Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:09

Eynulla Fətullayev: «Bunu İlham Əliyevə bağışlamayacam»


Eynulla Fətullayev və vəkili İsaxan Aşurov
Eynulla Fətullayev və vəkili İsaxan Aşurov
- Bu şəxs cəzaçəkmə müəssisəsində məhkumdur və şübhəsiz ki, hazırkı situasiyada müstəqil ola bilməz. Məsələn, bu şəxsi siz başqa bir cəzaçəkmə müəssisəsinə köçürsəniz, o zaman onu dindirsəniz, müstəqil şəxs kimi qəbul oluna bilər. Özü də bu adam orda hamamda işləyir. Yəni orda işçidir.

Mayın 14-də Qaradağ rayon Məhkəməsində jurnalist Eynulla Fətullayevin məhkəməsində məhbus jurnalist məhkəmədən xahiş etdi ki, məhbusların ifadələrinin obyektivliyinin təmin olunması üçün onlar başqa cəzaçəkmə müəssisəsinə köçürülsünlər.

Eynulla Fətullayev hesab edir ki, ona qarşı təxribat həyata keçirilmiş bir cəzaçəkmə müəssisəsinin dustaqları həmin müəssisənin rəhbərliyinin təzyiqi altındadırlar və məhkəmədə ifadə verərkən səmimi ola bilməzlər. Hakimsə dedi ki, qanunvericilikdə bunu təmin edəcək müddəa yoxdur.

MƏN BİLİRƏM ORDA HANSI ŞƏRAİTDİR

Sonra hakim Eynulla Fətullayevdən dindiriləcək növbəti məhbus şahid, 5 yaşlı qızı zorladığına görə məhkum edilmiş və 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Oruc Bayramova olan münasibətilə maraqlandı:

Hakim: - Ümumiyyətlə, bu şəxslə münasibətiniz necə olub?

Eynulla Fətullayev: - Hörmətli sədr, mən bunu ibtidai istintaq vaxtı da demişdim, əgər bu şəxslərin müstəqilliyini təmin etmək istəyirsinizsə, onları başqa cəzaçəkmə müəssisəsinə keçirin, sonra dindirin. Yəni bu iş mənə qarşı təşkil olunmuş bir işdir, bu adam sonra cəzaçəkmə müəssisəsinə qayıdacaq. Başa düşürsünüz? Mən bilirəm orda hansı şəraitdir.

EYNULLA MƏNİMLƏ ŞƏXSİ SÖHBƏTİNDƏ DEDİ Kİ, QARABAĞDA OLANDA NƏŞƏ ÇƏKMİŞƏM

Eynulla Fətullayevin məhkəməsi, 7 may 2010
Məhbus şahid - Oruc Bayramov dedi ki, 12 saylı cəzaçəkmə müəssisəsində hamam işlərinə baxır. Eynulla Fətullayevlə onun arasında normal münasibət olub. Məhbus şahid Eynulla Fətullayevin narkotikdən istifadə etdiyini söylədi:

- Bir var bu adama böhtan atıla, deyə bilmərəm ki, bunu Eynullanın cibinə kimsə qoyub, yaxud qoymayıb. Çünki mən bilmirəm bunu Eynulla hardan əldə eləyib, necə əldə eləyib. Ancaq Eynulla mənimlə şəxsi söhbətində dedi ki, Qarabağda olanda nəşə çəkmişəm. Olsaydı burda da çəkərdik. Şəxsən ötən il yayda hamamın qabağında görmüşəm bu adamı, gözü-başı pis vəziyyətdə. Bu insanı bir-iki dəfə görmüşəm elə vəziyyətdə.

Bu yerdə Eynulla Fətullayevin vəkili İsaxan Aşurov şahiddən soruşdu ki, nəyə görə Eynullanı həmin vəziyyətdə görərkən cəzaçəkmə müəssisəsinin rəhbərliyinə məlumat verməyib? Məhbus şahid sualı cavablandıra bilmədi. Şahidin ifadəsi Eynulla Fətullayevin təəccübünə səbəb oldu:

HÖKUMƏT MƏNİ BUNLARLA BİR SIRAYA QOYUB

- Mənim bir sualım var, o zərərçəkən qızın neçə yaşı var idi?

- 5 yaşı.

Sonra Eynulla Fətullayev üçünü dövlət ittihamçısı Elçin Nağıyev tutdu:

- Budur sizin şahidlər. Siz bunlardan Azərbaycan ziyalısına qarşı istifadə edirsiniz. Bax, bu hökumət məni bunlarla bir sıraya qoyub. Bunu bağışlamaq olar? Mən bunu İlham Əliyevə bağışlamayacağam.

Eynulla Fətullayev
Sonra prosesdə cəzaçəkmə müəssisəsinin digər məhbusları, seksual xarakterli zorakılıq hərəkətlərinə görə məhkum edilmiş Rahim Məmmədov və anasını bıçaqladığına görə məhkum edilmiş Azər Əhmədov dindirilib.

Eynulla Fətullayev dedi ki, ittiham tərəfinin zorlamaya görə məhkum edilmişlərdən ona qarşı istifadə etməsi biabırçılıqdır.

Eynulla Fətullayev 2007-ci ilin aprelində çıxarılan birinci həbs qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında çıxarılan ikinci həbs qərarı nəticəsində E.Fətullayevin cəzası 8 il 6 ay müddətinədək artıb.

2009-cu ilin dekabrında saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində məhbus jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Cinayət Məcəlləsinin narkotik vasitələr saxlama ittihamıyla E.Fətullayevə yeni cinayət işi açılıb. Bu iş üzrə hazırda məhkəmə araşdırması gedir.

Avropa İnsan Haqları Məhkəməsi aprelin 22-də Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və Azərbaycan hökumətinin ona 25 min avro təzminat ödəməsi qərarı çıxarıb. Beynəlxalq hüquq müdafiə təşkilatları da Azərbaycan hökumətindən jurnalisti dərhal azad etməyi tələb edirlər.

Buna da bax:

XS
SM
MD
LG