Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:23

Aqil Xəlil Parisdə həmyerlilərindən uzaq gəzir


Aqil Xəlil "Jurnalistlət evi"ndəki otağında karikatura çəkir. 14 iyun 2009
Aqil Xəlil "Jurnalistlət evi"ndəki otağında karikatura çəkir. 14 iyun 2009
“Mən vətənimi çox sevirəm. Amma inanın ki, burda Azərbaycanla bağlı nə varsa, hətta burdakı azərbaycanlılardan da kənar gəzməyə çalışıram. Yaxşı, ya pis - Azərbaycanla bağlı hər şey beynumdə

QORXUNC XATİRƏLƏRİ YENİDƏN OYADIR.

Həm də düşünürəm ki onlardan mənə xeyir gəlməz”

Bazar günüdü və turistlər də, parislilər də paytaxt meriyasının qarşısındakı parkda nümayiş olunan ekszotik güllərə baxa-baxa bizim oturduğumuz skamyanın da “başına dolanırlar”.

Həmsöhbətimin Bakıda döyülüb bıçaqlanandan sonra Fransaya mühacirət etməsindən 10 ay keçir.

Deyir ki, “Azadlıq” qəzetinin müxbiri kimi Bakıda zeytun ağaclarının qırılması haqda araşdırmaya başlayandan sonra başına gələnlərin stresindən hələ də can qurtara bilməyib.

Strasburqdan fərqli olaraq Parisdə azərbaycanlı azdır, amma Aqil Xəlil deyir ki, hətta bu da qürbət yerdə onda öz həmyerliləri ilə ünsiyyət qurmaq istəyi yaratmayıb.

“Mənim üçün Azadlıq Radiosuna müsahibə vermək həmişə xoşdur, amma indi sizinlə danışırıq və yadıma bıçaqlanandan sonra Azadlıq Radiosuna verdiyim müsahibə düşür...”

Həmsöhbətim deyir ki, Fransada yaşadığı müddətdə bir neçə azərbaycanlı tələbə ilə münasibət qurmaq imkanı olub, amma onların hətta azad ölkədə də öz fikirlərini sərbəst şəkildə deməyə ehtiyat etdiklərini görəndən sonra bu yeni tanışlıqlardan vaz keçib.

Soruşuram ki, bəs yaxşı, dostsuz-yoldaşsız necə yaşayırsan?

EYFEL QÜLLƏSİNİN QONŞULUĞUNDA HƏMDƏRDLƏR

Parisdəki “Jurnalistlər evi” Eyfel qülləsinin yaxınlığında yerləşir. Amma məlumatsız adam bu iki mərtəbəli binanın əsas təyinatını çətin anlaya.

Parisdəki "Jurnalistlər evi".
Bu bina nə mətbuat konfranslları keçirmək üçündür, nə də jurnalist toplantıları. Burası bir sığınacaq.

“Jurnalistlə evi”ndə dünyanın dörd bir yerindən 20-yə yaxın yazar məskunlaşıb – Afrikadan, Latın Amerikasından, Türkiyədən, Əfqanıstandan və... Azərbaycandan.

Qərargahı Parisdə yerləşən Sərhədsiz Reportyorlar Təşkilatı bu sığınacağı təzyiqlər üzündən ölkəsindən qaçmağa məcbur olan yazarlar üçün yaradıb.

Kim bilir təsadüfdür, yoxsa “Sərhədsiz Reportyorlar” sığınacaq üçün yeri bilərəkdən seçib, amma məlumdur ki, Eyfel qülləsi Fransada bir azadlıq rəmzi sayılır, 1889-cu ildə Fransa İnqilabının 100 illiyi münasibətilə ucaldılıb. Bu 300 metrlik əzəmətli “Azadlıq abidəsi” tikildiyi dövrün ən hündür tikilisi idi.

