Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:56

Tacikistanda gizli məhkəmə: Hakimiyyəti ələ keçirmək cəhdi, yoxsa hakimiyyətin devrilmək qorxusu?


Xamroxon Zarifi, Akbarşo İskandarov, Saidcafar Usmonzoda, Şokircon Hakimov, Ahmadşoh Komilzoda
Xamroxon Zarifi, Akbarşo İskandarov, Saidcafar Usmonzoda, Şokircon Hakimov, Ahmadşoh Komilzoda

Tacikistanda xeyli insanı mat qoyan və əvvəllər görünməmiş gizli məhkəmə keçirilir. Hakimiyyətdə 32-ci ilini tamamlayan avtoritar prezident İmomali Rahmonu "devirmək istəyən" səkkiz ictimai xadim hakim önünə çıxarılıb.

AzadlıqRadiosu tacik xidmətinin bilgisinə görə, söhbət, o sıradan, iki keçmiş xarici işlər nazirindən, tanınmış qanunverici və güvənlik xidmətinin iki polkovnikindən gedir.

Bu şəxslər yasaqlanmış müxalif təşkilatlarla əlbir olaraq Tacikistanda hakimiyyəti ələ keçirmək üçün silahlı qruplaşmaların təşkilində suçlanırlar.

Baş prokuror Yusuf Rahmon bildirib ki, gizli plana görə, təqsirləndirilənlər xarici hökumətdən 10 milyon dollar tapmalı, hakimiyyəti devirmək üçün yasaqlanmış "Çamoati Ansorullo" müsəlman ekstremist qruplaşmasının 3 minədək silahlısını cəlb etməliydilər.

İttihamların təəccüb doğurmasına səbəb təqsirləndirilənlərin bir çoxunun dünyəvi baxışlara sahib olmasıyla tanınmasıdır.

Siyasi hakimiyyəti zorla ələ keçirmək planı?

Gizli məhkəmə prosesi noyabrın 14-də paytaxt Düşənbənin istintaq təcridxanalarının birində başlanıb. Məhkəmə və ya dövlət ittihamçısı bu barədə heç nə deməyib. Suçlananların ailə üzvlərinin, media və ictimaiyyət nümayəndələrinin məhkəmədə iştirakı yasaqlanıb.

Məhkum edilənlərə qarşı irəli sürülən ittihamlar bəlli deyil, onların ailə üzvləri və vəkilləri mediaya açıqlama vermirlər. Ancaq AzadlıqRadiosunun məhkəməyə yaxın qaynaqlarının bilgilərinə görə, hakimiyyəti zorla ələ keçirmək, vətənə xəyanət, nifrətin körüklənməsi və sənədlərin saxlalaşdırılması ittihamlar arasındadır.

Qaynaqların söylədiyinə görə, suçlananlardan bəziləri özünü təqsirsiz sayır, qalanlarının ittihamla bağlı fikirləri prosesin məxfiliyi üzündən bəlli deyil.

Baş prokurorun şok doğuran bəyanatından belə çıxır ki, o, iyunun 14-də Saidcafar Usmonzodanın deputat toxunulmazlığının ləğviylə bağlı parlamentə müraciət edib. Bundan iki gün əvvəlsə deputat həbs edilib.

İddiaya görə, Demokrat Partiyasının keçmiş sədri Usmonzoda Avropada bir neçə tacik müxalif hərəkatını birləşdirən "Tacikistan Milli Alyansı" ilə siyasi hakimiyyəti zorla ələ keçirmək planını müzakirə edib.

Baş prokuror Yusuf Rahmon
Baş prokuror Yusuf Rahmon

Y.Rahmonun bilgisinə görə, 2021-ci ilin sentyabrında Usmonzoda ilə telefon danışığı zamanı Alyans rəhbərinin müavini Şarofiddin Qadoyev deyib ki, yasaqlanmış İslam Dirçəliş Partiyası çevrilişi gerçəkləşdirmək üçün maliyyə yardımı göstərəcək və Əfqanıstandan Tacikistana "Çamoati Ansorullo" döyüşçülərini gətirəcək. Qadoyev baş prokurorun dediklərini təkzib edib.

Döyüşçülərin ölkənin fərqli yerlərində silah ələ keçirmək üçün hərbi və polis orqanlarının qərargahlarını zəbt etmək istədikləri iddia olunur. Sövdələşənlər, beləcə, qısa müddətdə ölkədəki sabitliyi sarsıtmaq və hökuməti devirmək məqsədi güdürlərmiş.

