Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:28

Savaşdan canını qurtarmaq istəyən 3 kişi Avropada sığınacaq axtarır


Latviya sərhəd xidməti ötən il 13 min 863 nəfərin Rusiya və Belarusdan qanunsuz yolla Latviya sərhədini keçməyə çalışdığını bildirib.
Latviya sərhəd xidməti ötən il 13 min 863 nəfərin Rusiya və Belarusdan qanunsuz yolla Latviya sərhədini keçməyə çalışdığını bildirib.

Rusiya vətəndaşları və Rusiya pasportu alan ortaasiyalıların çoxu Ukraynadakı döyüşlərə cəlb olunmaqdan yayınmaq üçün Rusiyadan qaçmağa çalışır. Bu halda Avropa İttifaqı ölkələrinə gedərək sığınacaq istəmək çox halda ən yaxşı seçim olur.

Onlar sərhədi qanunsuz keçərək hökumət nümayəndələrinə təslim olur, humanitar vizaya müraciət edir və adətən gözləmə müddətində xüsusi düşərgələrə, bəzənsə hətta həbsxanalara göndərilirlər. Bütün bu müddətdə onlar müraciətlərinin qəbul olunacağına ümid bəsləyirlər.

AzadlıqRadiosunun Praqadakı müxbiri Baktıqul Çınıbayev "Sistema" araşdırma layihəsinin əməkdaşı Valeri Panyuşkinin Riqadan hazırladığı materiala dayanaraq məqalə yazıb. Həmin məqalədə belə insanların üçü barədə söhbət gedir. Onlar güvənli yer axtarışında Latviya və Estoniyaya gəliblər.

Həm sığınacaq, həm də həbsxana

Latviyanın paytaxtı Riqanın mərkəzindəki sıx meşənin içərisində miqrant və qaçqınlar üçün Mutsenieki mərkəzi iki hissəyə - sığınacaq üçün müraciət edənlərin yerləşdirildiyi yataqxanaya və 5 metrlik metal hasarla əhatə olunmuş həbsxanaya çevrilib.

Tacikistandan olan Said adlı miqrant qaçqın düşərgəsinə köçürülməzdən öncə altı ay Mutsenieki həbsxanasında qalıb. O, həbsxana ilə yataqxana arasındakı əsas fərqin qidanın keyfiyyətində olduğunu, həbsxananın yeməyinin daha yaxşı olduğunu deyir.

Latviyada Mutsenieki mərkəzi
Latviyada Mutsenieki mərkəzi

Said (güvənlik məqsədilə ad dəyişdirilib) bir zamanlar "Qrup 24" adlı müxalifət hərəkatının üzvü olub. Bu hərəkat azad və ədalətli seçkilərin mövcud olmadığı, korrupsiyanın tüğyan etdiyi Tacikistanda azadlıq və demokratiya tələb edir.

2014-cü ildə "Qrup 24" yasaqlanıb və növbəti il onun lideri Umarali Kuvvatov İstanbulda qətlə yetirilib. Daha öncə Tacikistan rəsmiləri dəfələrlə onun ekstradisiya olunmasına cəhd göstəribmiş.

Tacikistanın özündə isə "Qrup 24"ün çox sayda fəalı tutulub və uzunmüddətli həbs cəzasına məhkum edilib.

Üç ay Rusiya həbsxanasında qaldıqdan sonra…

Öz güvənliyindən ötrü təlaşlanan Said Moskvaya qaçaraq özünə kuryer işi tapıb. Ancaq tezliklə onu da həbs ediblər. Hökumət onun Tacikistana təhvil verilməsi prosesinə başlayıb.

Ancaq insan haqları qurumları müdaxilə edərək onun buraxılmasına nail olub. Üç ay Rusiya həbsxanasında qaldıqdan sonra orduya cəlb edilib, Ukraynaya göndərilə biləcəyindən qorxan Said Avropa İttifaqına qaçmaq qərarına gəlib. Daha sonra o, Putinin səfərbərliyindən qaçan digər insanlarla birlikdə Belarusdan keçərək Latviyaya çatıb.

Said Orta Asiyadakı müxalif fəallığını, Rusiyada həbs olunmasını və mümkün hərbi xidmətdən yayınmasını azadlıq, insan haqlarına sədaqətinin sübutu sayır və başına gələnlərin onun Aİ-dən sığınacaq almasına haqq qazandırdığına inanır.

Di gəl, Latviyada qaçqınlar üzrə ixtisaslaşan vəkil onun məhbus keçmişinin Latviya güvənlik əməkdaşlarını şübhələndirdiyini deyir.

"Həbsxanada insan həssas durumda olur və asanlıqla əməkdaşlığa cəlb edilə, Avropa İttifaqında Rusiya xüsusi xidmətlərinin tapşırıqlarını yerinə yetirmək şərti ilə həbsdən buraxıla bilər", - həmin vəkil anonimlik şərti ilə söyləyib.

