Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:15

Trump hansı kitabları reklam edir?


Trump 2015-ci ildə özünün "Axsaq Amerika" (Crippled America) kitabını təqdim edərkən
Trump 2015-ci ildə özünün "Axsaq Amerika" (Crippled America) kitabını təqdim edərkən

Bir o qədər də kitab əhli kimi tanınmayan ABŞ Prezidenti Donald Trump öz Twitter hesabından bir neçə kitabı tərifləməyə, adəti üzrə “əla”, “inanılmaz” kimi sözlər işlətməyə başlayıb.

Söhbət daha çox qəsd nəzəriyyəsi kateqoriyasından olan azı altı kitabdan gedir. Onlardan ikisinin adları belədir: “Casusgeyt: Donald J. Trump-ı sabotaj cəhdi” və “Rusiya fırıldağı”.

Kitabın müəllifləri Jeanine Pirro kimi Trump tərəfdarlarıdır. Pirro Trump-ın çoxdankı dostudur. Onun “Yalançılar, xəbərçilər və liberallar: anti-Trunp konspirasiyasına qarşı arqument” adlı kitabı da var. Trump bu kitabın “əcinnə ovunu” (Trump-ın seçki kampaniyası ilə Rusiya arasında mümkün işbirliyini araşdıran xüsusi istintaqı nəzərdə tutur – red.) yetərincə izah etdiyini demişdi.

TÖVSİYƏ ETDİYİ KİTABLARI ÖZÜ OXUYURMU?

Prezidentin tövsiyə etdiyi kitabların çoxunun müəllifləri Trump-ın hökumətin daxilində hansısa qüvvələrin onu devirməyə çalışması haqda baxışlarını əks etdirən adamlardır. Kitabların bəzilərində Trump-a sərfəli olsa da, həqiqətə uyğun olmayan ifadələr işlədilir. “Rusiya müdaxiləsi ilə bağlı araşdırma bitib”, – Pirronun kitabında deyilir.

Trump-ın reklam etdiyi digər kitablar əsasən onun baxışlarını dəstəkləyən millət vəkilləri tərəfindən yazılıb. Prezident Luizianadan seçilmiş respublikaçı konqresmen, ötən il siyasi zəmində baş vermiş atışmadan sağ çıxan Steve Scalise-in “Yenidən oyunda” adlı kitabını “çox təsirli” adlandırıb.

Scalise və onun kimi müəlliflər də prezidentin kitab klubunda olmaqdan məmnundurlar.

“Ancaq bir sualın cavabı çox maraqlıdır: görəsən, cənab Trump-ın özü amerikalılara oxumağı tövsiyə etdiyi kitabları oxuyubmu? O, vaxtının olmamasından gileylənib, həm ictimaiyyətə kitab oxumağı sevdiyini, həm də çox da kitab oxumadığını deyib”, – “The New York Times”da dərc olunmuş məqalənin müəllifi Katie Rogers sual edir.

“Hər dəfə yarım səhifə oxuyuram. Sonra da telefon zəngi gəlir, təcili iş çıxır və sair”, - Donald Trump ötən il Andrew Jackson haqda kitab oxumağından danışarkən belə deyib.

Son illərdə onu izləyən müşahidəçilər Trump-ındəftər- kitaba maraq göstərməsinə şübhə edirlər.

“O, yerli-dibli oxumur. Şişirtmirəm. Onun yaxşı oxucu olmaq üçün hövsələsi, marağı və özünütənqidi yoxdur. Buna görə də köməkçiləri və müşavirləri mürəkkəb fikirləri ona şəkillər, qrafiklər vasitəsilə, ya da sadəcə sözlə çatdırırlar”, – “Trump milləti: Donald olmaq sənəti” (TrumpNation: The Art of Being the Donald) kitabının müəllifi Timothy L. O’Brien yazır.

ONDAN ƏVVƏLKİ PREZİDENTLƏR

Trump-ın oxumadığı kitablara rəy verməsi onu sələfi olan prezidentlərdən fərqləndirən çoxsaylı cəhətlərdən biridir.

Barack Obama hələ də müntəzəm kitab siyahıları paylaşır. O, öz baxışlarına əks-arqumentləri qabardan kitablar oxuduğunu da deyib.

O bu yaxınlarda, xanımı, keçmiş birinci ledi Michelle Obama-nın kitabı haqqında tərifli sözlər yazıb:

Triller janrını sevən Bill Clinton-un özü də bu yaxınlarda bir detektiv romanı yazıb. George W. Bush-sa müşaviri Karl Rove-la kitab oxuma yarışına girərdi. Rove yazır ki, “prezidentin yanında daim kitab olardı”. Hətta keçmiş aktyor Ronald Reagan belə Tom Clancy-nin Soyuq müharibə haqda trillerini təriflədikdən sonra müəllifi Ağ Evə dəvət etmişdi.

Trump-sa bu baxımdan çox fərqlidir. O, seçki kampaniyası zamanı CNN-ə yazdığı memuar kitabının biznes haqda ən çox satılan kitab olduğunu demişdi. Bu, həqiqətə uyğun deyildi. 2005-ci ildə “The New York Times”a ünvanladığı məktubda o, John Updike, Orhan Pamuk və Philip Roth-u oxuduğunu iddia etmişdi.

Prezident Trump öz Twitter hesabından onu tərifləyən müəlliflərin kitabları haqda müsbət fikirlər səsləndirdiyi kimi, onu tənqid edən müəlliflər haqda da mənfi rəy bildirir. O, “Alov və qəzəb” (“Fire and Fury”) kitabının müəllifi Michael Wolff-u “əqli tarazlığı pozulmuş müəllif” adlandırıb, “Qorxu” adlı kitabında Trump administrasiyasının xronikasını vermiş veteran jurnalist Bob Woodward-ı isə mənbələri uydurmaqda ittiham edib.

XS
SM
MD
LG