Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:11

'Rabitəçilər işi': İttihamı qəbul etməsələr də, yazılan məbləği tam ödəyiblər...


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

"Nazir nə deyibsə, bu adam da o göstərişləri yerinə yetirib. Ona konkret siyahı verilib ki, tapşırığı icra eləsin. İndi nə istəyirlər bu adamdan?!", – bunu deyən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun vəkili Ceyhun Yusifovdur.

Vidadi Zeynalov daxil, nazirlikdə və onun tabeliyindəki qurumlarda işləmiş 11 nəfərin məhkəməsi sona yaxınlaşır. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bu prosesdə məhkəmə istintaqı bitib, prokuror təqsirləndirilən şəxslərin bir qisminə şərti cəza, qalanlarına da 8 ildən 15 ilə qədər həbs verilməsini təklif edib. Hazırda məhkəmə prosesində vəkillərin çıxışları mərhələsidir.

Buna da bax:​ Aparat rəhbəri: 'Məni şəhərə gətirib Əli Abbasovla üzləşdiriblər...'

Vidadi Zeynalov
Vidadi Zeynalov

İyulun 5-də keçirilən məhkəmədə Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov bir sıra məsələlərdən gileylənib. Deyib ki, istintaq necə qərəzli, qanun pozuntuları ilə keçirilmişdisə, məhkəmə də onun davamı oldu. Müdafiəçinin sözlərinə görə, məhkəmədə çoxsaylı vəsatətlərinin heç biri təmin olunmadı: "Dövlətə vurulmuş ziyan kimi təqdim olunan məbləğlə bağlı ekspertizaların keçirilməsini, məbləği hesablamış Maliyyə Nazirliyinin əməkdaşlarının dindirilməsini istədik. Amma məhkəmə əsassız olaraq bu vəsatətlərimizi də təmin etmədi".

“Ondan aşağı vəzifəlilərdən az alıb”

Vəkil xatırladıb ki, Vidadi Zeynalov ona qarşı irəli sürülmüş ittihamların heç biri üzrə özünü təqsirli bilmir: "Vidadi Zeynalov nazirliyin aparat rəhbəri olub. Sabiq nazir Əli Abbasov nə deyibsə, onu da yerinə yetirib. Ona siyahı verilib və həmin siyahı üzrə verilən tapşırığı icra edib. Vidadi Zeynalov da nazirlikdəki digərləri kimi "paket" alıb. Həmin nazirlikdə Vidadi müəllimə verilən "paket" maaş ondan aşağı vəzifəli şəxslərdən daha az olub".

Buna da bax:​ ‘Niyə nazir müavini İltimas Məmmədov həbs edilmədi?’

Ceyhun Yusifov deyir ki, hüquqlarını müdafiə etdiyi keçmiş məmurun, hətta ata-baba evlərinin üzərinə də həbs qoyulub: "Adamın bütün qohumlarının əmlaklarının üzərinə qanunsuz olaraq həbs qoyulub. Bu əmlakların ittihama nə aidiyyəti var? Vidadi Zeynalovun vaxtilə anadan olduğu evin, 2004-cü ildə dövlət tərəfindən ona verilən torpağın üzərinə də həbs qoyulub. Guya bu torpaq sahəsi də cinayət yolu ilə əldə edilib. Dövlətin verdiyi torpaq necə cinayət yolu ilə əldə oluna bilər? Bütün bunlar istintaqın qeyri-peşəkar aparıldığını sübut edir".

Təqsirləndirilən, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun vəkili Könül Əliyeva da ziyanla bağlı məbləğlərin şişirdildiyini, buna baxmayaraq, həmin pulun ödənildiyini deyib. O, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Buna da bax: Aparat rəhbərinin 43 milyonluq mülkindən əlavə obyektləri də varmış

“Alternativ cəza verilsin”

Təqsirləndirilən şəxslərdən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu, "Bakı Telefon Rabitə" İstehsalat Birliyinin sabiq rəisi Beytulla Hüseynovun vəkili Cəlil Mirzəyev də bəraət hökmü istəyib. Onun sözlərinə görə, B. Hüseynova qarşı irəli sürülmüş ittihamlar məhkəmədə sübuta yetirilməyib: "Bununla belə, Beytulla Hüseynov ittihamda hesablanmış 10 milyonluq ziyanı tam ödəyib".

Müdafiəçi deyib ki, əgər B. Hüseynov haqqında bəraət yox, ittiham hökmü çıxarılsa, heç olmasa, ona həbs yox, başqa alternativ cəza verilsin.

"Bakı Telefon Rabitə" İB-nin baş mühasibi olmuş Anar Mustafayevin vəkili Gülşən Salmanova da eyni məzmunlu çıxış edib. Deyib ki, A. Mustafayev dəymiş ziyanla bağlı ittihamı qəbul etməsə də, qohumları ittihamda yazılan məbləği tam ödəyib. Vəkil Anar Mustafayevə münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiqini xahiş edib.

Buna da bax:​ 'Rabitəçilər işi': Həbsdəki məmurlar arasında qalmaqal

Keçmiş nazir pul vermək istəyib, qoymayıblar

Təqsirləndirilən şəxslərdən "Azərpoçt"un sabiq baş direktoru Qəmbər Bəybalayev deyib ki, keçmiş nazir Əli Abbasov ittihamda onun üzərinə yazılmış 300 minlik ziyanı ödəmək istəyib, amma buna imkan verilməyib: "Mənim üstümə 300 min ziyan yazılıb. Halbuki, mənim bütün olan-qalanım heç 300 min eləmir. Mən olan əmlakımı da dövlətə bağışlamağa hazıram. Vidadi Zeynalov və Əli Abbasov ziyanı ödəyəcəyinə söz vermişdilər. Amma buna imkan verilməmişdi. Hətta Əli Abbasov ziyanın ödənilməsi üçün aidiyyəti qurumlara müraciət də etmişdi, amma buna şərait yaradılmadı".

"Azərpoçt"un sabiq rəhbəri məhkəmədən prezidentə müraciət edib: "Haqq səsimi eşitməyinizi, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edirəm".

Məhkəmə iyulun 12-də davam edəcək.

Buna da bax: 'Rabitəçilər işi': Həbsdəki məmura iki gün vaxt verildi

Xatırlatma

Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

XS
SM
MD
LG