Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:00

Severodonetskdə şiddətli döyüşlər gedir


Donbas regionu
Donbas regionu

Britaniya kəşfiyyatının iyunun 6-da bildirdiyinə görə, Rusiya əsgərlərinin Slovyanska hücumunda məqsəd Ukrayna qüvvələrini mühasirəyə salmaqdır

Luqansk vilayətinin qubernatoru Sergey Qayday deyir ki, Rusiya qüvvələri “yandırılmış torpaq” taktikasına əl atırlar. Qaydayın iyunun 6-da dediyinə görə, “şiddətli” döyüş gedən Severodonetsk şəhərində minlərlə insan qalır. O, Lisiçansk şəhərinin də atəşə tutulduğunu, Rusiyanın Lisiçansk və Severodonetskə gedən əsas yolun bombalanmasına “sadəcə inanılmaz” sayda əsgər və avadanlıq sərf etdiyini bildirib.

Ukrayna hərbi kəşfiyyatının başçısı isə deyib ki, Severodonetsk ətrafında döyüş hazırda Ukrayna münaqişəsinin “ən qaynar nöqtəsi”ni təşkil edir.

General Kirilo Budanovun sözlərinə görə, Ukrayna qüvvələri hazırda şəhərdə rusiyalılara qarşı irəliləyiş əldə edirlər, baxmayaraq ki, “düşmən artilleriyası on dəfə üstündür”.

Bu iddianı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Donetsk vilayətində Slovyansk şəhəri, eləcə də ondan 20 km şimalda yerləşən Svyatiqorsk hazırda hücum altındadır, Rusiya itkilər verir, Ukrayna silahlı qüvvələrinin Baş Qərargahı bildirib.

Müharibəyədək 100 min əhalisi olan Slovyanskda 30 minədək insanın qaldığı bildirilir.

***

Ukraynanın şərqindəki Severodonetsk şəhərində ağır döyüşlər gedir, məlumatı iyunun 6-da vilayət qubernatoru Sergey Qayday açıqlayıb. Bir gün öncə ukraynalılar işğalçıları qismən geri oturda bilmişdilər.

“Müdafiəçilərimiz müəyyən müddətə əkshücuma keçə bilib, şəhərin demək olar, yarısını azad ediblər. İndi isə vəziyyət bizim üçün yenidən azacıq pisləşib”, – Luqanskın qubernatoru Qayday milli televiziyaya deyib.

İyunun 6-da səhər Ukraynanın cənubundakı Mikolayev şəhərində partlayışlar eşidilib. Bunu şəhərin meri Oleksandr Senkeviç Telagram-da yazıb.

Ukrayna ordusu iyunun 5-də axşam Rusiyanın dəstəklədiyi separatçı komandirin döyüşdə öldürüldüyünü bildirib. General mayor Roman Kutuzovun Luqansk vilayətində Popasna şəhəri yaxınlığındakı kəndə hücum zamanı öldürüldüyü xəbər verilir.

Fevralın 24-dən müharibədə Rusiyanın bir neçə generalının öldürüldüyü bildirilsə də, Moskva yalnız onlardan dördünün öldüyünü rəsmən təsdiqləyib.

***

Ukrayna qüvvələri ölkənin şərqindəki Severodonetsk şəhərində ağır döyüşlərdə Rusiya qüvvələrini geri oturdub, şəhərin yarısına nəzarəti ələ alıblar. Bunu vilayət qubernatoru Sergey Qayday deyib, amma eyni zamanda əlavə edib ki, rusiyalıların artilleriya bombardmanını ikiqat artıracağını gözləyir.

Dəmiryolu habı olan Severodonetsk həftələrdir bombardman altındadır. Ötən həftə Rusiya şəhərin 80 faizini ələ keçirmişdi.

Slovyanska hücum

Hazırda Rusiya əsgərlərinin Donetsk vilayətindəki Slovyansk şəhərini hədəfə aldığı xəbər verilir. Slovyanskdan 20 kilometr şimalda yerləşən Svyatiqorsk şəhəri yaxınlığında hücum da bərpa olunub.

Britaniya kəşfiyyatının iyunun 6-da bildirdiyinə görə, Rusiya əsgərlərinin Slovyanska hücumunda məqsəd Ukrayna qüvvələrini mühasirəyə salmaqdır.

Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 5-də cənub-şərqi Zaporijya regionunda əsgərlərə baş çəkib, onlara hərbi xidmət və verdikləri qurbana görə təşəkkür edib. Prezident həlak olan əsgərlərin xatirəsini anıb.

M270 yaylım atəşi sistemləri

Britaniya bildirib ki, Vaşinqton kimi hərəkət edəcək, Ukraynaya uzaqmənzilli raket sistemləri göndərəcək. Baxmayaraq ki, Rusiya Prezidenti Vladimir Putin Kiyevi müasir silahlarla təmin etməməklə bağlı xəbərdarlıq edib.

Müdafiə naziri Ben Vallasın sözlərinə görə, M270 yaylım atəşi sistemləri Ukraynanın Rusiyadan müdafiə olunmasına kömək edəcək. BBC-nin istinad etdiyi mənbələr ilkin mərhələdə üç belə sistemin veriləcəyini bildirir.

ABŞ ötən həftə Ukraynaya 80 km-i vurmağa qadir HIMARS raket sistemi verəcəyini bildirib.

M270 sistemləri bir dəqiqəyə 12 yer-yer tipli raket ata, 80 km daxilində yerləşən hədəfləri dəqiqliklə vura bilər. Ancaq M270-in texniki göstəricilərində deyilir ki, atılan raketdən asılı olaraq 300 km-dək məsafəni vurmağa qadirdir.

Kiyevdə partlayışlar

Rusiya Prezidenti Vladimir Putin iyunun 5-də xəbərdarlıq edib ki, Vaşinqton Ukraynaya uzaqmənzilli raketlər verərsə, Moskva da yeni hədəflərə atəş aça bilər.

İyunun 5-də Ukrayna paytaxtı Kiyevdə partlayışlar baş verib.

Britaniya Müdafiə Nazirliyinin iyunun 6-da gündəlik bülletenində deyilir ki, Rusiyanın havadan atılan Kh-101 qanadlı raketləri Kiyevdə dəmiryolu infrastrukturuna dəyib, “görünür, məqsəd Qərbin göndərdiyi hərbi avadanlığın Ukraynada cəbhə xəttinə çatdırılmasını önləməkdir”.

Kiyevə sonuncu dəfə aprelin 28-də, BMT-nin Baş katibi Antonio Quterreşin səfəri zamanı hücum olunmuşdu.

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan sonra Qərbin ağır sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG