Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:03

Orduya dəstək aksiyasında yaşananlara siyasətçilərin baxışları


İlham Əliyev insanların qarşısına çıxmalıydı- Müxalifət liderləri tənqid edir
Gözlə

No media source currently available

0:00 0:10:38 0:00

İlham Əliyev insanların qarşısına çıxmalıydı- Müxalifət liderləri tənqid edir

“Çox təəssüf ki, dünən, iyulun 14-də hökümət on minlərlə insanın Qarabağ tələbiylə ordumuza dəstək tələbiylə meydana axışmasını düzgün qiymətləndirmədi ”

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli AzadlıqRadiosuna iyulun 14-ü Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantıdan sonra baş vermiş hadisələri şərh edərkən deyib:

“İlk əvvəl belə də guman edirdim ki…”

"Əslində savaş aparan bir hökumət üçün xalqın bu dərəcədə həmin savaşan əsgər və zabitlərə dəstək olmasından yaxşı nə ola bilərdi? Əslində, dövlət hakimiyyəti özü maraqlı olmalı idi ki, xalqın bu şəkildə orduya həmrəylik aksiyalar keçirilsin. İlk əvvəl belə də guman edirdim ki, hakimiyyət bu kütləvi etiraz aksiyalarından öz mövqelərini gücləndirmək üçün istifadə edəcək. Xüsusilə də nəzərə alanda ki, artıq biz də, müxalifət olaraq, bəyanat vermişdik ki, bütün mübahisələri, tənqidi məqamları çalışacayıq daha yaxşı günlərə saxlayaq. Açıq bildirmişdik ki, birmənalı şəkildə dövlətin, ordumuzun yanındayıq”.

“Əlbəttə ki, çox yanlış oldu”

Əli Kərimlinin fikrincə, bu aksiyalarda hər yerdə insanlar həddindən artıq dinc olublar:

“Demək olar ki, çox xırda istisnalarla şüarların hamısı Qarabağla, vətənpərvərliklə bağlı idi. Belə bir şəraitdə gətirib bu tədbirin axırını məyusluğa bağlamaq, hansısa təxribatlardan sui-istifadə edərək həmin aksiyaları dağıtmaq, insanlara zor tədbiq etmək, cinayət işi açmaq, əlbəttə ki, çox yanlış oldu. Açığı, mən çox ətraflı bu mövzunun üstünə getmək istəmirəm. Çünki bildirmişik ki, savaş içində olduğumuz müddətdə hökümətlə məsələlərdə tənqidlərimizdə daha ehtiyatlı olacağıq…"

"Qarabağa azadlıq" yürüşündə iştirak edənlər Nəcməddin Sadıqovun istefasını tələb edən şüarlar səsləndirirlər
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

“Nəyə görə çıxmadılar o insanların qabağına?”

Əli Kərimli qeyd edib ki, hakimiyyət yaranmış fürsətdən istifadə edə bilməyib:

"Göz görəsi böyük səhv var ortalıqdadır və biz hamımız narahatıq ki, niyə xalqımızın bu potensialından, bu Qarabağ, millət, torpaq sevgisindən dövlət hakimiyyəti dövlətin və ordunun gücləndirməsi üçün istifadə etmir. Nəyə görə çıxmadılar o insanların qabağına? Bu insanlar Qarabağ istəyirdilər, dövlət rəhbərliyi çıxaydı onların qabağına. Vəd edəydi ki, Azərbaycanın maraqlarından bir addım da geri atılmayacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq, orduya getmək istəyənlərin bir hissəsi seçilib müqavilə əsasında peşəkar orduya cəlb olunacaq. Təsəvvür edirsiniz, bu on saatdan artıq müddətdə ayaq üstə bu aksiyaları keçirən o fədakar gənclərdən necə gözəl əsgər və zabitlər çıxar?"

