Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:58

Türkmənistanda ölən Türkiyə diplomatının arvadı məhkəməyə baş vurur


Kemal Uçkun
Kemal Uçkun

Türkiyə mediasında verilən xəbərlərə görə Türkmənistanda COVID-19-dan ölən Türkiyə diplomatının dul xanımı ərinin qəfil vəfatı ilə bağlı məhkəməyə müraciət edib.

Türkmənistan ölkə ərazisində koronavirus epidemiyasının olduğunu rəsmən inkar edən azsaylı ölkələrdən biridir.

Media xəbərlərində deyilir ki, Güzide Uçkun Türkiyənin Türkmənistandakı səfiri Toğan Oralı, Türkiyə Səhiyyə Nazirliyinin rəsmilərini məhkəməyə verib.

Qadın bu şəxsləri əri Kemal Uçkunun müalicə üçün dərhal Türkiyəyə aparılmamasına görə məhkəməyə verib.

2018-ci ildən Türkiyənin Aşqabaddakı səfirliyində din məsələləri üzrə müşavir işləyən Kemal Uçkun, bu ilin iyun ayında tənəffüs çətinliyi simptomları ilə xəstəxanaya aparılmışdı.

O 11 gün sonra Türkmənistandakı xəstəxanalardan birində vəfat edib. Diplomatın xanımı israr edir ki, əri təcili qaydada Türkiyəyə aparılsaydı, daha keyfiyyətli müalicə olunar və ölməzdi.

Aşqabad diplomat ölənədək dirənib

Güzide Uçkun dekabrın 20-də Sözcü qəzetinə deyib ki, ərində COVID-19-un aşkar əlamətlərinə baxmayaraq, onu koronavirus xəstələri üçün istifadə olunmayan antibiotiklərlə müalicə etməyə çalışıblar:

"Mən onlardan Aşqabada tibbi yardım və ya hər hansı başqa təyyarə göndərilməsini tələb edirdim ki, ərimi Türkiyəyə aparım. Mən lazımi anketləri doldurmuş, bütün kağızları hazırlamışdım. Lakin səfirlik, din işləri müdirliyi və Səhiyyə Nazirliyi onun Türkiyəyə çatdırılması üçün lazımi işləri görmədilər”.

Türkiyə hökumətinə yaxın mənbələr AzadlıqRadiosuna bildirib ki, 57 yaşlı diplomatın ölməsinə səbəb Türkmənistan hökumətinin Uçkunun Türkiyəyə aparılmasını istəməməsi olub. Beləki türkmən rəsmilər ölkələrində koronavirus epidemiyasının olmasının xaricdə bilinməsini istəmirdilər.

Eyni mənbə dekabrın 20-də AzadlıqRadiosuna eyib ki, cənab Uçkunun başqa qohumları onun Türkiyəyə köçürülməsinə maneə yaratdığı üçün Türkmənistan hakimiyyət orqanlarını məhkəmə veriblər.

Türkmənistan hökuməti Türkiyənin hava ambulansına yalnız iyulun 9-da, Uçkunun cənazəsinin aparılması üçün ölkənin hava məkanına daxil olmaq icazəsi verib.

Koronavirusu boynuna almayan ölkə

Türkmənistan Mərkəzi Asiyada Dünya Səhiyyə Təşkilatına (DST) bircə koronavirusa yoluxma halı barədə də məlumat verməmiş yeganə ölkədir.

Avqust ayında DST Türkmənistanda atipik pnevmoniya hallarında sıçrayışlı artımla bağlı narahatlıq ifadə etmişdi.

Təşkilat ölkəyə nümayəndə heyəti göndərmək üçün səylər göstərsə də, rəsmi Aşqabad buna imkan yaratmamışdı.

Həbsxanalarda, məktəblərdə və ümumiyyətlə, əhali arasında koronavirusa yoluxma tüğyan eləsə də Aşqabad ölkədə COVID-19 infeksiyalarının olmadığında israr edirdi.

Halbuki Mərkəzi Asiyada, Türkmənistana qonşu ölkələrdə böyük yoluxma rəqəmləri qeydə alınırdı.

Buna baxmayaraq Türkmənistanda ağ ciyər xəstəliklərindən ölənlərin cənazələri yaxınlarına xüsusi plastik torbalarda verilir.

XS
SM
MD
LG