On ay “Jurnalistlər evi”ndə yaşayandan sonra indi

AQİL XƏLİL YENİ MƏNZİLƏ KÖÇMƏYƏ HAZIRLAŞIR

Təbii ki, həmin mənzil onunku deyil, sadəcə, “Juranlistlər evi”ndə ölkəsindən qaçaq düşən yazarları 6 ay-1 il arası saxlayırlar, bu müddət ərzində onlardan kimisi ya Fransada, ya da başqa ölkədə sığınacaq alır, həmin dövlətin verdiyi yardımla dolanmağa, qalmaq üçün ayırdığı mənzildə yaşamağa başlayır, qalan jurnalistlər isə yenə də “Sərhədsiz Reportyorlar”ın maliyyəsi ilə ayrıca mənzillərə köçürülür, talelərinə aydınlıq gələnəcən, həyatlarını istədikləri kimi quranacan orda yaşayırlar.

“Jurnalistlər evi”ndə ilk azərbaycanlı jurnalist olan Aqil Xəlilin Ərən və Nilufərlə yoldaşlığı tutur. Nilufər Əfqanıstandan, Ərən isə Türkiyədəndir.

Ərən solçu “Evrensel” qəzetinin keçmiş əməkdaşıdır. Üç aydır Parisədidr. Deyir ki, həm “zəhmətkeşlərin mənafeyini müdafiə etdikləri”, həm də “kürd sorunu”ndan yazdıqları üçün qəzetləri təzyiqlərə məruz qalıb.

Ərənin sözlərinə görə, Türkiyədə - polis idarəsində ona işgəncə veriblər, aramsız izləndiyi üçün Fransaya qaçmağa məcbur olub.

Aqil Türkiyədən olan jurnalist Ərənlə Parisdəki "Jurnalistlər evi"ndə. 14 iyun 2009

Aqilin sözlərinə görə, bəzən siyasi söhbətlərdə Ərənlə fikirləri üst-üstə düşmür, amma bu, yoldaşlıqlarına mane olmur. Və gülə-gülə əlavə edir: “Bizi ayrıan əsas cəhət odur ki, Ərən qəndlə çay içir, mən isə çayla qənd yeyirəm”.

“Jurnalistlər evi”ndəki həmdərdlər həftəsonu qrup şəklində kinoya, teatra da gedir, yaxınlıqda dekorativ yox, yabanı bitkilərdən yaradılmış parkda istirahət edirlər.

Amma bu on ayda azərbaycanlı jurnalistin başına yeni tanışlıqların birində iş də gəlib – bir fransız az qalıb ki onu evindən qovsun...

“İT DEYİL, O DƏXİ BİZLƏRDƏN BİRİMİZ”

“Sərhədsiz Reportyorlar” ölkəsindən qaçaq düşən yazarların düşdükləri yeni mühitə inteqrasiya olunmasına çalışır, onların fransız ailələri ilə ünsiyyət qurmasına imkan yaradır.

Aqil danışır ki, bir dəfə bir fransız onu evinə qonaq çağırır, içəri girən kimi ev sahibinin iti Aqilin üstünə cumur. Bu “hücumun” axırının yaxşı olmayacağını düşünən qonaq təpiklə “müdafiə olunur”. Aqil deyir ki, bu, ev sahibinin çox xətrinə dəyir.

“Fransızın itinə təpik vurmaq elə uşağını vurmaq kimi bir şeydir. Bunlar itləriylə bir yerdə yatırlar. Burda it qəbiristanlığı da var.

Mən nə qədər ona Fransada və Azərbaycanda itə fərqli münasibət haqda danışsam da, hiss elədim ki, hərəkətim ev sahibinin çox xətrinə dəyib, hirsi yalnız üzdə soyuyub. Bəlkə də bir addımlığında idik ki, məni evdən qovsun”.

“Jurnalistlər evi” tələbə yataqxanasını da xatırladır. Düzdür, hər yazarın öz otağı var, amma onlar çox vaxt bir yerdə olurlar - ya bir-birilərinin otağında, ya İnternet kabinetində, ya da yeməkxanada.

Aqilin o qədər də böyük olmayan otağında bir çarpayı, iki kiçik stol, stul, tranojor, qantel, divarlarda isə özünün çəkdiyi karikaturalar və jurnallardan kəsilmə fotomodel şəkilləri var.

Yeməkdən söz düşmüşkən, “Sərhədsiz Reportyorlar” onların hər birinə

3 DƏFƏ YEMƏK ÜÇÜN GÜNƏ 30 AVRO

verir. Aqil deyir ki, bu nə azdı, nə də çox. Bu pulla özləri də ərzaq alıb yeməkxanada yemək bişirə bilərlər, “Jurnalistlər evi”ndən kənarda da yemək yeyə bilərlər.

