Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:27

Kalesnikava Vaslav Havel mükafatı aldı


Tatyana Xomiç Mariya Kalesnikavanın portreti ilə
Tatyana Xomiç Mariya Kalesnikavanın portreti ilə

Sentyabrın 6-da Kalesnikava başqa bir müxalifətçi Maksim Znakla birlikdə uyğun olaraq 11 və 10 illik həbsə məhkum ediliblər

Belarusda həbsdə olan müxalifətçi Mariya Kalesnikava insan haqlarının müdafiəsi üçün “əhəmiyyətli” işinə görə Avropa Şurası Parlament Assablyenasının Vaslav Havel İnsan Haqları Mükafatına layiq görülüb. Hazırda Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka ölkədə demokratiya uğrunda mübarizə aparan fəallara və qruplara divan tutmaqdadır.

Sentyabrın 27-də AŞPA Prezidenti Rik Daems mükafatı xüsusi mərasimdə Mariyanın bacısı Tatyana Xomiçə təqdim edib. Bu gün Strasburqda AŞPA-nın plenar iclası başlayıb.

“O, əsl cəsarət göstərib”

“Dinc və legitim etiraza qarşı güc və qəddarlığı seçən rejimə qarşı dayanmaqla Kalesnikava göstərdi ki, özündən daha böyük iş uğrunda təhlükəsizliyini riskə atmağa hazırdır – o, əsl cəsarət göstərib”, – Daems deyib.

Sentyabrın 6-da Kalesnikava başqa bir müxalifətçi Maksim Znakla birlikdə uyğun olaraq 11 və 10 illik həbsə məhkum ediliblər. Onlar hakimiyyəti ələ keçirməkdən ötrü əlbirlikdə, milli təhlükəsizliyə ziyan vuracaq, ekstremist qrup yaratmaqla milli təhlükəsizliyə ziyan vuracaq hərəkətlərə çağırmaqda təqsirli biliniblər. Hər ikisi ittihamları rədd edib.

39 yaşlı Kalesnikava seçki marafonundan uzaqlaşdırılan, “Belgazprombank”ın keçmiş başçısı Viktor Babarikanın seçki kampaniyasının koordinatoru olub. Babarika seçkidən bir neçə həftə öncə həbs olunanda Kalesnikava prezidentliyə daha bir namizəd Svetlana Tixanovskayaya qoşulub. Müxalifət məhz Tixanovskayanın 9 avqust seçkisinin qalibi olduğunu deyir.

Azadlıq tələb edirlər

Kalesnikava sonradan müxalifətin Koordinasiya Şurasının üzvü olur, Lukaşenkanın istefası tələbilə keçirilən etirazların tanınmış liderinə çevrilir.

Qərb Lukaşenkanı tanımayıb.

Kalesnikava ötən il sentyabrın 27-də iki həmkarıyla birlikdə Minskdə oğurlanıb, ertəsi gün Ukrayna ilə sərhədə aparılaraq onların həmin ölkəyə keçməsini istəyiblər. Məlumatlara görə, təhlükəsizlik əməkdaşları Kalesnikavanı deportasiya edə bilməyiblər, çünki pasportunu cırıb . İki həmkarı isə etibarlı pasportları olmadığı halda Ukraynaya göndəriliblər.

Belarusda yerləşən 10-dan artıq insan haqları təşkilatı Kalesnikavanı və iki həmkarını siyasi məhbus elan edərək dərhal azadlığa buraxılmalarını tələb ediblər.

ABŞ Dövlət katibi Entoni Blinken onun mühakimə olunmasını “saxta” ittihamlarla “siyasi motivli məhkumluq və utancverici hökm” adlandırıb.

XS
SM
MD
LG