Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:05

N.Əhmədov: 'Nə terror var, nə də maliyyələşdirmə'


N.Əhmədov
N.Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun həbs müddəti daha 5 ay – aprelin 23-nə qədər uzadılıb. Noyabrın 19-da Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyev prokurorluğun təqdimatı əsasında buna qərar verib.

N.Əhmədovun ailə üzvlərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, onun həm özü, həm də vəkili həbs müddətinin uzadılmasına etiraz edib.

"Prokurorluq təqdimatını belə əsaslandırır ki, istintaq hərəkətləri başa çatmayıb. Hələ dindiriləsi adamlar, axtarışda olanlar var. Bu, adamın həbsdə saxlanması üçün əsas ola bilməz. Həbs-qətimkan tədbirini dəyiş, istintaq yenə davam eləsin. Həbsdə saxlama üçün qanuni əsaslar tamam başqadır", – N.Əhmədovun yaxınları belə deyir.

AXCP fəalı məhkəmədə bildirib ki, həm Ə.Kərimlinin mühafizəsinə qoşulduğuna, həm də Milli Şuranın 2019-cu il oktyabrın 19-da keçirdiyi aksiyada son ana qədər partiya sədrinin qoluna girərək onu tək buraxmadığına görə cəzalandırılır: "Mənim həbsimin yeganə səbəbi budur. Terror maliyyələşdirmə boş söhbətdir. Nə terror var, nə də maliyyələşdirmə. Sadəcə, məni cəzalandırmaq üçün düzülüb-qoşulub. Heç bir günahım olmadan 8 aydır ki, həbsdəyəm. Bu 8 ayda ata-anamla telefonla da danışmağa imkan verilmir. Çünki siyasi sifariş var".

Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.

Xatırlatma

Niyaməddin Əhmədov CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham olunur. O, Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. Prokurorluq iddia edir ki, Q.Məmmədov Azərbaycanda terror törətmək istəyib, bu məqsədlə N.Əhmədova pul göndərib.

CM-in 214-1 maddəsində 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AXCP də bu ittihamın absurd olduğunu bəyan edib, N.Əhmədovun həbsini isə partiyaya və Ə.Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.

XS
SM
MD
LG