Latviya sərhəd xidməti ötən il 13 min 863 nəfərin Rusiya və Belarusdan qanunsuz yolla Latviya sərhədini keçməyə çalışdığını bildirib. Bunlardan yalnız 428 nəfərə humanitar əsaslarla sığınacaq verilib. Qurum bu il 126 nəfərin sərhədi qanunsuz keçməyə cəhd göstərdiyini bildirib.

Qazaxıstanda doğulmuş Rusiya vətəndaşı Azamat Tyuzulbayevin işi Saidinkindən daha ağrılıdır. Saiddən fərqli olaraq, Tyuzulbayev öz kimliyini gizlətmir və davranışından qürur duyur.

2022-ci ildə Tyuzulbayev Rusiya həbsxanasında olanda "Vaqner" muzdlu hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin onun olduğu Zlatoust həbs koloniyasına gəlib. Onun sözlərinə görə, təxminən 300 məhbusdan 138-i muzdlu döyüşçü qrupuna qoşulub. Ancaq Tyuzulbayev imtina edib. Nəticədə onu altı aylığına cəza təcrid kamerasına salıblar. Ötən ilin mayında azad ediləndə də Rusiya polisi onu Ukraynada döyüşmək üçün "Ştorm Z" qrupuna qoşulmağa məcbur etməyə çalışıb. Ancaq Tyuzulbayev bunun əvəzində doğulduğu Kurqan vilayətinə gedib.

Tyuzulbayev tanınmış media adamına çevrilib

O, Qazaxıstanda müharibə əleyhinə bir neçə video çəkib. Onlardan biri TikTok-da 130 min "layk" toplayıb. BASE adlı mətbuat qurumuna müsahibə verən Tyuzulbayev müharibə əleyhinə tanınmış media fiquruna çevrilib.

Qazaxıstan hökumətinin onu saxlayaraq Rusiyaya təhvil verəcəyindən çəkinən 38 yaşlı Tyuzulbayev Avropaya qaçmaq qərarına gəlib. O, Qazaxıstan-Rusiya sərhədini qanunsuz keçərək (Tyuzulbayev dəfələrlə Rusiyadakı səfərbərlikdən qaçanları Qazaxıstana keçirdiyini və bu zaman da sərhədi qanunsuz keçdiyini bildirib), Leninqrad regionuna gedib və Narva çayını üzərək Estoniyaya keçib. Estoniya sahilinə çatdıqdan sonra avtostopla Tallinə gələrək dövlət qurumlarına təslim olub və Estoniyada yarım illik həbsə atılıb.

Yaşı 40-ı haqlamış İbrahimsə 2014-cü ildə Rusiyanın Qafqaz regionunun bir şəhərində sistem administratoru çalışırmış. Günün birində kompüteri təmir edərkən, oğurlanmalı olan insanların siyahısını görüb. O bu siyahını endirərək potensial qurbanları xəbərdar etmək qərarına gəlib. Onun sözlərinə görə, növbəti gün adı siyahıda olanlardan biri rayon rəsmilərinə "bir yaxşı" adamın onu oğurlayacaqları barədə xəbərdar etdiyini bildirib. İbrahim kimliyinin üzə çıxacağından qorxaraq, Polşaya qaçıb. O, Belarus-Polşa sərhədini neçə keçdiyini gizlədir; onu keçirən bələdçini ələ vermək istəmədiyini deyir.

Aİ daxilində hərəkət işi çətinləşdirir?

İbrahim Polşadan Fransaya köçüb. Adının çəkilməsini istəməyən bir latviyalı vəkil "Sistema"ya bunun yanlış olduğunu söyləyib. O, miqrantların həmişə gəldikləri ilk Avropa ölkəsində sığınacaq üçün müraciət etməli olduğunu, Aİ daxilində hərəkət etmənin işi çətinləşdirdiyini deyib.

2021-ci ildə Fransadan Rusiyaya deportasiya olunan İbrahim oradan Türkiyəyə qaçıb. Bir il sonra Gürcüstana göndərilib, oradan da Latviyaya qaçıb.

İbrahimin hələ də ölkədən ekstradisiya olunmamasının əsas səbəbi vəkilinin çox təcrübəli olmasıdır.

Azamatın isə bəxti onun qədər gətirməyib. Onun vəkili məhkəməyə çox nadir hallarda gəlir, yalnız estonca danışır və onunla danışmadan məhkəməni tərk edirmiş. Azamatın ekstradisiyası haqda hökm çıxarılıb. "Sistema" onunla əlaqə yaratmağa çalışsa da, hələ tapa bilməyib.

Saidin isə bəxti daha çox gətirib. O, altı aylığına həbs olunsa da, sonradan azad edilib və miqrasiya mərkəzi açıb. İyulun əvvəlində o, hələ də sığınacaq müraciətinin cavabını gözləyirdi.

XS
SM
MD
LG