Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:34

İŞİD-in növbəti hədəfi Bakı ola bilər?


-

ABŞ-ın «The National Interest» jurnalında Azərbaycan üzrə tanınmış araşdırmaçı, Massaçussets Amherst Universitetinin tarix professoru Audrey L. Altstadt «İŞİD-in növbəti hədəfi Bakı ola bilər?» sualına diqqət çəkir.

Xanım Altstadt yazır ki, Azərbaycan hakimiyyəti ötən yay ərzində apardığı kütləvi həbsləri, insan haqları fəallarının və müstəqil səslərin təqibini ölkənin təhlükəsizlik mülahizələri ilə əsaslandırır və beynəlxalq tənqidləri «antiazərbaycan» damğası ilə yaxına buraxmır:

«Rejim vurğulayır ki, ölkənin müstəqilliyini, özəlliklə Rusiya və terrorçulardan qorumağa çalışır. Bunlar həqiqətən də böyük çətinliklərdir. Ancaq Azərbaycanın müstəqilliyi üçün seçki müşahidəçilərinin, insan haqları qruplarının və bloqqerlərin nə təhlükə törətdiklərini görmək çətindir».

XƏSTƏLİKDƏN QORXULU MÜALİCƏ

Məqalədə deyilir ki, hazırda kürd muxtariyyəti İŞİD-in buxovlanmasında alət kimi istifadə edilir, lakin burada «müalicə» xəstəlikdən betər ola bilər:

«Çox az Qərb təhlilçisi kürd muxtariyyətinin özəlliklə Cənubi Qafqazda törədə biləcəklərinin nəticələrini daha geniş saf-çürük edib».

Altstadt İraq kürdlərinə muxtariyyət verilməsinin istər Türkiyə, istərsə İranın şimal-qərbindəki kürdlərə mümkün təsirinə toxunur.

Təhlilçinin fikrincə, İran kürdlərinin muxtariyyət deyil, birbaşa müstəqillik fikrinə düşmə ehtimalı Cənubi Qafqaz ölkələrinin hamısında dirəniş və çaxnaşma törədə bilər.

PUTİN-İN QİSASÇILIĞI

Altstadt Dağlıq Qarabağ münaqişəsindən də söz açaraq yazır ki, Azərbaycan bu məsələdə son dərəcə ehtiyatlı davranmalıdır. Onun fikrincə, burada Rusiya faktoru var. Üstəlik, Azərbaycan NATO-nun yaxın müttəfiqidir və Türkiyə də erməni iddialarından ehtiyatlanır.

Altstadt bu qənaətə gəlir ki, Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası dəhşətli regional müharibəyə çevrilə bilər. Müəllif Rusiya dəstəkli etnik azlıqların tələblərinə qonşu Gürcüstanın sinə gərməsinə də diqqət çəkir:

«Bu ilin əvvəllərində prezident Vladimir Putin-in Ukraynadakı revanşizmi təsdiqlədi ki, Rusiya, azlıqları qorumaq bəhanəsi ilə, qonşu suveren dövlətlərin ərazilərini cəzasız şəkildə özünə birləşdirə bilər. Gürcüstan və ya Qafqazın bir başqa ölkəsində rusların sayı önəmli dərəcədə çox deyil, amma indiyədək osetinləri qoruduğunu iddia edən Rusiya eyni qaydada ermənilər və başqa müttəfiqləri barədə də bənzər addımlar ata bilər».

VAHİD AZƏRBAYCAN VƏ İŞİD TƏHLÜKƏSİ

Məqalədə qeyd olunur ki, Tehran İran kürdlərinin ayrılmaq barədə kiçicik tələbinin də Şərqi Azərbaycan və Ərdəbilin türkdilli əhalisini ayağa qaldıra biləcəyindən rahatsızdır.

Müəllif Arazın hər iki tayındakı azərbaycanlıların birləşmək məsələsinin hələ sovet dönəmindən bəri mövcudluğunu yada salaraq, müstəqil Azərbaycan Respublikasındakı müxtəlif qrup və fərdlərin belə duyğuları gücləndirməsini də xatırladır.

Altstadt-ın fikrincə, İran ölkənin şimal-qərbindəki separatçılıq hərəkatından narahatdır, amma bir iş var ki, İŞİD-in Mosuldan Bakıya hərəkətinin də qarşısını elə bu ərazi alır.

AZƏRBAYCAN VƏ GÜRCÜSTAN İTİRƏCƏK

Məqalədə bildirilir ki, indi Rusiyada, Yaxın Şərq və Cənubi Qafqazda vəziyyət kövrəkdir və kürdlərin bölücülüyü ayrılıqda hər ölkəyə özünəməxsus qaydada təsir göstərə bilər. Müəllif yazır ki, kürd separatçılığının törədə biləcəyi münaqişədə Azərbaycan və Gürcüstan itirən, Ermənistansa qazanan tərəf olacaq.

Bununla belə, Altstadt-ın fikrincə, İslam radikalizmi Rusiya qədər təhlükəlidir və Əliyev hökuməti vətəndaş cəmiyyətini qorumaqla bu təhlükəni sovuşdura bilər.

XS
SM
MD
LG