Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:17

Keçmiş Vaqner komandirinin Norveçdən sığınacaq istədiyi deyilir


Andrey Medvedev
Andrey Medvedev

Rusiyanın Vaqner muzdlu döyüşçülər qrupunun keçmiş komandirinin Norveçdən sığınacaq istədiyi bildirilir.

UDI adıyla tanınan Norveç İmmiqrasiya Direktorluğu Andrey Medvedevin Norveçdən sığınacaq istədiyini “The Associated Press”ə təsdiqləyib. “Təhlükəsizlik və gizlilik səbəblərindən” əlavə informasiya verilməyib.

Medvedevin norveçli vəkili Brynjulf Risnes də onun Norveçdə olduğunu və sığınacaq istədiyini söyləyib.

İşin Norveç immiqrasiya polisinə verildiyi, sözügedən şəxsin Osloya transfer olunduğu bildirilir. O, miqrasiya qanunlarını pozanların saxlandığı mərkəzə yerləşdirilib.

Sərhədi keçəndən sonra...

Ötən həftə Norveç polisi bir şəxsin Rusiya ilə 198 kilometrlik sərhədi keçərək ölkəyə qanunsuz girdiyini açıqlayıb.

Məlumatlara görə, həmin şəxs sərhəddə bir şəxsi evə girərək kömək istəyib. Polis deyib ki, rusiyalı sərhədçilər onlara cümə axşamı qarda izlərin aşkarlandığı, kiminsə sərhədi qanunsuz keçə biləcəyi haqda bilgiləndirib.

Sözügedən şəxsin Medvedev olduğu güman edilir. Norveçin NTB xəbər agentliyinin yazdığına görə, o, iyulun 6-da Vaqner qrupundan qaçıb. İddialara görə, Medvedev Rusiyada bir insan haqları qrupuna Vaqner-lə bağlı bildiklərinin hamısını deməyə hazır olduğunu söyləyib. Vaqner-in sahibi Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinlə əlaqələri olan şəxsdir.

Ötən ilin fevralında Ukraynaya hücum başlayandan Vaqner Rusiyadakı həbsxanalardan məhbusları öz sıralarına cəlb edib.

Əsirlərlə davranış iddiaları

AzadlıqRadiosunun rus xidməti isə Medvedevin əsir götürülmüş ukraynalıların necə öldürülməsi haqda danışdığını yazır. Onun sözlərinə görə, Vaqner-i yalnız əsirlərin verdiyi informasiyalar maraqlandırır, dindirəndən sonra onları edam edirlər.

Priqojin isə əsirlərlə humanist davranıldığını, onlardan əsir mübadiləsində istifadə olunduğunu deyirdi. İndiyədək bu şirkətin iştirakıyla azı bir dəfə belə mübadilə aparılıb.

Medvedev deyib ki, Vaqner-in xüsusi bölümü əsirlərin, o cümlədən ukraynalıların qətliylə məşğul olur. O, Baxmut yaxınlığında könüllü əsir düşən dörd ukraynalı hərbçinin qətlindən xəbəri olduğunu söyləyib. Onların dördü də Donetsk vilayətində bir qəsəbədə dindiriləndən sonra güllələnib, Medvedev bildirib.

Priqojinin dedikləri

Priqojin Norveçin “Aftenposten” qəzetinin sorğusuna cavabında deyib ki, Medvedevin Norveç vətəndaşlığı var, Vaqner-in “Nidxyoq” adlı Norveç batalyonunun tərkibində olub. Priqonun dediyinə görə, Medvedev əsirlərlə qəddar rəftara görə məsuliyyətə cəlb olunmalıdır, Vaqner-in təhlükəsizlik xidməti tərəfindən axtarılır.

Medvedev Vaqner-dən çıxmasını “mənasız müharibə və komandanlığın özbaşınalığı” ilə razılaşmaması ilə izah edib.

İndiyədək Vaqner-in öz muzdlularını fərarilik, əsir düşmək və digər pozuntulara görə edam etməsi haqda bir neçə dəfə məlumat yayılıb. Noyabrda Telegram kanallarda yayılan videoda rusiyalı Yevgeni Nujinin Ukrayna tərəfinə əsir düşəndən sonra gürzlə döyülərək öldürülməsinin əks olunduğu bildirilir. Medvedev Nujinin komandiri olduğunu deyir.

Vaqner indiyədək Suriya, Afrika, Latın Amerikasında və Ukraynada quru əməliyyatlarında iştirak edib. Qrup bir çox ölkələrdə hərbi cinayətlərdə şübhəli bilinir.

XS
SM
MD
LG