Parisin Eyfel qülləsindən - 300 metr hündürlükdən görünüşü.

Hərçənd Paris bahalı şəhərdir və hər gün kafedə nahar eləmək alınmaya da bilər.

Məsələn, Parisdə Azərbaycan mətbəxinə yaxın olan Livan restiranında düyülü, ətli xörəyin bir boşqabı 14 avrodan ucuz deyil. Amma Aqil təkcə “yemək pulu”nun ümidinə qalmayıb.

O, ayda iki dəfə ezamiyyətə gedir, Parisdəki, yaxud Fransanın bölgələrindəki litseylərdə Azərbaycan haqda mühazirə oxuyur. Bu cür əlavə qazanc imkanını da onun üçün “Sərhədsiz reportyorlar” yaradıb.

Hər mühazirəyə görə litseylər “Jurnalistlər evi”ndəki yazarlara 500 avro qonorar verir. Aqilin dediyinə görə, 3 saatlıq mühazirənin böyük bir hissəsini tələbələrin suallarına cavab vermək təşkil edir.

O həm Azərbaycanın mədəniyyəti, tarixi, Ermənistan-Azərbaycan münaqişəsi, Xocalı faciəsi haqda məlumat verir, həm də ölkədəki siyasi vəziyyət, jurnalistlərin üzləşdiyi təzyiqlər haqda danışır.

Deyir ki, Azərbaycanla müqayisədə tələbələrdə Ermənistan haqda daha çox məlumat olduğunu müşahidə edib.

Mühazirədən başqa Aqil Paris Universitetində Azərbaycan haqda dissertasiya yazan iki fransıza Azərbaycan dili dərsi də keçir. Bu əlaqə də “Sərhədsiz Reportyorlar”ıb hesabına yaranıb. Bir sözlə, ingilis məsəliylə desək, Aqilə

TƏKCƏ BALIQ VERMİRLƏR, BALIQ TUTMAĞI DA ÖYRƏDİRLƏR


“Bir də görürsən, qapım döyülür, çaşıb azərbaycanca qışqırıram ki, “hə”. Burda yuxudan məni kilsə zəngi oyadır, yadıma düşür ki, orda səhər xorus səsinə oyanırdım. Birdən qulağıma səs gəlir, elə bilirəm anam çağırır... Yəni hələ də fikrən Azərbaycandan tam ayrıla bilmirəm”.

Amma onu da əlavə edir ki, jurnalist fəaliyyəti üçün normal şərait yaradılanacan Azərbaycana qayıtmaq fikri yoxdur. “Əvvəl düşünürdüm ki, Fransada 3-4 ay qalıb geri qayıdacam. Amma artıq fikrimi dəyişmişəm.

Elə bilirəm ki, təyyarəyə minib Bakıya getsəm, elə aeroportdaca hər şey yenidən başlayacaq. Burda öz həyatımı yenidən qurmağa çalışıram. Özümü 24-25 yaşlarında yox, 1 yaşında hiss edirəm.

Aqil karikatura çəkərkən

Çünki bura düşdünsə, yenidən dil açırsn, fransız dilini öyrənməyə başlayırsan”.

Həmsöhbətim yaxınlarda Sarbonna Universitetinin hazırlıq kursunda – fransız dili kursunda təhsil almağa başlayacaq, daha sonra isə Universitetin ya Politologiya, ya da Sosiologiya fakültəsinə daxil olmaq fikri var.

Deyir ki, bu on ayda fransız dilində ünsiyyət qurmağı öyrənib, “mersi, bonjur” mərhələsini çoxdan keçib.

Aqil karikatura kurslarına da gedir. Onun karikaturalarının hədəfinə həm dövlət adamları, həm də müxalifət fəalları tuş gəlir.

O, Azərbaycanda başına gələnlər haqda kitab yazmağa da hazırlaşır – özünün gündəlikləri əsasında. Düzdür, kitab məsələsini açır, amma nə fikirləşirsə, “bəlkə bu haqda ətraflı yazmayasan” deyir...

Bakı zeytunluğu ilə Paris parklarının fərqi
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00
Direct-ə keçid

XS
SM
MD
LG