Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:43

Tsikhanouskaya: ‘Allah heç kəsi...’


Svyatlana Tsikhanouskaya
Svyatlana Tsikhanouskaya

Tut.by xəbər vebsaytı avqustun 11-də Tsikhanouskaya-nın videomüraciətini yayıb. O, Belarusu tərk etmək qərarını özü verdiyini deyir.

“Çox çətin bir qərar verdim. Bu qərarı özüm vermişəm. Nə dostlarım, nə qohumlar, nə seçki qərargahım, nə Syarhey (Tsikhanouskaya-nın həyat yoldaşı) buna hansısa yolla təsir edib. Bilirəm ki, çoxları məni anlayacaq, çoxları mühakimə edəcək və çoxları nifrət edəcək. Ancaq bilirsiniz, Allah heç kəsi üzləşdiyim dilemma ilə qarşı-qarşıya qoymasın”, – o deyib.

Avqustun 11-də Rusiyanın MBKhMedia orqanının Telegram kanalı və Belarusun hökumətyönlü Zhyoltyte Slivy Telegram kanalında Tsikhanouskaya belarusluları “yaxşı düşünməyə”, “hüquqa sayqı göstərməyə” çağırıb.

“Qan və zorakılıq istəmirəm. Sizdən xahiş edirəm ki, polisə müqavimət göstərməyin, meydanlara çıxaraq həyatınızı təhlükəyə atmayın. Özünüzün və sevdiklərinizi qayğısına qalın”, – Tsikhanouskaya 37 saniyəlik videoda deyir.

Minsk, 11 avqust, 2020-ci il
Minsk, 11 avqust, 2020-ci il

Bu videoların nə vaxt və harada yazıldığı bəlli deyil. Ancaq ikinci videoklipin mətnini Belarusun BelTa dövlət xəbər agentliyi dərc edib.

Tut.by vebsaytının yaydığı videoda Tsikhanouskaya xaricən sarsılmış görünür. Videonun avqustun 10-da Belarusda, yoxsa o Litvaya gedəndən sonra çəkildiyi bilinmir.

Onun müttəfiqi Maryya Kalesnikava avqustun 11-də deyib ki, videomüraciət təzyiq altında yazılıb, Tsikhanouskaya Minskdə Mərkəzi Seçki Komissiyasının qərargahında rəsmi nəticələrdən şikayət verməyə çalışanda orada “yüksək çinli hüquq-mühafizə əməkdaşları” tərəfindən üç saat vəkilsiz saxlanıb.

“Svyatlana orada olanda bizimlə kontaktı yox idi. Son video həmin üç saatın nəticəsidir”, – Kalesnikava deyib.

Tsikhanouskaya seçki yarışına populyar vloqqer, müxalifətdən potensial namizəd olacaq ərinin həbsindən sonra qoşulub. O, dünən özünü seçkinin qalibi hesab etdiyini deyirdi.

“Hakimiyyət bizə qulaq asmır. Hakimiyyəti təhvil verməyin dinc yolları haqda düşünməlidirlər. Əlbəttə, biz nəticələri tanımırıq”, – o, avqustun 10-da deyirdi.

***

Tsikhanouskaya-nı ölkədən Belarus hakimiyyəti ‘çıxarıb’

Belarus müxalifətinin bu günə elan etdiyi tətil yerli vaxtla səhər 11-də başlanmalıdır.

Müxalifətçilər həmçinin ölkə boyunca etirazlara, axşam saat 6-da isə Minskdə kütləvi nümayişə çağırıblar.

Minsk, 10 avqust, 2020-ci il
Minsk, 10 avqust, 2020-ci il

Belarusun İstintaq Komitəsi avqustun 11-də vətəndaşlara xəbərdarlıq edib ki, “qanunsuz hərəkətlər” cavabsız qalmayacaq.

“İstintaq Komitəsi bir daha vətəndaşlara müraciət edir. İğtişaş təşkilatçılarının provokasiyalarına uymayın. Hərəkətlərinizin nəticəsini düşünün, ehtiyatlı olun. Sizə xatırladırıq ki, belə qanunsuz hərəkətlər cinayət məsuliyyətinə aparır”, – bəyanatda deyilir.