Partiya sədri qeyd edib ki, toplaşma zamanı təxribatlar baş verib:

"Dünən,iyunun 14-də on minlərlə insan ki, bu yürüşlərə, mitinqlərə qoşulmuşdu, onların mütləq əksəriyyəti vətənsevər insanlar idi. Ən səmimi duyğularla dövlətin mövqeyini müdafiə etməkdən ötrü, Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyinə dəstək verməkdən ötrü küçələrə çıxmış insanlar idi. Amma orada necəsə təxribatlar törədilib. Mən müstəqil jurnalistləri də araşdırma aparmağa çağırıram. Çünki hal-hazırda internet texnologiyaları o qədər inkişaf edib ki, çox nadir hadisələr ola bilər ki, kadra düşməsin. Həmin o təxribatçıları müəyyənləşdirmək lazımdır. Milli Məclisin qarşısından polis kordonu niyə birdən birə götürüldü? Kimlər təxribatlar elədi Milli Məclisə girməklə bağlı? O maşına qarşı hücumu kim təşkil etdi? Mənə məlumat verdilər ki, sosial şəbəkələrdə bu versiya səslənir ki, həmin o təxribatçı qruplar da özbaşına olmayıb. Onlar idarə olunublar. İstisna eləmirəm”.

“Heç bir cəbhəçi belə bir tədbirlərdə iştirak etməyib".

AXCP sədri deyib ki, baş verənlərin hamısı şəffaf şəkildə ortaya qoyulmalıdır:

“Hətta hakimiyyət bu məqsədlə kimlərisə həbs edibsə, istintaq şəffaf aparılmalıdır. Biz bilməliyik ki, həqiqətənmi təxribatçılar həbs olunub? Çünki, mənə məlumat verdilər ki, artıq bir neçə nəfər AXCP üzvü həbs olunub. Hələlik, onlarla bağlı biz bilmirik, onları karantin qaydalarını pozmaqda ittiham edirlər, yoxsa nə istəyirlər onlardan? Xalq Cəbhəsinin üzvləri təcrübəli insanlardır, onlar bilirlər ki, bizim tərəfdən heç bir zorakılıq hadisəsi ola bilməz. Mən tam təminat verirəm ki, heç bir cəbhəçi belə bir tədbirlərdə iştirak etməyib".

Haqqımızı tələb edirik, 30 ildən artıq gözləmək olar? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

“Dövlətlə, ordu ilə birlik, həmrəylik aksiyası idi”

Deputat Zahid Orucun bildirməsinə görə isə, diqqəti ona çox yönəltmək lazımdır ki, iyulun 14-də paytaxtda və bir sıra bölgələrdə lokal insanların seli dövlətlə, ordu ilə birlik, həmrəylik aksiyası idi:

"Bu spontan baş vermişdi, planlaşdırılmamışdı, başqa cür ola da bilməz”.

Zahid Oruc deyib ki, orada səslənən çağrışlar dünya çapında Azərbaycanı təqdim edib, dövlətlə birliyi, bərabərliyi göstərib.

Deputat habelə deyib:

“Hesab edirəm ki, Milli Məclisin binasına daxil olma, orada hansısa bəlli, qanunsuz hərəkətlərə yol vermə, amma onun mühüm bir hissəsinin yenə də dediyimiz çağırışları etməsi, hansısa bir siyasi şüarlar, antidövlət, antiordu mövqelər söyləməməsi özü-özlüyündə yenə də dövlət aktivinə yazııla biləcək hadisədir. Başqa bir nöqtəni də qabartmaq istəyirəm. Bu da ondan ibarətdir ki, qarşıda hərbi əməliyyatlar davam edərsə, bu cür sellər yenidən meydana çıxa bilər və bundan yalnız sevinmək lazımdır. Çünki millətin bu dünya çapındakı pandemiya fonunda, məlum sosial, psixoloji, mənəvi, karantin rejiminin gətirdiyi normalar və onun fonundakı itkilərə baxmayaraq yenə də hayqırıb bütöv bir millət kimi meydana çıxması bu milləti xarakterizə edən xüsusiyyətlərdir".

“Ora vətəndaşlar siyasi mənsubiyyətlə daxil olmamışdılar”

Zahid Oruc qeyd edib ki, dünən, iyulun 14-də meydanda dövlət nümayəndələri də olub:

"Orada hansısa bir dövlət adamı, siyasi təşkilat, hakim partiyanın nümayəndəsi olsaydı, bir qədər ssenari başqa cür olacaqdı düşünənlərə cavab olaraq deyirəm ki, Milli Məclisin Aparat heyətindən, hökümətdən və dövlət idarələrində işləyən çoxlu insanlar orada olub. Dünən, iyulun 14-də ora vətəndaşlar siyasi mənsubiyyətlə daxil olmamışdılar. Müharibənin özü sıravi əsgərdən generala qədər bu birliyi və vahidliyi yaratmışdısa, meydanlardakı da o idi…”

“Bütövlükdə xalqımızın xeyrinədir".

