Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:46

Şimal Axını 2 kəmərinin tikintisi başa çatdı


Şimal Axını 2 kəmərinin son sektoruna aid boruların düzülməsi sentyabrın 6-da başa çatıb
Şimal Axını 2 kəmərinin son sektoruna aid boruların düzülməsi sentyabrın 6-da başa çatıb

Kəmərin Rusiya qazı üçün əsas trantzit sayılan Ukraynadan keçməməsi Kiyevi və bir sıra Avropa ölkələrini ciddi narahat edir

Rusiyanın enerji nəhəngi Gazprom sentyabrın 10-da Şimal Axını 2 qaz kəməri tikintisinin başa çatdığını elan edib.

Uzunluğy 1230 kilometr, gücü isə ildə 55 milyard kubmetr olan bu kəmər Rusiya qazını Baltık dənizinin dibi ilə birbaşa Almaniyaya nəql edəcək.

Kəmərin Rusiya qazı üçün əsas trantzit sayılan Ukraynadan keçməməsi Kiyevi və bir sıra Avropa ölkələrini ciddi narahat edir.

Onlar deyirlər ki, Moskva bu kəmərdən gələcəkdə Ukrayna və Avropa üzərinə təzyiq vasitəsi kimi istifadə edə bilər.

Mübahisəli və ziddiyyətli kəmər tikintisinin başa çatması barədə məlumatı Gazprom şirkətinin rəhbəri Aleksey Miller verib.

O bildirib ki, kəmərin son sektoruna aid boruların düzülməsi sentyabrın 6-da başa çatıb.

Millerin sözlərinə görə kəmərlə qazın nəqlinə artıq oktyabrın 1-dən başlana bilər. O əlavə edib ki, kəmərin hər iki xəttinin işə salınması bu ilin dekabrında baş verəcək.

Qərbin və Kiyevin narahatlığı

Hazırda Avropa İttifaqı ərazisinə Rusiya qazının əksər hissəsi Ukrayna ərazisindən keçən borularla çatdırılır.

ABŞ, Avropa İttifaqının bir sıra üzv ölkələri və Ukrayna narahatdırlar ki, Şimal Axını 2 kəmərinin işə düşməsi ilə Moskva ondan Kiyev üzərinə təzyiq vasitəsi kimi istifadə edə bilər.

Rusiya isə Şimal Axını 2 kəmərinin sırf iqtisadi layihə olduğunda israr edir və ABŞ-ı ədalətsiz rəqabətdə günahlandırır.

İnşaatçılar boru düzülməsinin başa çatdırılmasını hələ 2019-cu il üçün nəzərdə tutmuşdular.

Amma keçmiş prezident Donald Tramp administrasiyasının Şimal Axını 2 kəməri layihəsində iştirak edən xarici şirkətlərə sanksiyalar qoyması tikintini ləngitmişdi.

Lakin yeni prezident Co Baydenin administrasiyası kəmər tikintisinin başa çatdırılmasına imkan verdi.

Vaşinqton bildirirdi ki, kəmər onsuz da praktik olaraq artıq tikilib. Bayden həm də nəzərə almışdı ki, tikintiyə maneçilik yaradılması Vaşinqton və Berlin arasındakı münasibətləri gərginləşdirə bilər.

Ukrayna prezidentinin sözçüsü Serhiy Nikiforov sentyabrın 10-da deyib ki, Kiyev həmişə Şimal Axını 2 kəmərinin tikilməsinə qarşı olub və bu mövqeyini gələcəkdə də dəyişməyəcək.

XS
SM
MD
LG