Tsikhanouskaya-nın sözçüsü Volha Kavalkova avqustun 11-də deyib ki, onu ölkədən Belarus hakimiyyəti çıxarıb.

“Svyatlana-nın seçimi qalmamışdı. Onun azad və salamat olması vacibdir. O, qərargah rəhbəri Maryya Maroz ilə birlikdə gedib. Ancaq Svyatlana-nın komandasının bir hissəni burada girov qalmaqdadır”, – Kavalkova söyləyib.

Sözçü deyib ki, Tsikhanouskaya-nın seçki komandası avqustun 11-də “fövqəladə məsləhətləşmələr” aparacaq. Onun sözlərinə görə, hazırda komandanın iki əsas məqsədi var – Belarus xalqının seçimini müdafiə etmək və zorakılıq və qan axıdılmasını dayandırmaq.

“Vəziyyət kritikdir. Bizim üçün necə çətin olmasından asılı olmayaraq, zorakılıqdan çəkinməliyik. Qələbəmizi hüquqi, qeyri-zorakı yollarla müdafiə etməliyik. Demokratik qüvvələri və dəyişiklik tərəfdarlarını birləşməyə çağırırıq”, – o vurğulayıb.

***

Tsikhanouskaya Litvadadır

Belarusda prezidentliyə müxalifətin namizədi Svyatlana Tsikhanouskaya Litvaya gedib. Bu haqda Litvanın Xarici işlər naziri Linas Linkevicius avqustun 11-də tvitində yazıb.

Bu məlumat Belarusda mübahisəli 9 avqust prezident seçkisinin nəticələrinə etirazların ikinci gecəsindən sonra yayılıb. Etirazlarda azı bir nəfərin öldürüldüyü xəbər verilir.

Belarusun Mərkəzi Seçki Komissiyası (MSK) prezident Alyaksandr Lukashenka-nın 80 faiz səslə təkrar bu posta seçildiyini elan edib. Tsikhanouskaya-nın isə səslərin 9.9 faizini yığdığı açıqlanıb.

Tsikhanouskaya avqustun 10-da seçki komissiyasının binasını tərk edəndən sonra seçki qərargahı onunla telefon əlaqəsi qura bilməmişdi. O, daha öncə jurnalistlərə demişdi ki, seçkini Lukashenka deyil, o qazanıb.

“O, Litvaya çatıb, salamatdır”, – Xarici işlər naziri Linas Linkevicius Twitter-dəki açıqlamasından sonra Fransanın “AFP” agentliyinə informasiyanı təsdiqləyib.

Vaxtilə Sovet İttifaqının tərkibində olmuş, hazırda AB və NATO üzvü Litva Belarus və Rusiyadan müxalifətçilərə sığınacaq verməsilə ad çıxarıb.

Belarusda nümayişçilər artıq 23 ildir ki, ölkəyə rəhbərlik edən prezident Alyaksandr Lukashenka-nı qalib elan etmiş seçkinin nəticələrinə etiraz edirlər.

AzadlıqRadiosunun Belarus xidməti Daxili İşlər Nazirliyinin məlumatına istinadən bildirir ki, sözügedən etirazçı polisə atmaq istədiyi partlayıcının onun öz əlində partlaması nəticəsində həlak olub. Bu hadisə iğtişaş polisi Minskin mərkəzi meydanına yığışanları dağıtmaq istəyərkən baş verib.

Bəzi xəbərlərə görə polis adamlara atəş açıb və etirazçının ölümü də bu qarşıdurmada baş verib.

AzadlıqRadiosu-nun Belarus xidməti hadisə zamanı ərazidə minlərlə etirazçının olduğunu xəbər verir. Nəqliyyatın hərəkəti qismən dayanıb, bəzi etirazçılar barrikadalar qurmağa çalışıblar.

Polisin etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etdiyi bildirilir.

Yerli media digər şəhərlərdə də toqquşmaların baş verdiyini xəbər verir.

Daxili İşlər Nazirliyi 3 min nəfərin saxlandığını bildirir.

Tsikhanouskaya-nın tərəfdarları avqustun 11-də daha bir nümayiş keçirəcəklərini bildiriblər. Müxalifət ümumölkə tətilinə çağırıb.

XS
SM
MD
LG