Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:59

Qoltuq ağaclarında müstəqillik savaşı


Murad Məmmədov
Murad Məmmədov
-
İlk addımını 15 yaşında atıb. Məktəbə getməsə də, oxuyub-yazmağı öyrənib. İlk maaşını 17 yaşında alıb. İki yerdə işlədiyi vaxtlar da olub.

İndi 23 yaşı var və işləməklə yanaşı, əngəlli insanlara müxtəlif təlimlər də keçir. Birinci qrup əlildir, amma həyata bağlılığı və tükənməz inamı hesabına hər şeyə özü nail olub. Həyatdan küsməyib, «mən bacaracağam» deyib və bacarıb:

«Əlil olduğumdan nə bağçaya, nə məktəbə getmişəm. Xalaoğlu birinci sinifdə oxuyurdu. Onun kitab dəftərləri və evdəkilərin də köməyi ilə 1-ci və 2-ci sinfin yarısınadək yazıb oxumağı öyrənmişəm. Daha sonra da tək başıma öyrənməyə davam etmişəm. Televiziyaya baxmaqla, qəzet oxumaqla, radioya qulaq asmaqla, krossvordlar çözməklə özümü dəyişdirmişəm».

15 YAŞINDA İLK ADDIM...

...Sonra öyrətməyə başlayıb – ayaqlarını işləməyə alışdırıb, sanki bir başqa adam kimi onlara gəzmək öyrədib. Axı 15 yaşınadək bircə addım da atmayıbmış. Yeri gəlmişkən, Murad heç vaxt əlil arabasından istifadə etməyib və özü alışıncayadək kresloda, ya divanda anasının köməyindən yararlanıb. Ən başlıcası heç vaxt ruhdan düşməyib. Hətta həkimlərin «müalicəsi yoxdur» söyləməsi də inamını qırmayıb:

«15 yaşımda fikirləşdim ki, heç kim çıxış yolu göstərmirsə, demək, özüm bacarmalıyam. İnsan çox şeyə qadirdir.
Gözə görünməsə də, əslində, həmişə çıxış yolu tapılır. Bağda qoltuq ağacları vardı. Nənəmə dedim, gedib gətirdi. Əvvəl alınmırdı. Ancaq həvəsdən düşmədim. Mənə böyük gəlirdi. Sonra dayım kəsib balacalaşdırdı. Öncə evdə gəzməyə başladım. Üç-dörd ay evdə gəzdim. Hər şey möcüzə kimi oldu. Axı həkimə dəfələrlə üz tutmuşduq, «heç şansı yoxdur» deyirdilər. Ancaq gəzdim. İlk addımımı 15 yaşımda atdım. Yaz idi, elə bu vaxtlar olardı. O hissi ifadə etmək asan deyil. Əlindən heç kim tutmur, sən sərbəst addım atırsan. Dünyada, məncə, bundan yaxşı şey yoxdur. İnsanlar gərək bunun qədrini bilsinlər».

Gəzmək, yerimək Muradın o qədər xoşuna gəlir ki, gününün böyük hissəsini tövşüyüb, yorulub-usanıb, haldan düşərək dayanıb, amma... yenə gəzib:

«Əvvəlcə iki-üç ay öz məhəlləmizdə gəzdim. Sonra başqa məhəllələrdə gəzməyə başladım. Özüm mağazaya getdim, 100 metr, 200 metr addımladım. Ayaqlarımın gücləndiyini duyurdum».

İLK İŞ, İLK MAAŞ

17 yaşı olanda iş axtarmağa başlayıb. İşə götürənlər onun əlilliyindən çəkiniblər. Ancaq o çəkinməyib. 2007-ci ildə internet klublarının birində kassir çalışmağa başlayıb
:

«Gündə 2 manat qazanırdım. Pulumu yığırdım, bərəkətli idi. Bundan sonra özümə inamın daha da artdı. İş motivasiyadır, cəmiyyətə, həyata qatılırsan. İşləyəndə adam daha məsuliyyətli olur. Cəmiyyətdə belə bir ziyanlı düşüncə var ki, əlilliyi olan insanlar heç nə bacarmır. Bu üzdən çox yerdə əlillərə güvənmir, onlara iş vermirlər. Şans versələr görərlər ki, belələri, yeri gələndə, əlilliyi olmayanlardan qat-qat səmərəli çalışa bilir».

İlk iş uğurunu möhkəmləndirən Murad daha sonra futbol klublarının birində sosial şəbəkə yönəldicisi çalışıb. İndi kino mərkəzlərinin birində həm sayta moderatorluq edir, həm də internet reklamlarını yönəldir. Bütün bunlar onun «Müstəqil Həyat» İnkişaf və Dəstək Mərkəzində təlimçi işləməyinə də əngəl törətmir:

«İşlərimdə daha çox uğur qazanmaq istərdim. Ölkəmizdə nəqliyyat vasitələri əlilliyi olan insanlar üçün əlverişli deyil. Ona görə maşın almaq istəyirəm. Bir də oxumaq, təhsilimi artırmaq istəyirəm. Beləcə, daha müstəqil olacağam. Məncə, hər bir adamın son hədəfi də ELƏ müstəqillik olmalıdır...».
XS
SM
MD
LG