Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:17

«Elmar Hüseynov ölümü ilə bizi qorudu»


Arxiv fotosu: Jurnalistlər Elmar Hüseynovun qəbri üstündə
Arxiv fotosu: Jurnalistlər Elmar Hüseynovun qəbri üstündə

-

"Elmarın ölümündən sonra hakimiyyət jurnalistləri öldürmək yox, ələ almaq yolu tutub".

İyulun 17-də «Monitor» jurnalının 2005-ci il martın 2-də qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun doğum günüdür, onun 48 yaşı tamam olur.

Jurnalistin ailə üzvləri, həmkarları, ictimai və siyasi xadimlər, ziyalılar Elmarın ad günündə onun qəbri başında toplanıb.

ELMARIN DAVAMÇILARI

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, Azərbaycan Elmar Hüseynovun arzuladığı media azadlığı olan açıq cəmiyyəti quracaq:

«Bir neçə gün sonra ölkə mətbuatının 140 illiyi tamam olur. Həsən bəy Zərdabinin 140 il əvvəl qoyduğu azad mətbuat irsi bu gün Elmarın məzarından keçir. Elmarın yaradıcılığı müasir Azərbaycan jurnalistikası və cəmiyyəti üçün böyük əhəmiyyət kəsb edir. Elmar Hüseynov Həsən bəy Zərdabi, Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Nəcəf Nəcəfov kimi simaların yolunu davam etdirib. Onun yaradıcılığı bizim üçün kifayət qədər böyük əhəmiyyət kəsb edir. Bu yol bu gün də davam edir. Onun davamçıları çoxdur, 9 jurnalist, 5 nəfər sosial şəbəkə fəalı həbsdədir».

HAKİMİYYƏTİN QURBANI

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər isə bildirib ki, E.Hüseynov rejimin qurbanıdır:

«Biz hər il deyirik ki, Elmar Hüseynov bu hakimiyyətin qurbanıdır, Əliyev rejiminin, İlham Əliyevin qurbanıdır. İlham Əliyev on il əvvəl vəd etmişdi ki, bir həftədə qətlin üstü açılacaq. Ancaq günlər aylara, illərə çevrildi.

Elmarın dünyaya gəlməyi Azərbaycan xalqının potensialından, xalqımızın gücündən xəbər verir.

Bu məsələyə hələ də nöqtə qoyulmayıb. Bu həqiqətləri biz hər il söyləyəcəyik. Həqiqət gerçəkləşənə, tam hüquqi qiymətini alana qədər söyləyəcəyik».

Elmar Hüseynovun qəbri başında - 17 iyul 2015
Elmar Hüseynovun qəbri başında - 17 iyul 2015

İ.Qəmbər onu da deyib ki, E.Hüseynovun ad günü fərqli şəkildə qeyd olunmalıdır:

«Elmarın dünyaya gəlməyi Azərbaycan xalqının potensialından, xalqımızın gücündən xəbər verir. Biz iyulun 17-ni bayram kimi qeyd etməyi bacarmalıyıq».

«HƏQİQƏTİ YAZAN 8 JURNALİST BELƏ YOXDUR»

«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib ki, bu gün Azərbaycanda media azadlığının qələbəsi haqqında danışmaq mümkün deyil:

«Elmarın qətlindən keçən on il ərzində mətbuatımız bəlkə yüz il geri gedib. Hazırda ölkədə həqiqəti yazan 8 jurnalist belə yoxdur. Ancaq 800 jurnalist fəxri ad almaq üçün müraciət edib. Ölkə mediası bu dərəcədə zəifləyibsə, 8 nəfərin həqiqəti yazmaq cəsarəti yoxdursa, ölkədə mətbuat azadlığından danışmağa dəyməz. Ancaq azad söz uğrunda mübarizə davam etməlidir. Biz itirilmiş mövqeləri bərpa edəcəyik».

Elmar ölümü ilə də bizi qoruyur.

Müstəqil jurnalist Çingiz Sultansoy bildirib ki, Elmarın dərc etdirdiyi nəşrlər Azərbaycan jurnalistikasının cəsarət plankası idi:

Elmar Hüseynovun qəbri başında - 17 iyul 2015
Elmar Hüseynovun qəbri başında - 17 iyul 2015

«Elmarın ölümündən sonra hakimiyyət jurnalistləri öldürmək yox, ələ almaq yolu tutub. Bu, o deməkdir ki, Elmar ölümü ilə də bizi qoruyur. Ümid edirəm ki, yaxın gələcəkdə qatillər cəzalandırılacaq. Bizim hakimiyyət qətlin üstünün açılmasında maraqlı deyil».

«İSTİNTAQ TEYMURAZ ƏLİYEVİN YERİNİ BİLİR»

Sultansoy həmçinin 2006-cı ilin payızında bir qrup Azərbaycan jurnalistinin Tbilisidə Elmarın qətlində günahlandırılan Teymuraz Əliyevlə görüşdüyünü xatırladıb. O, Əliyevlə görüşən jurnalistlərin arasında olub. Sultansoy deyir ki, bundan sonra Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb və onlara şəxsin Teymuraz Əliyev olmadığı bildirilib. «Lakin Teymuraz Əliyevi tanıyan mərhum vəkil İsaxan Aşurov görüşdüyümüz şəxsin Teymuraz Əliyev olduğunu təsdiq etdi. Bu, ondan xəbər verir ki, istintaq Teymuraz Əliyevin yaşadığı yeri bilir, lakin onu istintaqa cəlb etməyi lazım bilmir», - jurnalist qeyd edib.

Elmar Hüseynovun qətlindən az sonra ölkəyə ABŞ və Türkiyə xüsusi xidmət orqanlarından mütəxəssislər dəvət olunub. İstintaq Tahir Xubanovla Teymuraz Əliyevin qətli törətdiyini və onların Gürcüstanda gizləndiklərini açıqlayıb. Amma həmin şəxslər bu günədək həbs olunmayıblar.

XS
SM
MD
LG