Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 21:20

Ukraynalı yaralı əsgərlərə yardım göstərən nənələr


İşğal altında olan kəndin sakinləri yaralı Ukrayna əsgərlərini xilas etməyə çalışıblar, sonra onları gizli basdırıblar.
İşğal altında olan kəndin sakinləri yaralı Ukrayna əsgərlərini xilas etməyə çalışıblar, sonra onları gizli basdırıblar.

Yevgeniya cəbhə xətti yaxınlığında təhlükəli yolla evinə gedərkən, ağır yaralanmış ukraynalı əsgəri görür. Bu əsgər Yevgeniyanın yaşadığı kəndi Rusiya işğalından azad etmək üçün vuruşan hərbi birliyin üzvü idi.

"Əsgərin süründüyünü gördüm", - Yevgeniya 35 yaşlı əsgər Boqdan Artemçuk haqqında deyir bunu və onu nəvazişlə "Boqdançik" adlandırır.

2022-ci ilin sentyabrında Rusiya Ukraynaya qarşı tammiqyaslı savaş başladandan təxminən yeddi ay sonra Boqdan və onun aid olduğu hərbi birlik Ukraynanın cənubundakı Xerson vilayətinin Pravdino kəndinə daxil olaraq oranı azad etməyə çalışıb.

"Ay oğul, qoy sənə kömək edim"

"Mən onun yanına qaçıb dedim "Ay oğul, qoy sənə kömək edim". Di gəl, qaldıra bilmədim onu", - Yevgeniyanın sözləridir.

CurrentTimeTV soyadını bildirməyən Yevgeniya Boqdanın ağır yaralı olduğunu və çox əziyyət çəkdiyini xatırlayır.

AzadlıqRadiosunun Ukrayna xidmətinin əməkdaşı Dmitri Qoryevoyun yazısında deyilir ki, yaralı olsa da, Boqdan tək olmadığını anlada bilib. O, Yevgeniyanın diqqətini yaxınlıqdakı həyətə yönəldib. Yevgeniya burada ağır yaralı 31 yaşlı ukraynalı əsgər Konstantin Xakimovu tapıb.

Yevgeniya vaxt itirmədən əlindən gələn köməyi göstərib.

"Nənə, mənə bir az su ver", - deyə əsgər ondan xahiş edib.

Boqdan Artemçuk
Boqdan Artemçuk

Yevgeniya müharibə başlanandan bəri içməli su toplayıb saxlayırmış. Müharibə başlanandan az sonra Rusiya qoşunları artıq işğal altındakı Krımdan şimala doğru hərəkət edərək strateji şəhər olan Xersonu ələ keçirib və Nikolayevə doğru irəliləyirdi.

Nikolayevin cəmi 30 kilometr cənub-şərqində yerləşən Pravdino Rusiya qoşunlarının nəzarətinə keçsə də, rusiyalıların irəliləyişi dayanınca, kənd yenidən cəbhə xəttinə çevrilib.

2022-ci ilin sentyabrında Boqdanla Kostantinin aid olduğu hərbi birlik artıq qonşu kəndləri azad etmişdi və Pravdinonu işğaldan qurtarmaq üçün basqınlar həyata keçirirdi.

Kostya suyu içərkən, Yevgeniya kömək tapmağa çalışıb. Onun ağlına gələn ilk fikir öz maşını olan bir nəfəri taparaq əsgərləri yaxınlıqdakı kənd xəstəxanasına çatdırmaq olub. Ancaq maşını olanların çoxu kəndi çoxdan tərk etmişdi. Müharibədən öncə 1500 nəfər əhalisi olan kənddə, olsa-olsa, 180 nəfərədək adam qalmışdı.

Tapdığı qonşular əvvəlcə kömək etmək istəməyiblər

Onlar Yevgeniyanı xəbərdar ediblər ki, rusiyalılar onların hamısını öldürə bilər.

Evə dönən Yevgeniya iki rusiyalı əsgərin daha öncəki atışmadan sağ qalmış ola biləcək ukraynalıları axtardığını görüb.

"Uşaqlar, onlara toxunmayın. Onlar yaralıdırlar, sizə heç nə edə bilməzlər", - o, rusiyalı əsgərlərə elə deyib.

Rusiyalılar Kostya və Boqdanı sorğu-suala çəkərək onların sənədlərini götürsələr də, özlərini heç yerə aparmayıblar.

Konstantin Xakimov
Konstantin Xakimov

Yevgeniya bu dəfə dərman və paltar axtarmağa başlayıb. Bu səfər daha iki təqaüdçü - Dusya və Valya ilə birlikdə geri qayıdıb. Onlar da dərhal ukraynalı əsgərlərin qayğısına qalmağa başlayıblar.

Yevgeniya əsgərlərə bulyon yedirərək onları yenidən həyata qaytarmağa çalışıb. "Mən onlara yalvarır, …ağlayırdım. Ancaq onlar heç nə yemək istəmirdilər", - Yevgeniya bel deyir.

Boqdan elə əvvəldən ölümü gözləyirmiş kimi görünürdü.

Yevgeniyanın sözlərinə görə, Boqdan dördüncü gün su istəyib və oturub. "O Dusyanı qucaqladı, sonra başını onun çiyninə qoyub eləcə də öldü, gözləri açıq", - Yevgeniya deyir.

İki gün sonra Kostya da keçinib.

Yevgeniya, Dusya və Valya əsgərlərin günün birində yaxınları tərəfindən qaydalara uyğun dəfn edilməsini istəyirlər.

Kənd azad ediləndə…

Üç təqaüdçü qadın işğalçı Rusiya qoşunlarının onları cəzalandıracağı riskiylə üz-üzə, qonşulardan Yevgeniyanın həyətində iri quyu qazmalarını xahiş ediblər. Onlar cəsədləri səliqə ilə uyğun örtüyə bükərək bir-bir quyuya endiriblər.

Öncə Boqdanın cənazəsi endirilib və üzəri iri plitə ilə örtülüb. Sonra Kostyanı endirərək onun da üzərinə plitə qoyublar.

Beləcə, cənazələr bir neçə ay gizli qalıb. Sonra Ukrayna ordusunun 28-ci briqadası – Boqdanla Kostyanın briqadası Pravdinonu azad edib.

Yevgeniya əsgərləri döyüş yoldaşlarının cənazəsinin yanına gətirib və kimliklərinin təsdiqlənməsi üçün onların sənədlərini təqdim edib.

Yevgeniyanın arzusu gerçəkləşib; qayğısına qaldığı əsgərlərin ailələri kəndə gələrək övladlarının cənazəsini götürüb aparıblar.

XS
SM
MD
LG