onun sözlərinə görə 20-dən çox həbsxananın profili dəyişdirilib. İndi bunlarda daha çox ukraynalı hərbi əsirlər saxlanır:

"Müstəntiqlər şübhəliləri ağır cəzalarla qorxudaraq onları xidmət müqaviləsi imzalamağa vadar edirlər”.

Romanovanın sözlərinə görə indi hüquq-mühafizə orqanları adamları ən kiçik qanun pozuntuları ilə saxlamağa başlayıblar. Məqsəd onların gələcəkdə Ukrayna müharibəsinə səfərbər edilənlərin sırasına qoşulmasını təmin etməkdir.

Bu həftənin əvvəllərində Putin icbari hərbi xidmət üçün 18-30 yaşında olanların növbəti payız çağırışını elan edib.

Oktyabrın 1-dən dekabrın 31-dək davam edəcək çağırışla təxminən 133 min nəfər hərbi xidmətə qoşulacaq.

Putin bundan əvvəl ictimaiyyəti Ukraynadakı hərbi əməliyyatlarda yalnız xidməti müqaviləsi olanların iştirak edəcəklərinə əmin etmək istəsə də, xəbərlərə görə çağırışçılar elə ilk gündən müqavilələr imzalamağa vadar edilir.

XS
SM
MD
LG