Deputatın fikrincə, ən böyük xarizmalı şəxsin də o insanların hamısını qane edəcək bəyanatlar söyləməsi qeyri-mümkündür:

“O mənada ki, qələbəyə acdılar, torpaqlarımızın işğaldan azad edilməsi istəyini göstəriblər, beynəlxalq qurumların yarıtmazlığını göstəriblər. Belə olan təqdirdə bunlar yalnız dövlətin, o cümlədən hakimiyyətin, o cümlədən müxalifətin və bütün siyasi qüvvələrin, bütövlükdə xalqımızın xeyrinədir".

Bakıda orduya dəstək aksiyası
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

“Azərbaycan vətəndaşlarının tam ixtiyarı var idi”

ReAl Partiyasının sədri İlqar Məmmədov isə bildirib ki, dünən, iyulun 14-də Bakıda baş verən aksiya dinc, legitim olub:

"Onu keçirməyə Azərbaycan vətəndaşlarının tam ixtiyarı var idi. Bu ixtiyardan da onlar tam həcmdə faydalanırdılar. Fikir verin, Azərbaycanda son 10-15 ildə ən böyük icazəsiz aksiya nəinki mitinqlərin ümumiyyətlə qadağan edildiyi bir vaxtda, hətta insanların küçələrə sms-lə çıxmasının tələb edildiyi bir vaxtda (koronavirusla bağlı martin 24-dən Azərbaycanda karantin rejimi elan edilib - red) baş verdi. Yəni, demək istəyirəm ki, dünən, iyulun 14-dəki aksiya göstərdi ki, bütün bu qadağalar, kütləvi toplaşmalara, sərbəst toplaşmalara qoyulan bu yasaqlar çox şərti xarakter daşıyır, tarixi perspektivdə”.

“Bəzi adamlar qapını açdılar, dedilər ki, gəlin girin parlamentə”

İlqar Məmmədovun fikrincə, Azərbaycan dövləti çox qısa bir zamanda sərbəst toplaşmaq azadlığı ilə bağlı çox önəmli və demokratikləşməyə doğru addımlar atmalıdır:

“Belə davam edə bilməz. İnsanlar öz ifadə azadlığını, öz sərbəst toplaşmaq azadlığını özləri özlərinə qaytarırlar və heç hökumətdən icazə də istəmirlər. Gördünüz necə spontan, xalqın icindən gələn bir dinc etiraz oldu. Heç kim bu aksiyadan axırıncı məqama qədər başqa dağıdıcı məqsədlər, təxribatlar üçün istifadə etmirdi. Haçan ki, bəzi adamlar qapını açdılar, dedilər ki, gəlin girin parlamentə, bax, bu açıq-aydın təxribat idi və onun məqsədi mitinqi dağıtmaq üçün bəhanə qazanmaq idi. Çünki mitinq dinc keçirilirsə, onu necə dağıdacaqsan?”

İlqar Məmmədovun fikrincə, Azərbaycan xalqı həmin aksiyanın dinc mərhələsi ilə özünün demokratik haqqını tam həcmdə istifadə etməyə hazır olduğunu göstərdi:

“O ki, son anlarda təxribat törədildi, parlamentin qapısını kimsə açdı, dedi “gəlin girin içəri”, bu təmiz təxribat idi. Ona uyan bəzi insanlar oldu və bu da onu göstərir ki, kütləvi aksiyalar xaotik, spontan deyil, mütəşəkkil olmalıdır. Mütəşəkkil olması üçün də dövlət münasibətində dəyişiklik qaçılmazdır və çox vacibdir. Bu saat Azərbaycan xalqı son 15 ildəki ən böyük aksiyasını mitinqlərin tamamilə qadağan olunduğu, hətta insanların sms-lə küçəyə çıxmağa məcbur qoyan qaydalar çərçivəsində keçirdi. Özü də ki, bu, ən yasaqlanmış məkanlarda - Prezident Administrasiyasının, Parlamentin qarşısında və ümumiyyətlə mərkəzi küçələrdə baş verdi”.

Xatırlatma

İyulun 14-ü Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib.

Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxardaraq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydığı məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb.

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Son günlər Azərbaycan tərəfi biri general olmaqla 11 hərbçisini itirməsi, 4 yaralı olması barədə xəbər yayıb.

Ermənistan tərəfi də dörd hərbçisinin ölməsi haqda məlumat yayıb. O da öz növbəsində baş verənlərə görə Azərbaycanı ittiham edir.

XS
SM
MD
LG