Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:44

Həbsdəki icra başçısından 7.5 milyon tələb edilir


Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi

Həbsdə olan icra başçılarından biri, uzun illər İmişli rayonuna rəhbərlik etmiş Vilyam Hacıyevə qarşı 7.5 milyon manatlıq mülki iddia qaldırılıb. Hacıyevdən pul tələb edənlər arasında İmişli rayon İcra Hakimiyyətindən tutmuş, rayondakı mərkəzi xəstəxanaya qədər müxtəlif qurumlar var. Həmin dövlət orqanlarının nümayəndələri iyulun 15-də məhkəmədə bu tələblərini səsləndiriblər. Onlar bildirib ki, yeyinti nəticəsində təmsil etdikləri qurumlara külli miqdarda ziyan dəyib və ödənilməlidir.

İcra hakimiyyətinin nümayəndəsi 6 milyon 641 min, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Mərkəzi) təmsilçisi 674 min manat ödənilməsini istəyib. Digər mülki iddiaçılar isə İmişli rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət və Turizm şöbəsidir.

Hacıyev tutularkən axtarış zamanı evindən, iş otağından götürülən pullar, müxtəlif qohumlarının adlarına olan daşınmaz əmlakların üzərinə həbs qoyulub. Prokuror çıxışında sabiq icra başçısına 13 il cəza ilə yanaşı, həm də əmlakının müsadirə olunmasını, onun yeyinti nəticəsində dəymiş ziyanın ödənilməsinə yönəldilməsini istəmişdi.

"Onlar əsilzadə ailədir"

Həbsdəki məmur və onun vəkilləri buna etiraz edir. Vəkil Elmar Kərimov iddia edir ki, həmin əmlaklar Hacıyev İmişli rayonunun icra başçısı vəzifəsinə təyin edilməmişdən xeyli əvvəl əldə olunub: "Onlar əsilzadə ailədir, həmişə kifayət qədər imkanları olub. Tamam başqa adamların əmlaklarının üzərinə həbs qoyulub, prokuror da onların müsadirəsini istədi. Halbuki, onlar ittihamda bəhs edilən vaxtdan xeyli əvvəlki dövrdə alınıb".

Vəkil vurğulayıb ki, mərhum prezident Heydər Əliyev də, hazırkı dövlət başçısı İlham Əliyev də Hacıyevə ciddi etimad göstərib. Onu "Vətənə xidmətə görə" ordeni, Azərbaycan Xalq Cümhuriyyətinin yubiley medalıyla təltif edib, "Naxçıvan MR fəxri vətəndaşı" adını veriblər. Müdafiəçi yada salıb ki, bir neçə il öncə prezident Əliyev İmişlidə olarkən rayonda görülən işlərə görə Hacıyevin ünvanına müsbət fikirlər səsləndirirdi.

"Hər şeyi Vilyam Hacıyevin üstünə atırlar"

Hacıyevin digər vəkili isə hesab edir ki, müvəkkili səhlənkarlıq edib, tabeliyindəki işçilərin hərəkətlərinə tam nəzarət edə bilməyib: "İndi hamı kənarda qalıb, icra başçısı olub deyə, hər şeyi Vilyam Hacıyevin üstünə atırlar".

Vilyam Hacıyev son sözə hazırlaşmaqdan ötrü məhkəmədən 10 gün istəsə də, ona üç gün vaxt verilib.

2004-2006-cı illərdə Göygöl, 2006-2012-ci illərdə Samux, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı olmuş Vilyam Hacıyev 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Külli miqdarda yeyinti, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Hacıyev özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir.

XS
SM
MD
LG