Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:35

Türkiyə ABŞ şirkəti ilə Suriya kürdləri arasında neft razılaşmasını pisləyib


ABŞ hərbi maşınları Suriyanın şimal-şərqindəki Qamışlı yaxınlığında (Foto arxivdəndir)
ABŞ hərbi maşınları Suriyanın şimal-şərqindəki Qamışlı yaxınlığında (Foto arxivdəndir)

Türkiyə Suriyada bir ABŞ şirkəti ilə şimal-şərqi Suriyanın “muxtar kürd administrasiyası” arasında imzalanmış yeni neft sazişini kəskin pisləyib.

Bu barədə bəyanatla avqustun 3-də Türkiyənin Xarici İşlər Nazirliyi çıxış edib.

ABŞ şirkəti ilə kürd muxtar ərazisi arasında imzalanmış sazişi Bashar al-Assadın hökuməti də pisləyib.

Beləliklə bu məsələdə Türkiyə faktiki olaraq rəqibi Dəməşqlə eyni mövqedən çıxış edir.

Barəsində ilk dəfə Al-Monitor saytı tərəfindən xəbər verilən saziş ABŞ-da çox az tanınan Delta Crescent Energy LLC tərəfindən imzalanıb.

Al-Monitor saytının müxbiri Amberin Zamanın iddiasına görə bu sazişin imzalanmasına Ağ Ev də xeyir-duasını bildirib.

Suriya kürdlərinin nəzarətində olan bu ərazinin muxtariyyəti heç bir ölkə tərəfindən tanınmayıb.

Türkiyə “ABŞ-ın beynəlxalq qanunlara və Suriyanın ərazi bütövlüyünə etinasızlıq nümayişı etdirən bu addımından dərin məyusluq” ifadə etmişdi.

BBC Türk xidmətinin məlumatına görə sözü gedən saziş rəsmi Dəməşq tərəfindən “Suriya neftinin oğurlanması cəhdi” kimi pislənib.

Türkiyənin kəskin bəyanatından bir neçə gün əvvəl Suriya Demokratik Qüvvələrinin rəhbərliyi ilə danışan ABŞ senatoru Lindsey Graham belə bir sazişin imzalandığını təsdiqləmişdi.

ABŞ-ın dəstəklədiyi SDQ əsasən kürd döyüşçülərdən ibarətdir.

Belə bir sazişin imzalanması məsələsinə ABŞ dövlət katibi Mike Pompeo Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmədə toxunmuşdu.

ABŞ Dövlət Departamenti bildirir ki…

ABŞ-ın Politico jurnalının verdiyi məlumata görə Dövlət Departamenti sazişdən xəbərdar olduğunu, lakin kommersiya qərarlarının qəbulunda iştirak etmədiyini bildirib:

“Biz lokal partnyorlarımızın kommersiya qərarlarına qarışmırıq. Lakin biz ümumi qaydada sanksiyalarımızın bizim xarici siyasət maraqlarımıza uyğun olmasını təmin edir və Assad rejiminin Suriya xalqına qarşı davam edən zorakılığını hədəfləyirik”.

Dövlət Departamentinin sözçüsü daha sonra Suriyanın ərazi bütövlüyü məsələsi barədə deyilənlərə aydınlıq gətirib:

“Suriya nefti Suriya xalqı üçündür və biz Suriyanın birlik və ərazi bütövlüyünü dəstəkləməkdə davam edirik. Birləşmiş Ştatların hökuməti Suriyada heç bir neft resurslarına malik deyil, onlara nəzarət etmir və idarə edilməsi ilə məşğul olmur. İŞİD-dən azad edilmiş ərazilərdəki əhali yerli idarəetməyə dair öz qərarlarını qəbul edir”.

Politico yazır ki, ABŞ prezidenti Donald Trump Amerika qoşunlarının Suriyadan çıxarılmasını əmr edərkən yalnız neft mədənlərinin mühafizəsi üçün kifayət edəcək qədər hərbçinin bölgədə saxlanacağını bildirmişdi.

Məqalədə bu da xatırladılır ki, vətəndaş müharibəsi zamanı Suriyanın neft mədənləri İŞİD-in nəzarətində idi. Bu ərazilər İŞİD-dən ABŞ tərəfindən dəstəklənən SDQ qüvvələrinin gücü ilə alınıb.

Amerika mənbələri bildirirlər ki, ABŞ neft şirkəti Suriyada neft mədənlərininin sadəcə modernizasiyası ilə məşğul olacaq.

XS
SM
MD
LG