Baş prokuror bunu da bildirib ki, Usmonzoda irəli sürülən bütün ittihamlarda, o sıradan adı çəkilməyən xarici ölkə nümayəndəsindən "nümayişlərin təşkilinə nüfuzlu şəxsləri inandırmaq" üçün 10 milyon dollar istəməkdə özünü təqsirli bilib.

Dəyişikliklər üçün durum yetişib?

Bir neçə gün içində Düşənbədə tanınmış ictimai xadimlər - keçmiş xarici işlər naziri Xamroxon Zarifi, parlamentin keçmiş spikeri Akbarşo İskandarov, Demokrat Partiyası və Sosial Demokrat Partiyası rəhbərlərinin müavinləri Ahmadşoh KomilzodaŞokircon Hakimov saxlanılıblar.

Hakimiyyət daha üç nisbətən az tanınan məmuru – Xarici İşlər Nazirliyinin keçmiş şöbə rəisi Abdulfaiz Atoini və Dövlət Milli Güvənlik Komitəsinin təqaüddə olan iki polkovnikini - Nuramin QanizodaCamşed Boyevi də həbs edib.

Avqustda mediaya bütün işlərin bir-biri ilə sıx bağlı olduğu bildirilsə də, prokurorlar istintaqa dair ayrıntılı bilgi verməyiblər. O vaxtdan bəri hakimiyyət orqanlarından, məhkəmə və vəkillərdən bu işlə bağlı heç bir bilgi paylaşılmayıb. Dövlət nəzarəti altındakı media bu prosesi görməzdən gəlir.

Hakimiyyətin söz və tənqid azadlığına yol verilmədiyi ölkədə taciklərin bir çoxu qisasdan qorxaraq mediaya danışmaqdan boyun qaçırır.

Gizli məhkəmə prosesi Düşənbədəki təcridxanada keçirilir.
Gizli məhkəmə prosesi Düşənbədəki təcridxanada keçirilir.

Düşənbə universitetlərindən birinin adının çəkilməsini istəməyən professoru bildirib ki, "mühakimə olunanların suçlandıqları maddələrdə təqsirli olub-olmadıqları bilinməsə də, Tacikistanda rejimi dəyişmək üçün hər hansı cəhdin baş verəcəyi qaçılmazdır".

Həmin professorun sözlərinə görə, bir çox tacik ölkədəki durumdan, o sıradan prezident Rahmonun 36 yaşlı oğlu Rustamı öz xələfi kimi hazırlamasına dair geniş yayılmış söz-söhbətdən narazıdır: "Taciklər bütün sahələrdə prezidentlə onun yaxın çevrəsinin hər şeyə nəzarətindən narazıdırlar. Onlar ölkəyə şəxsi mülkiyyəti kimi yanaşır, başqalarına heç bir imkan tanımırlar".

Professor sözlərini belə davam edib: "İnsanlar bu ailənin daha 30 il ölkəyə rəhbərlik etməsini istəmirlər". O, ardınca deyib: "Demokratiya, azad və ədalətli seçkilər olmayanda bəziləri avtoritar rejimdən canını qurtarmaq üçün başqa yolları gözdən keçirə və ya əl ata bilər".

Professor bunu da əlavə edib ki, belə cinayət işləri hakimiyyətin atadan oğula ötürülməsi ərəfəsində hökumətin özündən əmin olmadığına və paranoyya hissi keçirdiyinə işarə sayıla bilər.

Bəzi tacik təhlilçilərin fikrincə, bu səkkiz şəxsə qarşı irəli sürülən ittihamlar əsassızdır, axı çoxu 60- 70 yaşlarında olan həmin adamların rəqiblərinə qarşı amansız repressiyalarla tanınan hökumətə meydan oxuması inandırıcı deyil.

"Onlar hakimiyyətə və siyasi nüfuza sahib olduqları vaxtda - karyeralarının zirvəsində rejimə meydan oxuya bilmədilər. İndi buna cəhd etməkləri, demək olar, mümkün deyil", - ABŞ-də yaşayan Tacikistan üzrə təhlilçi Aziz Nurulloyevin sözləridir.

Bununla belə, Nurulloyev vurğulayır ki, əhalisi, az qala, 10 milyon olan və milyonlarca vətəndaşı iş axtarmaq üçün xaricə üz tutan yoxsul ölkədə insanların siyasi dəyişiklik tələb etməsi üçün durum yetişib.

XS
SM
MD
LG