Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:26

«Sərhədsiz Reportyorlar»: Azərbaycanda rejim azsaylı müstəqil səsləri susdurmaqdadır


Foto: Arxiv
Foto: Arxiv

-

«2014-cü ildə bütün dünyada mətbuat azadlığının durumu pisləşib. Müharibələr, qeyri-hökumət qüvvələri tərəfindən artan təhlükə, nümayişlər zamanı zorakılıq və iqtisadi böhran fonunda media azadlığı beş qitənin hər birində getdikcə azalmaqdadır».

«Sərhədsiz Reportyorlar» təşkilatı «Dünyada Mətbuat Azadlığı İndeksi» adlı növbəti hesabatını açıqlayıb.

Reytinq cədvəli 180 ölkəni əhatə edir.

Azərbaycan bu indeksdə 180 ölkə arasında ən sonuncu yerlərdən birində - 162-ci yerdədir. Bu isə ölkədə bu sahədə vəziyyətin hətta ötən illə müqayisədə daha da pisləşdiyini göstərir. Ötən ilki reytinq cədvəlində Azərbaycan 160-cı idi.

Cədvəlin top üçlüyünü Skandinaviya ölkələri tutur. Artıq beşinci ildir ki, media azadlığının ən yaxşı durumuna görə Finlandiya siyahıya liderlik edir. Daha sonrakı yerlərdə Norveç və Danimarka gəlir. Ən pis göstərici Türkmənistan, Şimali Koreya və Eritreyadadır. Fransa cədvəldə 38-ci (ötən ildən bir pillə irəli), Birləşmiş Ştatlar 49-cu (ötən ildən üç pillə aşağı), Rusiya 152 (ötən ildən dörd pillə aşağı), İran 173 (dəyişiklik yoxdur) və Çin 176-cı (ötən ildən bir pillə aşağı) yerdədir.

YA SUS, YA ÖLKƏNİ TƏRK ET, YA DA SAXTA İTTİHAMLARLA HƏBSƏ GET

Azərbaycan gürcü və erməni qonşularından da çox geridədir. Təşkilatın reytinqinə görə, 180 ölkə arasında Gürcüstan 69, Ermənistan 78-ci sıradadır.

İndeksdə Azərbaycanda 2014-cü ilin çox pis bir il olduğu vurğulanır. Bildirilir ki, Azərbaycan vəziyyətin ən çox pisləşdiyi ölkələrdən biridir:

«Rejim sayca çox az qalan müstəqil səsləri susdurmaqda davam edir. Tanınmış jurnalistlər və bloqqerlərə də insan hüquqları müdafiəçiləri qarşısında qoyulan seçim verilir – sus, ölkəni tərk et ya da saxta ittihamlarla həbsə get».

«Dünyada Mətbuat Azadlığı İndeksi»
«Dünyada Mətbuat Azadlığı İndeksi»

GÜRCÜSTAN İSLAHATLARIN BƏHRƏSİNİ GÖRÜR

Gürcüstanla bağlı təşkilat o fikirdədir ki, 2012 və 2013-cü il seçki iğtişaşlarından sonra ölkədə həyata keçirilən islahatların bəhrəsi görünməkdədir. Mediada da müsbətə doğru irəliləyiş var, baxmayaraq ki, hələ də tam müstəqillikdən danışmaq olmur.

Rusiya ilə bağlı göstərilir ki, bu ölkədə aparıcı telekanallar propaqanda ilə məşğul olmaqda davam etdiyi bir vaxtda Ukrayna böhranı da müstəqil KİV-ə basqının artmasına səbəb olub. Bu ölkədə müstəqil xəbər agentlikləri ya qapadılır, ya da nəzarət altına götürülür.

TÜRKİYƏDƏ DƏ VƏZİYYƏT PİSLƏŞİB

Türkiyənin ötən illə müqayisədə 5 pillə irəliləməsi, 149-cu yerdə qərar tutmasına səbəb kimi son bir il ərzində 40 jurnalistin şərti azadlığa buraxılması göstərilir. Amma o da qeyd olunur ki, bu jurnalistlərə qarşı cinayət işləri hələ də açıq qalır və onlar istənilən an yenidən həbs oluna bilərlər. Ümumilikdə isə, senzura, tənqidi jurnalistlərin işdən qovulması, cinayət işləri – bütün bunlar bu ölkədə media azadlığının vəziyyətinin daha da pisləşməsindən xəbər verir.

Sənəddə o da qeyd olunur ki, 2014-cü ildə 180 ölkədə 3 min 700-dən çox informasiya azadlığı pozuntusu qeydə alınıb. Bu, əvvəlki ildən 8 faiz çoxdur.

Azərbaycan ötən il «Sərhədsiz Reportyorlar»ın sözügedən reytinqində 160-cı idi.

Azərbaycan hakimiyyəti təşkilatın hesabatlarını qərəzli adlandırır, ölkədə mətbuat azadlığı daxil olmaqla, bütün təməl insan haqlarının təmin olunduğunu bildirir.

XS
SM
MD
LG