Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:48

Qəzzanın 'Rəfah' sərhəd keçidi nədən önəmlidir?


İkili vətəndaşlığı olan fələstinlilər İsrail-Fələstin münaqişəsi fonunda Qəzzanı tərk etmək üçün icazə almaq ümidi ilə "Rəfah" sərhəd-keçid məntəqəsinin qarşısında toplaşırlar.
İkili vətəndaşlığı olan fələstinlilər İsrail-Fələstin münaqişəsi fonunda Qəzzanı tərk etmək üçün icazə almaq ümidi ilə "Rəfah" sərhəd-keçid məntəqəsinin qarşısında toplaşırlar.

Misirlə Qəzza zolağı arasındakı "Rəfah" qapısı yardımın İsrail xaricindən birbaşa Qəzzaya gətirilməsi üçün tək yoldur. Bura həm də İsrail ərazisinə aparmayan yeganə çıxış nöqtəsidir. "Reuters" yazır ki, İsrail dinc fələstinliləri Qəzza şəhərini tərk etmələri barədə xəbərdar edəndən sonra yüz minlərlə fələstinli Qəzza zolağının cənubunda yerləşən "Rəfah" qapısına doğru hərəkət edir.

"Rəfah" qapısı haradadır və ona kim nəzarət edir?

Qəzza zolağının cənubunda yerləşən bu keçid İsrail, Misir və Aralıq dənizi arasındakı dar quru zolağıdır. Burada 2.3 milyon adam yaşayır. Keçidə Misir nəzarət edir. "Rəfah" qapısı bu münaqişədə nədən önəmlidir?

HƏMAS döyüşçülərinin oktyabrın 7-də İsrail sərhədini keçərək min 300 israillini qətlə yetirməsinə cavab olaraq İsrail Qəzzada tam blokada tətbiq edib; əraziyə verilən elektrik enerjisini kəsib, qida və yanacaq təchizatını tam dayandırıb. Bu o deməkdir ki, humanitar yardımın Qəzzaya daxil ola bilməsi üçün yeganə yol Misirin Sinay bölgəsindən keçməklə "Rəfah" qapısına çatmaqdır. Bu, Qəzza sakinlərinin bölgəni tərk edə bilməsi üçün də tək çıxış yoludur.

Keçidin yenidən açılmasına dair hər hansı razılaşma olsa, xarici pasport sahiblərinin çıxa biləcəyi gözlənilir. Bu üzdən onlar ərazini tərk etməkdən ötrü "Rəfah" qapısı civarlarına gedirlər. İsrail qəzzalıları bombardmandan qorunmaq üçün onları cənuba – "Rəfah" qapısına doğru hərəkət etməyə çağırıb. Di gəl, sakinlər sıxlığın bu qədər yüksək olduğu anklavın heç bir yerində özlərini güvənlikdə hiss edə bilmədiklərini deyirlər.

"Rəfah" qapısından keçidə nə üçün məhdudiyyət qoyulub?

Misir Qəzza ilə sərhədin yaxınlığında - cənub-şərqi Sinayda güvənlik durumundan rahatsızdır. Daha öncə bu ərazidə islamçıların törətdiyi iğtişaşlar baş verib. 2013-cü ildən sonra zirvə həddinə yüksələn həmin iğtişaşlar indi yatırılıb.

2007-ci ildən - HƏMAS Qəzzada nəzarəti ələ keçirəndən bəri Misir anklavın blokadasını təmin etməyə çalışıb, buradan insan və mal axınına ciddi məhdudiyyət qoyub. İsrailə əsas keçid məntəqələrində olduğu kimi, burada da bəzən qadağalar yumşaldılır, ancaq heç vaxt tam ləğv edilmir. Məntəqədən keçmək istəyən şəxslər uzun güvənlik yoxlamalarından keçməli olur. 2008-ci ildə HƏMAS sərhəd istehkamlarını partladıb orada dəlik açmışdı. O vaxt on minlərlə fələstinli Sinaya keçmişdi. Həmin olaydan sonra Misir burada daş və sementdən divar hörməyə məcbur qalmışdı.

