Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 23:08

Putin Türkiyəyə gedəcək


Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya prezidenti Vladimir Putinin səfər edəcəyini təsdiqləyib, ancaq konkret tarix açıqlamayıb.

"Bu səfər bizə çoxsaylı məsələləri müzakirə etmək fürsəti verəcək", - nazir fevralın 4-də dövlət televiziyasına deyib.

Yerli media səfərin fevralın 12-də baş tutacağını yazsa da, prezident Rəcəb Tayyib Ərdoğanın idarəsi bunu təsdiqləməmişdi.

Səfər gerçəkləşərsə, Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğal etməyə başlayandan Putin ilk dəfə olaraq NATO üzvü ərazisinə daxil olacaq.

Ankara ötən ay İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib.

Putin niyə Türkiyəyə getmək istəyir?

Rusiya prezidenti Vladimir Putin fevralın 12-də Türkiyəyə səfər edə bilər. Bu barədə xəbəri Reuters agentliyi öz mənbələrinə istinadla verib. Bunu həm də yanvarın 20-də Türkiye saytı yazmışdı.

Putinin Türkiyəyə səfər planlaşdırdığını bundan əvvəl onun köməkçisi Yuri Uşakov bildirmişdi. Rəsmi demişdi ki, prezident Rəcəb Tayyib Ərdoğanla danışıqların gündəliyində əsas məsələlərdən biri də Ukraynadakı “xüsusi hərbi əməliyyat” olacaq. Moskva özünün Ukraynaya tammiqyaslı müdaxiləsini belə adlandırır.

CurrentTime yazır ki, bu, Haaqa məhkəməsi Rusiya prezidentinin həbsinə order verdikdən sonra Putinin NATO üzvü olan ölkəyə ilk səfəri olacaq.

Putin NATO ölkələrində 2020-ci ildən bəri olmayıb. Bu da qeyd olunur ki, Putin Türkiyədə həbs oluna bilməz, çünki Ankara Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutuna qoşulmayıb.

Bu da qeyd olunmalıdır ki, Putinin ehtimal olunan səfərinin ərəfəsində Türkiyə bankları müştəriləri olan Rusiya şirkətlərinin hesablarını bağlamağa başlayıblar. Eyni zamanda Rusiyanın iqtidaryönlü Vedomosti qəzeti Türkiyə ilə ticarət edən biznes sahiblərinə istinadla yazır ki, Türkiyə bankları fiziki müştərilər üçün də qaydaları sərtləşdiriblər.

Baydenin bir fərmanı

Qəzet yazırdı ki, Rusiya şirkətləri və Türkiyə bankları arasında münasibətlər ABŞ prezidenti Co Bayden 2023-cü ilin dekabrında dolayısı ilə sanksiyalara dair fərman imzalayandan sonra pisləşib.

Bu fərman Rusiyaya Ukraynaya qarşı müharibəsində kömək edən şirkətlərə dolayısı ilə sanksiyaları mümkün edir.

Bu fərman məsələn, ABŞ Maliyyə Nazirliyinə Rusiyaya qarşı sanksiyaları pozan bankları sadələşdirlmiş qaydada bloklamak imkanı verir.

Türkiyə bankları məhz bu fərmandan sonra Rusiya şirkətləri ilə əməkdaşlığı dayandırıblar.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov demişdi ki, Kreml Türkiyə banklarına qarşı məhdudiyyətlərin qoyulmasından xəbərdardır.

Sözçü bildirmişdi ki, bu, ABŞ-ın Türkiyə banklarına və şirkətlərinə “misli görünməmiş, açıq və aqressiv təzyiqinin nəticəsidir”.

İstanbulda yaşayan şərqşünas-politoloq, Poistine intellektual platformasının redaktoru Ruslan Aysin CurrentTime telekanalına deyib ki, Türkiyə bankları ilə problemi Rusiya biznesi və şirkətləri xeyli müddətdir hiss edirlər və bu, Türkiyə üçün Qərb ölkələri ilə ticarətin nə dərəcədə mühüm olduğunu göstərir.

Türkiyənin “yeni komandası”

Ekspert izah edir ki, Türkiyənin “yeni komandasının” üzvləri – maliyyə naziri Şimşek və Mərkəzi Bankın prezidenti Erkan ABŞ-da işləyiblər və Türkiyə üçün Qərbin Rusiyadan daha önəmli olduğunu düşünürlər.

Onların fikrincə Amerika maliyyə tənzimləyicisi zəhmlidir və ABŞ-dan gələ biləcək investisiyalar Rusiyadan alınacaq potensial xeyirdən daha çoxdur.

Ekspert bu qənaətdədir ki, Putinin mümkün səfəri həm də Kremlin Ukrayna müharibəsində düşdüyü dalan vəziyyəti və bağlı ola bilər. Bu da ola bilər ki, Putin hazırkı status quo-nu rəsmiləşdirəcək hansısa danışıqların arzusundadır. Putin ümid edir ki, o Ərdoğandan Moskvanın mövqeyini Qərbdə irəlilətmək üçün istifadə edə bilər:

"Putin döyüş meydanındakı simvolik uğurlarına baxmayaraq Rusiyanın düşdüyü bu strateji dalandan çıxış imkanı axtarır. Hansısa sülh danışıqlarına çıxmaq niyyəti də var. Türkiyə bu məsələdə əla vasitəçidir”.

Putini Ərdoğana bağlayan nədir?

Ruslan Aysin deyir ki, hazırda Rusiya vaxtaşırı olaraq ortaya belə bir mülahizələr atır ki, guya Putinin seçkisindən sonra hansısa danışıqlara hazırlıq gedəcək:

“Söhbət Ukrayna və Qərblə ya münaqişənin dondurlması, ya da Moskvanı vəziyyətdən çıxaracaq hansısa əlverişli şərtlərin əldə olunmasından gedir. Buna görə də mən düşünürəm ki, ola bilsin bu seçkidən sonra Moskva hakimiyyətin tranzitinə başlayacaq. Bu işdə ona böyük Qərbin dəstəyi lazımdır”.

Politoloqun sözlərinə görə Putin Ərdoğana bir “manevrli siyasətçi” kimi güvənir:

"Türkiyə uğurla manevr edir. Ərdoğan gah qərbyönlü kurs götürür, gah da qəfildən Qərbə münasibətini və ritorikasını dəyişir. O Rusiya ilə də belə edir. Türkiyə qeyd-şərtsiz Ukraynanı dəstəkləyir, amma bununla yanaşı Rusiya ilə dialoq və diskussiyalar üçün manevr qapılarını açıq saxlayır. Kim nə deyirsə də desin Putinin bundan başqa belə partnyoru yoxdur. Təbiidir ki, Çin güc mövqeyindən danışır. Amma Türkiyə Putinlə bərabər səviyyədə danışır. Bu isə Putin üçün psixoloji baxımdan çox mühümdür”.

XS
SM
MD
LG