Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:56

Səhiyyə rəsmiləri Trump-ın dediklərini ciddi qəbul etməməyə çağırıblar


Səhiyyə rəsmiləri və şirkətlər dünya boyunca adamlara xəbərdarlıq edirlər ki, Donald Trump-ın alimlərin dezinfeksiya vasitələrindən koronavirusa qarşı istifadə məsələsini araşdırdıqlarını deməsinə baxmayaraq, belə maddələri özlərinə vurmasınlar və ya qəbul etməsinlər.

ABŞ prezidenti bu barədə danışdıqdan sonra soruşmuşdu ki, görəsən, məişət təmizləyicilərini insanlara iynə ilə vurmaq olardımı?

Dezinfektantların aparıcı istehsalçısı olan Reckitt Benckiser aprelin 24-də verdiyi bəyanatda bildirir ki, özünü, dezinfeksiya maddələrindən virusa qarşı mübarizə vasitəsi kimi istifadə ətrafında yaranmış mifi və şaiyəni dağıtmağa borclu bilir:

“Sağlamlıq və gigiyena sahəsində qlobal lider olaraq biz bunu aydın şəkildə bildirməliyik ki, bizim dezinfeksiya məhsullarımız (iynə, ağızdan qəbul və ya başqa üsulla) insan orqanizminə daxil edilə bilməz”.

Aprelin 24-də Trump daha sonra demişdi ki, hay-küyə səbəb olan bu şərhi istehzalı tərzdə verib.

Dezinfeksiya maddələri adətən insan orqanizminə düşərsə zəhərlənmə verir və bu barədə müştərilərə qəti xəbərdarlıq məhsulun üzərində yazılmış olur. Çox vaxt bu maddələrə əllə toxunulmaması da tövsiyə olunur.

Bu məsələ aprelin 23-də Ağ Evin koronavirus işçi qrupunun brifinqində gözlənilmədən qalxıb. Rəsmilərdən biri brifinq zamanı deyib ki, hökumətin apardığı araşdırma məişət təmizləyicisi xlorun insan orqanizmindəki koronavirusu bir neçə dəqiqə ərzində məhv etdiyini göstərib.

Həmin rəsmi demişdi ki, bu mənada izopropanol spirti hətta daha tez təsir göstərir.

Ziddiyyət

Aprelin 24-də jurnalistlərin bu məsələyə münasibəti barədə sualına cavab verən Trump bildirmişdi:

“Mən dezinfektantın bir dəqiqə içərisində təsir etdiyini görmüşəm. Bir dəqiqə. Görəsən belə bir şeyi iynə ilə vurmaq olarmı? Bu çox maraqlı olardı”

Trump daha sonra əli ilə başına işarə edərək fikrini davam etdirib:

“Mən həkim deyiləm. Amma bilirsiniz də, məndə bu yaxşı işləyir”.

Lakin Mülki Müdafiə xidmətinin rəhbəri Trump-a deyib ki, onun laboratoriyası belə vasitələrdən koronavirusa qarşı istifadənin mümkünlüyünü araşdırmır.

Trump isə fikrini davam etdirərək “ola bilsin kara gələr, ola da bilsin yox” deyib.

Ağ Evdə aprelin 24-də keçirilən brifinqdə prezident deyib: “Mən istehza ilə bir sual soruşdum ki, görüm nə olacaq”.

“Xahiş edirik yuyucu tabletləri yeməyin”

Bu barədə verdiyi bəyanatda Ağ Evin sözçüsü Kayleigh McEnany deyib ki, “prezident dəfələrlə amerikalıları koronavirus müalicəsi ilə bağlı həkimlərə müraciət etməyə çağırdı”.

Mətbuat katibi medianı Trump-ın dediklərini kontekstdən çıxarmaqda və neqativ başlıqlara üstünlük verməkdə ittiham edib.

Buna baxmayaraq Vaşinqton ştatı Fövqəladə Hallar Departamentinin yazdığı tvitdə deyilir:

“Xahiş edirik yuyucu “Tide” tabletlərini yeməyin və özünüzə hər cür dezinfeksiya maddəsi vurmayın”.

Bundan əvvəl mart ayında Arizonada bir kişi arvadı ilə birlikdə özlərinə təsərrüfat malları mağazasından aldıqları xloroxin maddəsini vurduqdan sonra vəfat etmişdi. Onun həyat yoldaşını reanimasiyaya yerləşdirmişdilər.

Qadın demişdi ki, onlar prezident Donald Trump-ın bu dərmanı təriflədiyi xəbər verilişinə baxıblar.

XS
SM
MD
LG