İsraillə Fələstin arasında münaqişə və gərginlik dövrlərində Misir tərəflər arasında vasitəçi rolunu oynayıb. Misir belə durumlarda sərhədi bağlayaraq yardımın gətirilməsinə, xəstələrin ərazidən çıxışına da şərait yaradıb, ancaq insanların irimiqyaslı yerdəyişməsinə imkan verməyib.

İsrailin Qəzzaya ən ağır bombardmanını gerçəkləşdirməyə hazırlaşdığı indiki halda da Misir yenə əvvəlki kimi davranır.

İsrailin bombardmanları nəticəsində 2 min 800-dən çox fələstinli yaşamını itirib.

Fələstinlilər Qəzza zolağındakı "Rəfah" sərhəd-keçid məntəqəsində Misirə keçmək üçün gözləyirlər.
Fələstinlilər Qəzza zolağındakı "Rəfah" sərhəd-keçid məntəqəsində Misirə keçmək üçün gözləyirlər.

Sərhədin açılmasına hansı səylər göstərilir?

İsraili Qəzzadakı humanitar fəlakətə son qoymağa çağıran BMT qida, yanacaq və hətta içməli su ehtiyatlarının qorxunc dərəcədə azaldığını bildirir.

Ehtiyat generatorların yanacağı tükənməkdə olduğundan xəstəxanalar yaralıları müalicə etməkdə çətinlik çəkdiklərini deyir. Oktyabrın 17-də Misirə aid yardım maşınları keçidə yaxınlaşsa da, onların sərhəddən Qəzzaya keçib-keçməyəcəkləri və bunun nə vaxt baş verəcəyi bilinmir.

ABŞ dövlət katibi Entoni Blinken həmin gün bildirib ki, ABŞ və İsrail humanitar yardımın Qəzzada HƏMAS-ın əlinə keçməməsi şərtilə mülki şəxslərə çatdırılması üçün plan hazırlanmasına dair razılığa gəlib.

Ərəb dövlətləri niyə fələstinliləri ölkələrinə buraxmır?

Ərəb ölkələri qorxur ki, bu müharibə fələstinlilərin dövlət qurmaq istədikləri ərazilərdən yeni və aramsız qaçqın axınına səbəb ola bilər.

Misir Qəzza ilə ortaq sərhədi olan tək ərəb dövlətidir. İstər Misir, istərsə İordaniya həm də İordaniya fələstinlilərin öz torpaqlarından didərgin salınmamasından ötrü İsrailə xəbərdarlıq edib.

Misir prezidenti Əbdülfəttah əl-Sisi deyib ki, fələstinlilərin "öz torpaqlarında möhkəm və hazır dayanması" vacibdir. İordaniya kralı Abdullahsa fələstinlilərin bütün Fələstin ərazilərindən zorla çıxarılması cəhdlərinə, yaxud onların daxili köçünü törətməyə qarşı xəbərdarlıq edib. Dövlət qurmaq istədikləri əraziləri tərk etmək, yaxud onlardan çıxarılmaq ərəblərə və fələstinlilərə "Nakba"nı xatırladır. Ərəblər 1948-ci ildə İsrail dövlətinin yaranması ilə nəticələnən müharibə zamanı fələstinlilərin zorla öz evlərindən çıxarılmasını "Nakba" (fəlakət) adlandırırlar.

İsrail fələstinlilərin zorla çıxarılması iddialarını rədd edir və yaradılmasından bəri beş ərəb dövlətinin hücumuna məruz qaldığını vurğulayır.

700 minədək fələstinli, yəni Britaniya idarəçiliyindəki Fələstinin ərəb əhalisinin yarısı yer-yurdundan didərgin salınıb və əmlakından məhrum edilib. Onların çoxu qonşu ərəb dövlətlərinə köç etməli olub və nəsilləri indi də həmin ölkələrdə yaşayır. Çoxu hələ də qaçqın düşərgələrinə səpələnib. Bu üzdən fələstinlilərin əksəriyyəti indiki eskalasiya ortamında da Qəzzanı tərk etmək istəmədiyini söyləyir.

İsrail 2005-ci ildə 38 illik işğaldan sonra Qəzzadan çəkilib.

XS
SM
MD
LG